KÖŞƏ

Nigar Orucova

Diasporumuz haqq səsimizi dünyaya çatdırır

27 oktyabr 2020 19:02
2812

Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatından sonra diaspor təşkilatlarımız daha da fəallaşıblar. Belə ki, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız həmrəylik nümayiş etdirərək Azərbaycanın haqq səsinə dəstək nümayiş etdirirlər. Diaspor təşkilatlarımız yaşadıqları ölkələrin hökumətləri ilə yanaşı, beynəlxalq təşkilatlara da etirazlarını çatdırıblar ki, təcavüzkar dövlətə qarşı beynəlxalq hüququn müddəaları tətbiq edilsin. Bu işdə milli mənlik şüurunu dərk etmək üçün bir neçə ideoloji əsas var ki, onların hazırlanıb həyata keçirilməsi mütləqdir.

Ermənistanın hərbi təxribatı zamanı ölkəmizə, xüsusən mülki əhaliyə və onların əmlakına dəyən ziyanın, uşaq, qoca və qadınların raket atəşinə tutulmasının beynəlxalq ictimaiyyətə çatdırılmasında diaspor təşkilatlarımız xüsusi fəallıq göstərib və hazırda da bu fəaliyyət davam etməkdədir. Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib. Müraciətdə deyilir ki,  erməni tərəfi yalnız hərbi deyil, ideoloji cəbhədə də məğlub olur: “Azərbaycanın mövqeyinin (atdığı addımların) qlobal səviyyədə düzgün anlaşılması və dəstəklənməsi Azərbaycan diasporunun aktiv fəaliyyəti nəticəsində baş verir. Bu, yalanları həqiqət kimi təqdim etməyə adət edən dünya erməni lobbisini və onların "tərifli" diasporunu həyəcanlandırmaya bilməz. Buna görə də bütün mövqelərdəki məğlubiyyətlər fonunda xaricdəki maraqlı erməni dairələrinin azərbaycanlılara qarşı müxtəlif təxribat fəndlərini həyata keçirməsi təəccüblü deyil. Bu qanunsuz aksiyaların məqsədi sonradan Azərbaycan tərəfini cinayət hərəkətlərində ittiham etmək üçün azərbaycanlıları müəyyən addımlara təhrik etməkdir. Sözügedən müstəvidə öz cinayətkar ideyalarının həyata keçirilməsinə üçüncü qüvvələri cəlb edə biləcək ermənilərin təxribatlarına uymamaq çox vacibdir". Bu çağırışdan sonra dünyanın ən müxtəlif ölkələrində  fəaliyyət göstərən diaspor təşkilatlarımız  birləşərək ortaya vahid mövqe qoyublar. Konkret olaraq İsrailin Petah-Tiqva şəhərindəki Azərbaycan diasporu Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı işğalçı, təcavüzkar və terrorçu siyasətinə etiraz əlaməti olaraq aksiya keçirib. Aksiya iştirakçıları yerli sakinlərin diqqətini Ermənistan ərazisindən Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin raket atəşinə tutulması nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasına, mülki obyektlərin dağıdılmasına cəlb edərək, bütün insani dəyərlərə zidd olan bu vəhşi, amansız terror aktlarını sərt şəkildə qınayıblar. Ermənistanın və erməni separatçılarının hərbi təxribatlarla Cenevrə Konvensiyasının tələblərini, fundamental insan hüquqlarını, azərbaycanlıların yaşamaq haqqını kobudcasına pozduğu, faşist mahiyyətli siyasət yürütdüyü nəzərə çatdırılıb. Aksiya iştirakçıları dünya birliyinə və beynəlxalq ictimaiyyətə ermənilərin barbar və vandalizm aktlarına laqeyd və səssiz qalmamağa çağırış ediblər. Eyni zamanda, Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin təşkilatçılığı ilə Azərbaycanın dinc əhalisinə qarşı Ermənistanın törətdiyi terror aktını qınamaq üçün Antalyada etiraz aksiyası və avtoyürüş təşkil edilib. İşğalçı Ermənistanın tərəfdaş olduğu beynəlxalq müqavilələri ciddi şəkildə pozduğu və dəfələrlə imzalanan atəşkəs rejiminə riayət etmədiyi nəzərə çatdırılıb. Aksiyada çıxış edən türkiyəli siyasətçilər də Azərbaycan-Türkiyə qardaşlığını vurğulayaraq hər zaman Azərbaycanın yanında olduqlarını qeyd ediblər.

Paralel olaraq Finlandiya Azərbaycanlılarının koordinatoru və Finlandiyada yaşayan azərbaycanlıların təşəbbüsü ilə paytaxt Helsinki şəhərində bu ölkə parlamentinin qarşısında, "Ermənistan dövlətinin mülki Azərbaycan əhalisinə təcavüzünə dur deyək" adlı dinc aksiya keçirilib. Əvvəlcə Finlandiyanın Baş naziri Sanna Marinə, hakim Sosial-Demokratik partiyanın parlament qrupunun rəhbərinə və üzvlərinə, Avropa məsələləri və Əmlakın İdarəetmə naziri Tytti Tuppurainenə, Finlandiya parlamentinin İsveç, Yaşıllar partiyalarının rəhbərləri və üzvlərinə, habelə ölkənin Xarici İşlər naziri Pekka Haavistoya müraciət-məktub oxunub. Məktubda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini və digər yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən mütəmadi olaraq atəşə tutması nəticəsində dinc əhali arasında baş vermiş ölüm, yaralanma halları və mülki obyektlərin dağıntılara məruz qalmasına dair kəskin etiraz bildirilib. Qeyd olunub ki, cari il sentyabrın 27-dən etibarən Ermənistan ordusu atəşkəs rejimini kobud şəkıldə növbəti dəfə pozub. Yaranmış vəziyyətdə Azərbaycan Ordusu öz torpaqlarında Ermənistanın işğalçı ordusu ilə müharibə etmək məcburiyyətində qalıb. Bundan sonra oktyabrın 10-da saat 12.00-dən etibarən elan edilən humanitar atəşkəs rejimini Ermənistan tərəfi kobud şəkildə pozaraq 11.10.2020 tarixində gecə saat 02.00-də Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 10 mülki şəxs həlak olub, 30-dan çox insan yaralanıb. Bu addımlarla Ermənistan 1949-cu il Cenevrə Konvensiyalarının, 1954-cü il Haaqa Konvensiyasının şərtlərini və beynəlxalq hüququn qəbul edilmiş ümumi normalarını kobud şəkıldə pozub.Sonda aksiya iştirakçıları Finlandiyada yaşayan azərbaycanlılar adından Finlandiya parlamentinə, ATƏT-in Finlandiya üzrə təmsılçisinə, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara səslənərək, Ermənistan dövlətinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi bu təcavüzü dayandırması, Ermənistanin işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsi üçün təzyiq göstərməyə çağırıblar.

Unutmayaq ki, erməni lobbiçiliyinin dünyada geniş yayıldığı, beynəlxalq təşkilatların Azərbaycana qarşı bir çox məsələlərdə ikili standartlarla yanaşdığı bir dövrdə ölkəmizi xaricdə təmsil etmək yalnız siyasətçilərin və diaspor təşkilatlarımızın işi deyil. Bu məsələdə gənclərin də üzərinə böyük yük düşür. Xüsusilə  sosial şəbəkələrdə, gənclərimiz Azərbaycan həqiqətlərinin təbliği işində də mühüm rol oynamalıdırlar.