14 noyabr 2019 19:19
1551

DOST innovativ yenilikləri özündə birləşdirən nadir layihədir

Tezliklə daha 2 Dost Mərkəzinin istifadəyə verilməsi planlaşdırılır

Bu gün Azərbaycan iqtisadiyyatının güclənməsi, maliyyə imkanlarının artması sosial islahatların davam etdirilməsinə və daha da genişləndirilməsinə imkan verir. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı, insan amili dayanır. Görülən işlər, həyata keçirilən uğurlu islahatlar xalqımızın sosial rifahının daha da yaxşılaşdırılmasına, vətəndaşlarımız üçün yüksək səviyyəli həyat şəraitinin yaradılmasına xidmət edir. “Sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biridir. Mən dəfələrlə demişəm ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyən ölkə başçısı sosial islahatların bundan sonra da davam etdiriləcəyini xüsusi olaraq bəyan edir. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi publik hüquqi şəxs və DOST mərkəzlərinin yaradılması həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunələrindəndir. DOST Agentliyinin yaradılmasında məqsəd əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasıdır.

DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. Hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihədir. Qeyd edək ki, DOST mərkəzlərində vətəndaşlara 130-dan çox xidmət göstərilir.

“Tezliklə Xəzər və Pirallahı rayonlarını əhatə edən 2 saylı Dost Mərkəzi, Nizami, Suraxanı və Sabunçu rayonlarını əhatə edən 3 saylı Dost Mərkəzi istifadəyə veriləcək”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin plenar iclasındakı çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, gələn il 85 min ailənin, təqribən 360-370 insanın ünvanlı sosial yardım proqramı ilə əhatə olunması da proqnozlaşdırılır.

Ümumiyyətlə cari ilin sonuna və növbəti ilin birinci rübünə 3 mərkəzin açılması gözlənilir. Bununla da Bakının 80 faizi DOST mərkəzlərinin xidmətlərindən yararlanmış olacaq. Növbəti mərhələdə daha bir Mərkəz açdıqdan sonra Bakı şəhəri tam əhatə olunacaq.

Xatırladaq ki, bu ilin may ayının 9-da istifadəyə verilən 1 saylı DOST mərkəzi Bakının Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Burada il ərzində 100 mindən artıq vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub. DOST mərkəzində “Pensiya və sosial sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, “Əmək münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” və s. bölmələrdə uyğun müraciətlər qəbul olunur. Vətəndaşlara məsləhət və məlumat xidmətləri də göstərilir, telefon və ya internet vasitəsilə müraciətlərlə əlaqədar xidmətlər də həyata keçirilir. Bu yaxınlarda DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına övladlığagötürmə sahəsində xidmətlərin, o cümlədən  övladlığagötürmə ilə bağlı müraciətlərin qəbul edilməsi və bu sahədə məsləhət və məlumat verilməsi xidmətləri də daxil edilib. DOST mərkəzlərində göstərilən xidmətlərə yenilərinin əlavə olunması bu layihənin kifayət qədər uğurlu olması və dövlət tərəfindən dəstəklənməsinin göstəricisidir.

Qeyd edək ki, 2019-2025-ci illərdə ölkədə 31 DOST mərkəzinin yaradılması nəzərdə tutulur. Onlardan 5-i Bakı, 2-si Sumqayıt, 2-si Gəncə şəhərlərində, qalanları respublikanın digər regionlarında açılacaq. Agentlik DOST mərkəzləri vasitəsilə “bir pəncərə” prinsipi ilə 2,8 milyon şəxsə xidmət göstərəcək.

Sevinc Azadi, “İki sahil”