22 may 2020 19:30
1160

Dörd tarix heç zaman unudulmayacaq!

28 may, 18 oktyabr, 9 noyabr və Azərbaycan əsgərinin qazanacağı Böyük Qələbə Günü

Bir bayatımızın bir misrası düşüncələrimdə şahlıq etməkdədi: Gün var min aya dəyər. Yəni gün dövlətçiliklə, xalqın taleyiylə bağlıdırsa, yəni milli-xəlqi ruhun “boyuna biçilmiş” gündürsə, dövlətçilik anlamında tarixin axarını müəyyənləşdirən gündürsə, əlbəttə ki, mahiyyətinə görə min (bu rəqəm şərti deyilib, şərti deyilir) ayın mahiyyətini üstələyir. 1918-ci ilin 28 may günü, 1991-ci ilin 17 noyabr günü belə anılır, belə yaşadılır...

Azərbaycanın dövlətçilik tarixi min illərin o üzüylə səsləşir. Bu baxımdan 1918-ci ilin 28 may gününü dövlətçiliyin bərpası günü kimi anırıq. 1918-ci ilin 28 may günündən sonra tarix bir daha əmin oldu ki, “Qoca Şərqin qapısı” (S.Vurğun) qəlbitəmizlərin üzünə açıqdı. Bu qapı səmimiyyət qapısıdı, xoş niyyət, xoş ünsiyyət, mədəniyyət qapısıdı - Cümhuriyyət qapısıdı...

Azərbaycan Demokratik Respublikasının yaranması xalqın azadlıq, müstəqillik mübarizəsinin məntiqi nəticəsiydi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.

Azərbaycan qürurla, qətiyyətlə, zaman anlamında tarixin dünənlərinə dirsəklənərək “Mən də varam!” dedi. Siyasi müstəvidə Cümhuriyyətin boyu aydınlığıyla görünəndə dünyanın bəşəri dövlətləri 28 mayı bəşərilik tarixində uğurlu gün bildi - Azərbaycan Demokratik Cümhuriyyətini rəsmən tanıdı...

Bolşevizm ideologiyalı, ilhaq niyyətli Rusiyanın Azərbaycanın yeraltı, yerüstü sərvətlərinə tamahı Şərqdə ilk demokratik cümhuriyyətin yaşamını tükəndirdi...

1920-ci il aprelin 28-də Rus imperiyası Azərbaycan Demokratik Respublikasını ilhaq etdi. İmperiya elə güman etmişdi ki, göylərin üzünə yaraşıq olan bu üçrəngli bayrağın dalğalanmasını sonlandırdı. Yanılmışdı. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” qürurunu yaşam fəlsəfəsi edən böyük tarixi şəxsiyyət Heydər Əliyev imperiyanın bu gümanını vətənsevərliyiylə, dövlətçilik tariximizə sonsuz sevgisiylə çiliklədi.

Üçrəngli bayrağımız 1990-cı ilin noyabr ayının 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında 70 il siyasi sıxıntı yaşamış bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci ilin fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti bu vəsatətə baxdı və onu Azərbaycanın Dövlət bayrağı kimi qəbul etdi. Bu qərarlar azərbaycançılığın təntənəsiydi.

2009-cu ilkin noyabr ayının 17-də (ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarıyla Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edildiyi gün) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən, noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət bayrağı Günüdür...

Milli-xəlqi ruh 73 il ilhaqla mübarizə apardı. İmperiyanın siyasi qadağaları xalqın mübarizə əzminin üstündə yellər əsdirsə də onu üşüdə bilmədi. Sərt repressiyalar, Sibir xofu, “Xalq!” deyən, “Millət!” deyən, “Dövlət” deyən dərin təfəkkürlər həbs edildi, sürgünə göndərildi, güllələndi. Ancaq “yel qayadan heç nə apara bilmədi” - 1920-ci ilin 28 aprelindən başlayan gizlin milli azadlıq mübarizəsini aşkar mübarizə əvəzlədi, bu mübarizəni təkcə təfəkkürlər deyil, xalq aparırdı. Bir atalar sözündə deyildiyi kimi, el bir oldu, zərbi (zərbəsi) -xalqın əzmi, iradəsi kərəni (ilhaq zəncirini) sındırdı. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə, bunun əsasında qəbul edilən dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı xalqın 73 il çəkən müstəqillik mübarizəsinin labüd nəticəsiydi. Dünya Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında qeyd edildiyi kimi, Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi tanıdı. Dövlət müstəqilliyi bərpa olunan Azərbaycan 73 ildən sonra yenə “Mən varam!” dedi və dünya bu qətiyyətin dönməzliyindən duydu və əmin oldu ki, bu varolma əbədidir. Azərbaycanın dövlət bayrağı bir daha ucalıqlardan enməyəcək.

Gədəbəydə, Alagöllərdə əsgərlərlə kəlmələşirdik. Söz sözü çəkmişdi. Müstəqillikdən də danışmışdıq. Əsgərlərdən biri qürurla demişdi ki, o mübarizədə bizim atalarımız da iştirak ediblər. Biz onların mübarizəsinin nəticəsi olan azadlığımızı, müstəqilliyimizi qoruyuruq. Əsgər kimi qoruyuruq. Döyüş növbətçiliyi həm torpaqlarımız qorumaqdı, həm də müstəqilliyimizi. Düşmən bilir ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, həm də ərazi bütövlüyüylə əbədidir. Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan azad edəcəyik. Onda adaşım əsgər əsgər yolaşının sözünə qüvvət olaraq demişdi ki, mülki həyatda da qoruyacağıq. Əsgər qətiyyətiylə, əsl vətəndaş dönməzliyiylə. Bu gözəl, bu yaşarı kəlamı Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığının mahiyyəti bilmişdim. Sonralar başqa bölgədə, başqa hərbi hissədə, başqa səngərlərdə bu düşüncələrin eynini gördüm. Onda dəniz səviyyəsindən üç min metr ucalıqda səslənən bu dəyərli kəlmələr ürəyimi telləndirmişdi, ürəyim o kəlmələri hər xatırlayanda tellənir. Alagöllər relyef ucalığıydı. “Mən azərbaycanlıyam!” deyənlərin hamısı Alagöllərdə xidmət edən (onlar indi tərxis olunublar) əsgərlər kimi Azərbaycan Respublikasının dövlət bayrağının mənəviyyat ucalığında dalğalanmasının cəfakeşidi, şübhəsiz...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın “Natsionalnaya oborona” jurnalına müsahibəsində dediyi “Münaqişə Azərbaycanın ərazi bütövlüyünün tanınması və erməni qoşunlarının işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxmalıdır” fikri ötən ilin oktyabrında Rusiyanın “Valday” Diskussiya Klubunun iclasında çıxışında dediyi “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının davamıdır. Bu bəyanat da, müsahibə də Azərbaycan əsgərinin Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan azad edəcək. Həmin günə Böyük Qələbə günü deyəcəyik. O gün tarixi gün olacaq. 9 may kimi, 18 oktyabr kimi, 9 noyabr kim, həmin günü də həmişə böyük təntənəylə, ruhumuzun qələbə günü kimi qeyd edəcəyik. Təkcə Azərbaycan adlı məmləkətdə deyil, Azərbaycana sayğısı, bəşəriliyə sədaqəti olan dövlətlərdə də...

Rəşid Faxralı