07 avqust 2020 13:43
909

Dövlət daş divarlarda deyil, ruhumuzda yaşayır...

Bu gün Ermənistan, erməni lobbisi, erməni diasporu və onların AXCP, Milli Şura adlı “qara piyadaları” dərin məyusluq içərisindədirlər. Böyük məğlubiyyətdən sonra pərişan halda üzü küləyə tüpürürlər. Niyə? Səbəbini izah etməyə çalışacağam...

***

İyul ayının 12-dən təxminən 1 ay vaxt keçir. Ermənistanın Tovuz rayonu istiqamətində təxribatı nəticəsində hərbçilərimizin yaralanması, şəhid olması xəbərlərini eşitdikdə bunun növbəti xain hücum olduğunu düşünürdük. Azərbaycan Ordusunun cavab zərbələrinin yekununda isə gələn zəfər məlumatları yayıldıqda hadisənin lokal xarakter daşıdığını fərz etməyə başladıq, bununla da emosinallıq, vətənpərvərlik, Orduya dəstək hayqırtıları yüksəldi. Lakin iyul ayının 14-dən sonrakı proseslərin gedişatından anladıq ki, yox, “bu həna o hənadan deyilmiş” və Azərbaycana qarşı çoxpilləli, total hücuma start verildiyini gördük.
Bir anlıq təsəvvür edin və gözlərinizin önünə gətirin ki:
- birinci pillədə, Ermənistan Azərbaycan sərhədlərinə hücum edir,
- ikinci pillədə AXCP və Milli Şuranın iştirakı ilə Bakıda dövlət çevrilişinə cəhd edilir,
- üçüncü pillədə ABŞ Konqresində Azərbaycan əleyhinə qanun qəbul edilməsi prosesi başlayır,
- dördüncü pillədə Azərbaycan dövlət strukturlarına kiberhücumlar olur,
- beşinci mərhələdə dünya azərbaycanlılarına qarşı erməni millətçilərinin və terror təşkilatlarının hücumlarına start verilir.
Yəqin, mənimlə razılaşarsınız ki, bu cür çoxgedişli kombinasiya Ermənistan dubkratlarının başı üçün deyildi. Dünya erməniçiliyinin himayədarları ilə birləşib cızdığı bu planla Azərbaycanı həm dünya ictimaiyyəti, həm də dünya azərbaycanlıları qarşısında pərt etmək, çıxılmaz vəziyyətə salmaq niyyətində idilər. Lakin fiasko oldu. Bəs, nə baş verdi ki, Azərbaycana qarşı başladılmış böyük bir xəyanətkar plan iflasa uğradıldı?

Etiraf etmək lazımdır:
- nə ermənilər, nə də onların Azərbaycan uzantıları heç zaman təsəvvür edə bilməzdilər ki, xalq dövlətinə sahib çıxmaq üçün bütün dünya boyunca mübarizəyə qalxar.
- heç zaman gözləməzdilər ki, Bakının mərkəzində Ordusuna, Ali Baş Komandanına dəstək verən azərbaycanlılar dünyanın 4 materikində, 5 qitəsində eyni ruhu nümayiş etdirəcək.
- heç bir vaxt düşünməzdilər ki, Bakıda ermənilərdən daha təhlükəli olan AXCP-Milli Şura kimi düşmənlərin dövlət çevrilişi cəhdinin qarşısını alan xalq, dünya ölkələrində bayrağının, şəhidinin, səfirliklərinin, konsulluqlarının, milli şərəf və qürurunun qorunması üçün həyatını təhlükəyə atacaq, əliyalın erməni terror təşkilatlarının qarşısına çıxacaq.

Bu hadisələrdə xalq və hakimiyyət vahid orqanizm kimi hərəkət etdi. Konkret düşmənin üzərinə spontan addımlarla gedilmədi, xalq liderini dinləyib emosionallıqdan kənar hərəkət etdi, rasional düşünüb, praqmatik zərbələr vurdu. Nəticədə isə düşmən məğlub edildi: sərhədlərimiz müdafiə edildi, dövlət çevrilişinə cəhdin qarşısı alındı, ABŞ Konqresində əleyhimizə olan qanun lehimizə çevrildi, dünyaya ermənilərin vəhşi, barbar siması bir daha nümayiş etdirildi...

***

Əlbəttə, məğlubiyyət seriyaları hələ də davam edir. Bu günə qədər sosial problemlərlə manipulyasiya edib özlərinə “like” yığmağa çalışan Əli Kərimli, Sevinc Osmanqızı, Qənimət Zahid kimilər son bir ay ərzində nümayiş etdirdikləri düşmən mövqeyinə görə artıq nifrət mənbəyinə çevriliblər. İndi kimin yanında bu ünsürlərin adını çəkirsən, həmin an lənət oxuyur insanlar. Çünki xalq indi onları ermənilərdən fərqli görmür. Ona görə ki, əgər biri torpaqlarımızı işğal edib, bizi fiziki məhvetməyə cəhd edirsə, ikincilər mənəvi dünyamızı, dövlətçiliyimizi dağıtmağa, milli qürurumuzu və şərəfimizi satmağa çalışırlar. Yəqin, bu məqamda da razılaşarsınız ki, ikincilər daha təhlükəli düşmənlərdir. Ona görə də, hər bir məsələdə artıq xalqın boykotu ilə qarşılaşırlar.

Həmin məsələlərdən biri haqqında qısa məlumat vermək istərdim.

Xatırlayırsınızsa, 12 iyul hadisələrindən sonra xalqın birbaşa iştirakı və təşəbbüsü ilə Ağ Evin saytında “Qarabağ Azərbaycandır” və “907-ci düzəliş ləğv edilsin” adlı iki petisiya başladıldı. Diqqətinizə təqdim etdiyim birinci şəkildən də görürsünüz ki, xalq başlatdığı petisiyada lazım olan 105 min və 111 min səsi artıqlaması ilə qısa müddətdə yığıb cavabını gözləyir.
Lakin bu prosesdə də erməniləri müdafiə etmək niyyətində olan Sevinc Osmanqızı, Qənimət Zahid, Emin Hüseynov, Əli Kərimli, Cəmil Həsənli, bir sözlə düşmən cəbhə “Prezident İlham Əliyevə sanksiyaların tətbiq edilməsi” üçün petisiya başlatdılar. Amma boşuna oldu, çünki xalq bu dəfə də dəstək vermədi və onların petisiyasını boykot etməklə LİDERİNİ qorudu.
Təqdim etdiyim ikinci şəkildən görürsünüz ki, məlum petisiya üçün tələb olunan 100 min səsdən cəmi 506 səs ala biliblər. Bunu da bilirsinizmi necə əldə ediblər? AXCP trollarının istifadəsində olan və hər gün “Osmanqızı tv” və “Azərbaycan saatı” youtube kanallarında saxta “like” artıran “gmail”ləri vasitəsilə 506 səs yığa biliblər. Bu dəfə də saxtakarlığa əl atıblar, amma yenə də pərişandırlar...

***

Ermənilərin və Sevinc Osmanqızı, Qənimət Zahid, Emin Hüseynov, Əli Kərimli, Cəmil Həsənli kimilərin yer aldığı düşmən cəbhəsi anlamaq istəmir ki, xalqa saxta yollarla qalib gəlmək mümkün deyil. Vətən sevgisini ürəyində vətəndaşlıq vəsiqəsi kimi daşıyan xalqa dövlətçiliyinə, həmin dövlətçiliyi qoruyan, inkişaf etdirən hakimiyyətə qarşı çevirmək mümkün deyil. Çünki, dövlət daş divarlarda, binalarda deyil, xalqımızın ruhunda yaşayır...

Ramil Vəlibəyov,

YAP Sosial media qrupunun rəhbəri