21 yanvar 2021 18:04
1389

“Dostluq” yatağı Azərbaycanla Türkmənistanın dostluğunu əbədiləşdirəcək

Xəbər verildiyi kimi, yanvarın 21-də Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumu  imzalanıb.

Azərbaycanın əvvəllər “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. SSRİ dövründə isə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlandırılıb. Bu mənada yatağın “Dostluq” adlandırılması, ilk növbədə, iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi, etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsi hesab etmək olar.

Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.  Lakin “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. Baxmayaraq ki, 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi  yaranmışdı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etmişdi. Bununla əlaqədar 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə respublikaya dəniz yataqlarının işlənilməsi üçün yeni müasir avadanlıqlar -  qazma qurğuları, borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən "Azərbaycan" kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki vasitələr gətirilmişdi.

Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində yatağa xarici şirkətlər  maraq göstərsələr də, o vaxtkı hakimiyyətin səriştəsizliyi ucbatından bu istiqamətdə heç bir iş aparılmayıb. Eyni zamanda, Türkmənistan tərəfindən yataqda işlərə başlamaq cəhdləri olsa da, bu, baş tutmayıb.

Hələ 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında  danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Ümumilikdə isə Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib və dənizin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış edib. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib. Elə bunun nəticəsidir ki, Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Xəzər dənizinin huquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğuna dəlalət edir.

Buna qədər isə Xəzər dənizində bölgü məsələləri üzrə sahilyanı ölkələr arasında dialoq üçün ikitərəfli və çoxtərəfli formatlara üstünlük verilib. Bu çərçivədə 29 noyabr 2001-ci il tarixində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”, 23 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş” və 14 may 2003-cü il tarixində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş”in imzalanmasına nail olunub.

Qeyd olunanlar  öz növbəsində Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə Anlaşma Memorandumunun  imzalanmasına öz müsbət təsirini göstərib.

Eyni zamanda, Azərbaycanla Türkmənistanın dövlət başçılarının ardıcıl təmasları, qarşılıqlı səfərləri iki dost ölkə arasında bütün məsələlərin, o cümlədən “Dostluq” yatağı problemi ilə bağlı hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb. Söhbət ondan gedir ki, 2008-ci ildən başlayaraq dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycan və Türkmənistan arasında əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub.  Təsadüfi deyil ki, ötən müddət ərzində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana 6 səfəri (19-20 may 2008-ci il, 18 noyabr 2010-cu il, 12 iyun 2015-ci il, 8-9 avqust 2017-ci il, 25 oktyabr 2019-cu il, 11 mart 2020-ci il) reallaşıb.  Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanda 3 dəfə səfərdə  (28-29 noyabr 2008-ci il, 21-22 noyabr 2018-ci il, 10 oktyabr 2019-cu il) olub. Hesab etmək olar ki, uzun illər məsələ ilə bağlı ardıcıl danışıqlar aparılmasından sonra Memorandumun imzalanması iki ölkənin əlaqələrinin növbəti mərhələyə keçidində aparıcı rola malik olacaq və  “Dostluq” yatağı Azərbaycanla Türkmənistanın dostluğunu əbədiləşdirəcək.

Digər tərəfdən, Türkmənistana Azərbaycanla birgə bu yatağı istismar etmək sərfəlidir . Bu, ilk növbədə, bu sahədə təcrübə ilə bağlıdır. Belə ki,  Azərbaycanda indiyədək dənizdə neft və qaz hasilatı üçün platformaların tikintisini əhatə edən bir sıra dəniz neft-qaz layihələri həyata keçirilib . Eyni zamanda, bu sahədə peşəkar personal və iş təcrübəsinə malik xüsusi müəssisələr mövcuddur .

Bundan başqa , Azərbaycan inkişaf etmiş nəqletmə infrastrukturuna malikdir. Onlardan Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri Aralıq dənizinə neft çatdırır. Həmçinin Qara dəniz istiqamətində Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri mövcuddur.  Yeri gəlmişkən, BTC ilə Türkmənistan nefti də xarici bazarlara çıxır. Vaxtilə “Dostluq” yatağının çıxarıla biləcək ehtiyatlarının 50 milyon ton neft və 30 milyard kubmetr təbii qaz təşkil etdiyi bildirilirdi.  Lakin sözügedən Memorandum çərçivəsində  birgə kəşfiyyat işləri nəticəsində bu göstəricinin dəyişəcəyi də istisna deyil.

İstənilən halda, Memorandumun imzalanması tarixi hadisədir, Azərbaycanın neft-qaz strategiyasının inkişafında  böyük əhəmiyyətə malikdir. Bu əhəmiyyət Azərbaycanın enerji potensialının daha da artırılması  istiqamətində töhfədən ibarətdir. Söhbət ondan gedir ki, yataqdan hasil olunacaq xammal Azərbaycanın infrastrukturu  vasitəsilə daşınacaq. Bu, neft və qaz ixracatçısı olan Azərbaycanın daha bir istiqamətdə tranzit ölkə kimi əhəmiyyətini artıracaq. Bu baxımdan sənəd Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradır.

Sənəd, həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Sözügedən sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Xüsusilə də 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zirvə Toplantısı ərəfəsində bu Memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi səciyyələndirilir. Bütün bunlar, heç şübhəsiz ki,  Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə də şərait yaradır.

                                                               

   Ceyhun Piriyev, “İki sahil”