08 noyabr 2019 11:39
126

Dövlət-Özəl Tərəfdaşlığı sahəsində müzakirələr aparılıb 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə ölkəmizdə Dövlət-Özəl Tərəfdaşlığı (Public Private Partnership) mexanizminin inkişaf perspektivləri və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dair məsələlər müzakirə edilib. Həmçinin, AYİB-in texniki yardım layihəsi çərçivəsində cəlb edilmiş beynəlxalq məsləhətçilər tərəfindən Azərbaycan üzrə hazırlanmış Dövlət-Özəl Tərəfdaşlığı mühitinə dair müfəssəl diaqnostik hesabatın ilkin layihəsi təqdim edilib. Görüşdə AYİB tərəfindən ən yaxşı beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkədə Dövlət-Özəl Tərəfdaşlığı üzrə strateji inkişaf proqramının və qanun layihəsinin işlənib hazırlanmasında hərtərəfli texniki dəstəyin göstəriləcəyi bildirilib.

Məlumat üçün qeyd edək ki, dövlət-özəl tərəfdaşlığı üzrə qanunvericilik bazasının və institusional infrastrukturun inkişaf etdirilməsi ilə əlaqədar təkliflərin verilməsi və bu sahədə proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və əlaqələndirilməsi KOBİA-nın strukturunda fəaliyyət göstərən Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin fəaliyyət istiqamətlərindəndir.