01 iyun 2020 11:08
313

Donal Trampın sosial şəbəkələrlə bağlı imzaladığı sənəd qlobal çağırışlara adekvat cavabdır

ABŞ Prezidenti: Sosial media şirkətləri hazırda qalxana malikdirlər. Lakin bu Fərmandan sonra onların qalxanı olmayacaq.

ABŞ Prezidenti Donald Tramp mayın 28-də “Onlayn senzuradan müdafiə barədə” Fərman imzalayıb. Sənədə  əsasən, ölkədə olan sosial şəbəkələrin fəaliyyəti ilə bağlı mühüm addımlar atılmalıdır. Belə ki, D. Tramp 1996-cı ildə ABŞ-da qəbul edilmiş “Kommunikasiya Müdafiə Aktı”nın 230-cu paraqrafının ləğvi ilə bağlı qərar qəbul edib. Həmin paraqrafa görə, texnoloji şirkətlər öz sosial şəbəkələrində, platformalarında yayılan informasiyalarn məzmununa görə məsuliyyət daşımırdılar. ABŞ Prezidentinin məlum qərarından sonra isə artıq məsələ fərqli şəkildə qoyulur. Yəni  “Facebook”, “Twitter”, “YouTube” və digər sosial şəbəkələrdə yayılan dezinformasiyaya görə həmin platformalar birbaşa məsuliyyət daşıyacaqlar və məhkəmə qaydasında bu məsələyə baxılacaq. ABŞ Prezidenti Konqresdən də istəyib ki, sosial şəbəkələrlə bağlı qanunun 230-cu bəndinin ləğvinə razılıq versinlər.

D.Tramp,  həmçinin bildirib ki, ki, insanların söz azadlığı, hüquqlarının qorunması üçün bir sıra sosial şəbəkələrdə, xüsusilə “Twitter”,“Facebook”, “Instagram” və “YouTube” kimi platformalarda cavabdehlik azalıb. O, hətta “Twitter”in bağlana biləcəyi ilə bağlı açıqlama verib. ABŞ Prezidenti addımın “Amerika xalqının azad söz hüququnun qorunması və dəstəkləməsi” məqsədi daşıdığını deyib. O, mətbuat konfransında jurnalistlərə bildirib ki, “Sosial media şirkətləri hazırda qalxana malikdirlər. Lakin bu Fərmandan sonra onların qalxanı olmayacaq.”

Məhz bundan sonra  “Twitter”  Prezidentin son paylaşımını məhdudlaşdırıb. “Twıtter” ABŞ Prezidenti Donald Trampın Minneapolisdəki etirazlar və toqquşmalarla bağlı paylaşımını “zorakılığa və şiddətə çağırış” adı altında məhdudlaşdırıb. D.Tramp bu paylaşımda bildirib ki, ordu Minneapolis şəhərinə göndərilib və burada qarətlər və iğtişaşlar davam etsə ordu cavab verəcək. ABŞ Prezidenti yazdığı tviti bu sözlərlə bitirib: “Hər hansı çətinlik olsa, nəzarəti öz üzərimizə götürəcəyik, lakin talanlar başlayırsa, atəş də başlayacaq”. “Twıtter” bu paylaşımı zorakılıq və şiddətə çağırış kimi məhdudlaşdırıb. Bundan öncə Tramp “Twıtter”-i seçkilərdə saxtakarlıq etmək, Demokratlar Partiyasının tərəfini tutmaq, Çinə qarşı lazımi təbliğat aparmamaqda ittihamlandırıb.

Danılmaz faktdır ki, bu gün  sosial şəbəkələr sosial-iqtisadi və ictimai-siyasi həyatımızın bütün sferalarına nüfuz edən mühüm təsir vasitələrinə çevrilib. Bu da həqiqətdir ki, təhqir, söyüş, terrora, vətəndaş itaətsizliyinə, vətəndaş müharibəsinə çağırış, hakimiyyətlərin qeyri-qanuni yolla zəbt edilməsi, konstitusion quruluşların zorla devrilməsinə çağırış məkanına çevrilib. Sosial şəbəkələr həm də cəmiyyətin əxlaqi dəyərlərinə zərər vuran insanlar üçün müəyyən imkanlar açır.  Bütün bunlara görə isə heç kim məsuliyyət daşımır.

Təəssüf ki, bütün bunlar söz azadlığı pərdəsi altında həyata keçirilir. Əslində isə həqiqi azadlıq digər insanların maraqlarına toxunmamalıdır. Belə bir məşhur kəlam var: “ Mənim hüquqlarımın başladığı yerdə sənin azadlığın bitir.”  Filosof-mütəfəkkirlərə görə, burada özünüməhdudlaşdırma mühüm rol oynayır. Belə ki, ümumiyyətlə, azadlığın müasir sosial-fəlsəfi mənalandırılmasının çox mühüm xüsusiyyətini onun özünüməhdudlaşdırma ilə vəhdətinin artması təşkil edir. Təbii ki, cəmiyyət inkişaf edib təkmilləşdikcə, burada insan azadlıqlarının miqyası da genişlənir, onu həyata keçirməyin  formaları da zənginləşir. Bununla əlaqədar olaraq azadlığın yol verilən hüdudları və özünüməhdudlaşdırma problemi xüsusi aktuallıq kəsb edir. Bu gün ictimai həyatda baş verən dəyişikliklər, genişlənməkdə olan demokratiya, insanların fəallığının yüksəlməsi məhz özünüməhdudlaşdırmanın yeni mahiyyətini şərtləndirir. Azadlıq insanların, cəmiyyət üzvlərinin qarşılıqlı münasibətlərində axtarılıb tapılmalıdır.

 Məşhur mütəffəkkir , avstriyalı filosof  Karl Popper yazırdı ki,  məhdudlaşdırılmayan azadlıq özü-özünü ləğv edir. Ona görə də hər bir şəxsin özünü məhdudlaşdırması əsasdır. Bu isə özünənəzarət və üzünütərbiyə ilə bilavasitə bağlıdır. Əgər özünüməhdudlaşdırmada müəyyən problemlər meydana çıxarsa, bütün bunlar isə cəmiyyətdəki harmonikliyi pozub xaos, anarxiya yaradarsa o zaman qanunvericilik çərçivəsində tədbirlər görülməsi qaçılmaz olur.

Məlum həqiqətdir ki, hazırda təkcə dünyanın supergücü olan ABŞ deyil, əslində bütün ölkələr, o cümlədən bizim Azərbaycanda da bu problemlə üz-üzə qalıb. Bu gün Azərbaycanın müstəqil siyasət yürütməsi, beynəlxalq arenada öz mövqeyini getdikcə gücləndirməsi anti-Azərbaycan və ermənipərəst dairələri narahat edir. Məhz həmin anti-Azərbaycan dairələr zaman-zaman  sosial şəbəkələri mənəvi-siyasi terror ruporuna çevirərək  ölkəmizə qarşı qərəzli kampaniyalar aparırlar. Bu qüvvələr sosial şəbəkələrin yaratdığı belə boşluqlardan, qeyri-qanuni imkanlardan istifadə edərək Azərbaycana, dövlətçiliyimizə qarşı yalan, böhtan, təhqir dolu fikirlər səsləndirirlər. Onlar ölkəmizə qarşı belə çirkin informasiya müharibəsini bu gün də davam etdirirlər.

Bir müddət əvvəl Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini- İcra katibi Əli Əhmədov YAP Gənclər Birliyi tərəfindən keçirilən “Sosial şəbəkələr və müasir gənclik” mövzusunda konfransda bildirmişdi ki, sosial şəbəkələr həyatımıza dərindən daxil olub və ciddi şəkildə təsir göstərir. Bu təsirin müsbət cəhətləri etiraf olunmalıdır: “Amma çox təəssüflə qeyd etmək lazımdır ki, bəzi hallarda sosial şəbəkələrdən söz və fikir azadlığı adı altında tamam başqa məqsədlər və niyyətlərlə istifadə edirlər. Bir sıra hallarda sosial şəbəkələr mənəvi terror alətinə çevrilir, ayrı-ayrı insanları, qrupları təhqir etmək alətinə çevrilir, ləyaqətdən, etikadan kənar ifadələrdən istifadə edilir. Bütün bunlar sosial şəbəkələrin bir alət kimi istifadə olunması ilə əlaqədar narahatlıqlarımızı artırır. Biz istərdik ki, sosial şəbəkələrdən istifadə edənlərin hər biri söz və mətbuat azadlığı üçün yaradılmış bu geniş imkanlardan yararlanmaqla yanaşı, mənəvi dəyərləri unutmasınlar, etik qaydalara riayət etsinlər, buradan mənəvi terror, təhqir etmək vasitəsi kimi istifadə etməsinlər.”

Şübhəsiz, Donald Trampın sosial şəbəkələrin dezinformasiyaya görə məsuliyyətə cəlb edilməsi, onların hüquqi tənzimlənməsi ilə bağlı  qərarı vaxtında atılmış addımdır.  Bu proseslərdə bəzi dövlətlər artıq müvafiq addımlar atırlar. Məsələn, Avropada bir sıra ölkələr, o cümlədən Almaniya sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib. Bu proses hazırda sürətlə davam edir. Bu baxımdan düşünürük ki, ölkəmizdə də  bu məsələlərlə bağlı müəyyən tədbirlər görməlidir.

Zahid Rza, “İki sahil”