24 aprel 2019 21:09
151

Dövlətin gələcəyi etibarlı əllərdədir - FOTO

Aprelin 24-də  Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı Gənclər Birliyinin III konfransı keçirilib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər. Tədbir Dövlət himnimizin səsləndirilməsi ilə başladı.

Konfransı giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından, partiyanın Gənclər Birliyinin yaranma tarixindən  və onun nailiyyətlərindən danışıb.

YAP Samux rayon təşkilatı Gənclər Birliyinin sədri Arif Ağayev hesabat məruzəsi ilə çıxış edərək ötən konfransdan bəri görülən işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib. Bildirib ki, YAP Samux rayon təşkilatının 5483 nəfər üzvünün 1697 (30.9 %) nəfərini gənclər təşkil edir.

Məruzə ətrafında çıxış edən partiyanın gənc fəalları Nuridə Həsənova, Ülviyyə Salmanova və Rasim İmamquliyev Azərbaycanda həyata keçirilən gənclər siyasəti, ölkəmizin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakın təmin edilməsi haqqında danışıblar.

Milli Məclisin deputatı Naqif  Həmzəyev qeyd edib ki, gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində mühüm yer tutur. Diqqətə çatdırıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Konfransda YAP Samux rayon təşkilatı Gənclər Birliyinin 9 nəfərdən ibarət Şura üzvləri, 5 nəfərdən ibarət İdarə Heyəti seçilib. Səsvermə yolu ilə Qurban Həsənov YAP Samux rayon təşkilatı Gənclər Birliyinin sədri, Rəşid Şabanovu isə sədr müavini seçiliblər. Yeni sədr və müavin, həmçinin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin konfransına nümayəndə seçiliblər.

Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Cavid Əkbərov, “İki sahil”