07 aprel 2020 17:03
1445

Deputat: Prezident onları da bəladan qorudu

İndiyədək 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib

Əminliklə demək olar ki, Azərbaycan dünyanı cənginə almış koronavirusla bağlı bütün lazımi tədbirləri həyata keçirməkdədir. Bu prosesdə xaricdə yaşayan və sərhədlərimizdən kənarda olan vətəndaşlarımız da diqqət mərkəzindədirlər. Belə ki,  bu qəbildən olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində operativ addımlar atılıb. Daha doğrusu, Prezident İlham Əliyevin bu məsələni diqqətdə saxlamasının nəticəsində indiyədək 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib və onların böyük əksəriyyəti karantinə yerləşdiriliblər. Hazırda karantində qalan vətəndaşların sayı 4500-dür. Onlar 4-5 ulduzlu otellərdə saxlanılır. O cümlədən mindən çox insan “Atletlər kəndi”ndə müayinə olunur.

Yeri gəlmişkən, qeyd edək ki, koronavirus pandemiyası həm də dünya ölkələri liderlərinin bütün imkanlarını, güclü və zəif tərəflərini  üzə çıxardı. Bu mənada Prezident İlham Əliyev öz qətiyyətli iradəsi ilə belə bir addım atmaqla bu kimi proseslərdə çevik qərarlar qəbul etmək bacarığını bir daha nümayiş etdirdi. Unutmayaq ki, bu cür riskli durum dünya ölkələri və liderləri üçün bir sınaq olur. Hər bir liderin potensialı və bacarığı məhz belə çətin və gözlənilməz anlarda üzə çıxır.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu ağır günlərdə  dövlətimizin xaricdə yaşayan və sərhədlərimizdən kənarda olan Azərbaycan vətəndaşlarının da talelərinə biganə qalmaması olduqca təqdirəlayiqdir: “Bununla da dövlətimiz hər zaman vətəndaşının yanında olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Şəxsən mən bunu “Hər şey vətəndaş və onun sağlamlığı üçündür” prinsipini əsas götürən ölkə başçısının ən yüksək humanist addımlarından biri kimi dəyərləndirəm. Yeri gəlmişkən, Prezident İlham Əliyevin belə bir kəlamı var: “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm.” Bu addımı ilə də cənab Prezident bunu bir daha sübut etdi”.

Yaradılan şəraitdə sahibkarların da önəmli rol oynadığını xatırladan müsahimiz, həmçinin bildirdi ki, Azərbaycan dövləti bu çətin situasiyada yenə də öz gücünü göstərdi: “Göstərdi ki, dövlətimizin əsas vəzifəsi vətəndaşının harada yaşamasından asılı olmayaraq, onları qorumaqdır, onların qayğısına qalmaqdır”.

Milli Məclisin deputatı, həmçinin vurğuladı ki, son günlərin koronavirus statistikası sübut edir ki, Azərbaycan dövləti tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər bu dəhşətli virusdan qorunmaq üçün əlverişli şəraiti təmin edib: “Bir neçə gün öncə isə Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı oldu ki, şübhəsiz, bu da koronavirusla mübarizəyə öz töhfəsini verəcək. Şəxsən mən bunu ölkəmizdə həyata keçirilmiş genişmiqyaslı iqtisadi islahatların məntiqi nəticəsi kimi dəyərləndirirəm Bir sözlə, dövlətimiz öz vətəndaşlarının sağlamlığı üçün mümkün tədbirləri həyata keçirib və keçirməkdə davam edir. Ümumiyyətlə, insanların sağlamlığının qorunması ölkəmizdə dövlət siyasətinin prioritetini təşkil edir. Koronavirusun dünyada  tüğyan etdiyi ilk gündən dövlət başçısının  göstərişi ilə həyata keçirilən tədbirlər, o cümlədən imzalanan  sənədlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilir”.

Milli Məclisin deputatı fikrini bu sözlərlə tamamladı: “Hər birimizin borcu dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməkdir. Cənab Prezidentimizin dediyi kimi, biz birlikdə güclüyük! Mən əminəm ki, əgər vətəndaşlarımız qaydalara məsuliyyətlə yanaşsalar,  bu problem ölkəmizdə böhran həddinə gəlib çatmayacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”