06 mart 2020 12:02
2455

DSX ermənilərin iddialarını yalanladı

Bu gün Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversiya keçirməsi və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 1 nəfər hərbi qulluqçusunun yaralanması barədə məlumatlar yayılmışdır.

“İki sahil” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, DSX-nin hərbi qulluqçuları tərəfindən diversiya keçirilməsi barədə məlumat həqiqətə uyğun deyildir və reallığı əks etdirmir.

Mart ayının 6-da səhər saatlarından başlamaqla Qazax rayonunun Cəfərli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələrimiz ER-nın İcevan rayonunun Sevkar və Sarıquyuq kəndləri yaxınlığında yerləşən  Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulmuşdur.

Düşmən təxribatının qarşısı alınmış, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulmuşdur.