05 iyun 2020 13:35
1178

Deputat: Sosial şəbəkələrin məsuliyyətsizliyi real təhlükəyə çevrilib

Sosial şəbəkələrin xarakterik xüsusiyyətləri və bütün müsbət məqamları ilə yanaşı, təhlükəli meyilləri də var. Belə ki, sosial şəbəkələr bəzən cəmiyyətin rifahına deyil, zərərli informasiyaların yayılmasına, insanların şəxsi həyatlarına mənfi təsir etməyə, hətta hakimiyyət orqanlarına qarşı böhtanlar yağdırmağa meyil göstərirlər. Bəzən də dövlətlərə, xalqlara qarşı arzuolunmaz təqdimatlarla çıxışlar edirlər. Şübhəsiz, bütün bunlar sırf siyasi motivlidir və fikir plüralizminə ziddir. Bu mənada bəzən sosial şəbəkələr heç də informasiya cəmiyyətinin ali məqsədlərinə xidmət etmir. Əgər belə demək mümkündürsə, artıq sosial şəbəkələr cəmiyyəti sarsıda biləcək mikroblarla yüklənib. Elə bu kimi amilləri nəzərə alan ABŞ Prezidenti Donald Tramp mayın 28-də “Onlayn senzuradan müdafiə barədə” Fərman imzalayıb. Doğrudan da, bu gün sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi günün tələbidir. Yeri gəlmişkən, qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair Fərmanından sonra bu istiqamətdə ciddi müzakirələr aparılır.

Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva mövzu ilə əlaqədar “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, artıq sirr deyildir ki, son vaxtlar sosial şəbəkələr sözün həqiqi mənasında söyüş, qeyri-etik davranış, terrora, qarşıdurmaya çağırış platformasına çevrilib: “Terrorçu, ekstremist, radikal qruplar tərəfindən sosial media platformalarından təbliğat və təşviqat vasitəsi kimi kimi geniş istifadə olunması, dini, milli, irqi ayrı-seçkiliyə çağırışlar və digər təhdidlər birbaşa vətəndaşın, dövlətin və cəmiyyətin təhlükəsizliyinə qarşı yönəlib. Fikrimcə, elə bəzi ölkələrdə sabitliyin pozulması prosesləri də bu şəbəkələrdən idarə olunur. Bu isə o deməkdir ki, artıq sosial şəbəkələrin məsuliyyətsizliyi real bir təhlükəyə çevrilib. Məhz bu səbəblərdən də artıq beynəlxalq təşkilatlar və ölkələr səviyyəsində bu istiqamətdə işlər görülməkdədir. Bu isə o deməkdir ki, son illərdə sosial şəbəkələrin yaratdığı təhdidlərlə bağlı narahatlıqlarını dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ictimaiyyət nümayəndələri və elmi mərkəzləri də etiraf edirlər. Şübhəsiz, ABŞ Prezidenti Donald Tramp da elə bu durumu nəzərə alaraq belə bir addım atıb."

Müsahimiz daha sonra qeyd etdi ki, təəssüf ki, bu məsələ bəziləri tərəfindən söz azadlığına qarşı addım kimi qələmə verilir: “Axı nə üçün sosial şəbəkələrdəki terrorun və təhqirin qarşısının alınması söz azadlığının məhdudlaşdırılması kimi yozulmalıdır? Bir də belələri unutmasınlar ki, söz azadlığının da müəyyən tənzimlənməyə ehtiyacı vardır. Axı söz azadlığı heç də xaos demək deyil. Əks halda o, söz azğınlığına çevrilir. Bir sözlə, sosial şəbəkələrdə müəyyən məsələlərdə  tənzimlənmənin olması olduqca vacibdir. Tənzimlənmə olsa araqarışdıranlar, insanları təhrik edənlər, böhtanlar yağdıranlar qeybə çəkiləcəklər”.

“Belə məsuliyyətsiz çıxışlar, kampaniyalar ölkəmizə qarşı da təşkil olunur” sözləri ilə söhbətini davam etdirən Milli Məclisin deputatı vurğuladı ki, bunlara rəvac verənlər havadarlarının pul kisələrindən asılı olan anti-Azərbaycan dairələrdir: “Onlar sosial şəbəkələrdən, onlayn platformalardan istifadə edərək ölkəmizə qarşı qərəzli informasiyalar yayır, üstəlik, terror çağırışları edirlər. Ona görə də hər hansı bir formada sosial şəbəkələrdə olan bütün növ ictimai münasibətlərin qanunla tənzimlənməsi vacibdir.”

Qvami Məhəbbətoğlu,

“İki sahil”