27 yanvar 2020 22:19
1115

Dünya Bankının nümayəndə heyəti Ali Məhkəmədə olub

Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu layihəsinə təklif olunan əlavə maliyyələşdirmə üzrə identifikasiya-hazırlıq missiyasını həyata keçirəcək Dünya Bankının nümayəndə heyəti yanvarın 27-də Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşüb.

Ali Məhkəmənin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycanda məhkəmə strukturunun müasirləşdirilməsi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı görülən işlər, qarşıda duran məsələlər və onların yerinə yetirilməsi imkanları müzakirə olunub.

Nümayəndə heyəti Azərbaycanda məhkəmə strukturunun müasirləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb, bu işlərin görülməsinə töhfə verdiklərindən məmnunluqlarını bildiriblər. Qonaqlar “Elektron məhkəmə” infrastrukturu layihəsini bir daha dəstəkləmək və əlavə maliyyələşdirmə ilə bağlı qiymətləndirilməni aparmaq məqsədilə Azərbaycana səfər etdiklərini söyləyiblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.