03 noyabr 2020 18:09
1314

Dünya ictimaiyyəti xalqımızın yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin şahididir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu əminliyi ifadə edir  ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcək

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki,  Azərbaycan  Ordusu dövlətimizin qətiyyəti, siyasi iradəsinə əsaslanaraq tarix yazır. BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin  30 ilə yaxın müddətdə  icrasına nail ola bilməyən dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların missiyasını ordumuz bir ayda yerinə yetirdi. Dünyaya sübut olundu ki, hüquq prinsipləri mövcuddur və onlar bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalıdır. Azərbaycanın apardığı mübarizə haqq, ədalət mübarizəsidir. Sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi dünya dövlətlərinin ölkəmizə qarşı münasibətlərinə bir daha aydınlıq gətirdi. Bu baxımdan ki, hansı dövlətin münasibətdə səmimi, ədalətli, hansının isə qeyri-səmimi, qərəzli olduğu özünü qabarıq şəkildə büruzə verdi. Ən əsası münaqişənin  həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu həmsədrlərinin son 28 ildə  Ermənistana görə müddəti uzatmaq üçün danışıqları yalnız imitasiya naminə apardıqları təsdiq olundu. Bütün bu reallıqlar fonunda hər birimizi qürurlandıran işğal altında olan torpaqlarımızın azad olunması, üçrəngli bayrağımızın bu ərazilərdə dalğalanması və yeni həyatın başlanmasıdır.

Ölkə Prezidenti hər zaman bəyan edir ki, Azərbaycanın xarici siyasəti açıq və aydındır. Rəsmi Bakı böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əməkdaşlıq əlaqələri qurur və möhkəmləndirir. Ən əsası beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, bütün məsələlərin məhz bu prinsiplər əsasında çözülməsinə səy göstərən Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Azərbaycan müstəqil siyasət yeridir. Heç bir dövlətin diktəsi ilə oturub-durmur. Cənab  İlham Əliyevin Prezident kimi ABŞ-a ilk səfəri zamanı mətbuat konfransında jurnalistin Azərbaycanın ABŞ qarşısında hansı öhdəliyi götürməsi barədə sualına cavabını  xatırlatmaq istərdik. Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycan müstəqil dövlətdir. Heç bir dövlətin qarşısında öhdəliyi yoxdur. Bu gün ictimai rəy, xarici ekspertlərin şərhləri göstərir ki, beynəlxalq birlik Azərbaycan hakimiyyətinin siyasətini dəstəkləyir, bu siyasətin alternativsizliyini bildirir.  Bu fikir də xüsusi qeyd edilir ki,  Azərbaycan haqqında məlumat əldə etmək istəyən hər bir kəs ilk olaraq  bu ölkənin öz milli maraqlarından çıxış edən olduqca praqmatik dövlət olduğunu öyrənər. Azərbaycan düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində etibarlı tərəfdaş imicini qazanmış, nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul olunmaqla əməkdaşlıq əlaqələrini genişləndirməyə yeni imkanlar açmışdır. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi hər bir sahədə qazandığı uğurların, artan nüfuzunun təsdiqidir. 2019-cu ildə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük   siyasi təsisat olan, 120 üzvü sıralarında birləşdirən  Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və sonda qəbul olunan sənəddə Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinin dəstəklənməsi mühüm diplomatik uğurlarımız sırasındadır. Həmçinin dövlətimizin başçısı İlham Əliyevin   Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun «Şərq şəfəqləri və dünya siyasi quruluşu» mövzusunda  XVI illik iclasında,  MDB Dövlət Başçıları Şurasının Aşqabad sammitində çıxışı, «Qarabağ Azərbaycandır və nida işarəsi» bəyanatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə ev sahibliyi Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin uğurlu siyasətinin təntənəsidir. Azərbaycan haqqı, ədaləti müdafiə edən, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsini istəyən ölkə olaraq dünya birliyində yeri və rolunu günbəgün artırır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əvvəlki dövrlərdə Azərbaycan haqqında məlumat vermək, təqdimatlar etmək üçün müxtəlif ölkələrə nümayəndələr göndərilirdisə, son illər  respublikamızın beynəlxalq tədbirlərin keçirilməsi üçün önəmli məkana çevrilməsi həqiqətlərimizin təbliğinə geniş imkanlar yaradır. Azərbaycana artan diqqət və inamı şərtləndirən amillərdən biri  müstəqil siyasətidir. Bu siyasət Azərbaycan xalqının maraqlarını təmin edir. Bu siyasət əməkdaşlığı genişləndirmək, artırmaq üçün aparılan siyasətdir.

Təbii ki, Azərbaycanın diplomatik uğurları  bu gün döyüş meydanında qələbəsini şərtləndirir. Beynəlxalq hüququn norma və prinsiplərini, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğunu önə çəkən dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan dünyanı ikili siyasətə son qoyub işğalçı dövlətə sanksiyalar tətbiq etməyə çağıraraq bu reallığı da   bəyan etmişdir ki, Ermənistan yeni ərazilər uğrunda müharibəyə hazırlaşır. Amma işğalçı dövlətin havadarları yenə də susmağa, Ermənistana şərait yaratmağa üstünlük verdilər. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücumlarının qarşısı Azərbaycan Ordusu tərəfindən böyük qətiyyətlə alındı. Təbii ki, bu əks-hücum əməliyyatlarının dayandırılması tələbi dövlətimizin başçısı İlham Əliyev tərəfindən irəli sürüldü. Hər zaman münaqişənin sülh yolu ilə həllində maraqlı olan Azərbaycan dövləti müharibənin aparılmasına, qan tökülməsinə razı olmayıb, qarşı tərəfi danışıqlar masası ətrafında əyləşməyə çağırdı. Amma işğalçı Ermənistan qeyri-konstruktiv mövqeyi, təxribatlara meyilliliyi ilə  danışıqlar prosesinin dayandırılmasında maraqlı olduğunu nümayiş etdirdi. Cənab İlham Əliyev son bir ildə xarici mətbuata verdiyi müsahibələrində  Ermənistanın son bir ildə danışıqların dayandırılması yönümündə atdığı addımlara diqqəti yönəldərək bildirmişdir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həllində neytrallığı qorumaması nizamlanma prosesinin bugünədək uzanmasını şərtləndirir.

Reallıq budur ki, Ermənistan hakimiyyəti və ona havadarlıq edən dövlətlər Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarını davam etdirəcəyini düşünmürdülər. Gözlənilənlərin əksi ilə üzləşmələri  məyusluqlarına səbəb olmaya bilməzdi. Azərbaycan Ordusu Emənistan silahlı qüvvələrini torpaqlarımızdan qovur, onların hərbi texnikalarını məhv edir və qənimət kimi götürür. Bu, ordumuzun gücünün, qüdrətinin göstəricisidir. Xalqımız hər gün cəbhə bölgələrindən qələbə xəbərlərini gözləyir. Çünki bu sevindirici xəbəri dövlətimizin başçısı İlham Əliyev çatdırır və bu əminliyi ifadə edir ki, bütün işğal altında olan torpaqlarımızda üçrənğli bayrağımız dalğalanacaq.  Azərbaycanın 29 illik müstəqililk tarixində yürütdüyü müstəqil siyasət bugünkü uğurlara yol açmışdır.  

Hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb.  Ordunu müasir texnika ilə yanaşı, döyüşən və vətəni sevən oğullar yaşadır. Bu gün Azərbaycan əsgəri zəfərləri ilə  Vətənə, xalqa bağlılığını bir daha ortaya qoyur.  Gənclərimiz hərbi xidmətə böyük ruh yüksəkliyi ilə gedir, Ali Baş Komandan  İlham Əliyevin səfərbərlik çağırışını birlikləri, həmrəylikləri ilə cavablandırırlar. Xalqımız orduya böyük dəstək verir, daim  onlarla bir olduqlarını bildirirlər. Məhz bu gün dövlət-xalq-ordu birliyinin sayəsində qələbələrimiz davamlıdır. Hər yazımızın mahiyyətində dayanan bu fikri bir daha təkrar-təkrar qeyd etməyi özümüzə borc bilirik ki, bir zamanlar   “Vətən mənə oğul desə, nə dərdim” söyləyən oğullarımız bu gün tam əmin ola bilərlər ki, Vətən onlara göstərdikləri rəşadətə görə oğul deməklə kifayətlənmir, igidlikləri ilə fəxr edir. Azərbaycan əsgərlərinin döyüş meydanında göstərdikləri qəhrəmanlıqlar, təqdim olunan videogörüntülərdə bütün işğal altında olan  torpaqlarımızı azad edəcəkləri ilə bağlı söylədikləri əminlik ön cəbhədə onlara dəstək olanları daha da qürurlandırır. Azərbaycan əsgəri ədaləti, ərazi bütövlüyümüzü bərpa edir və işğalçı dövlətə və onun havadarlarına sübut edir ki, bir qarış torpağımızı belə düşmənə verməyəcək.  Heç bir qüvvə, ermənilərin heç bir təxribatı  Azərbaycan xalqının iradəsini sındıra bilməz. Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət həyata keçirir, heç bir dövlətin ərazisində gözü yoxdur, öz torpaqlarını işğaldan azad edir.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həllinə göz yummaları ilə bağlı sualına cavab olaraq bildirmişdir ki,  bəli, onlar göz yumdular: «Mən deyərdim ki, göz yummadılar, onlar hər zaman deyirdilər ki, hərbi həll yoxdur. Onlar bu vəziyyətin bu və ya digər dərəcədə eyni qaydada davam etməsini istəyirdilər. Düşünürəm ki, münaqişənin dondurulmuş kimi görünməsi onları qane edirdi. Onlar düşünürdülər ki, bu, həmişəlik dondurula bilər və onlar yalnız bəzi etimad yaratma tədbirləri, bəzi monitorinqlər barədə düşünməyə çalışırdılar ki, heç bir toqquşma olmasın. Amma onlar ATƏT-in qərarına uyğun olaraq öz mandatlarını icra etmədilər. Onlar Ermənistanı məcbur etməli idilər. Düşünürəm, bu ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki, o, ona qulaq asmalı olar. Lakin onlar etmədilər.» Bunun ardınca ünvanlanan «Siz onlara qulaq asırsınız» sualına cavabı isə dövlətimizin müstəqil siyasətinə, dövlətimizin başçısı İlham Əliyevin qəbul etdiyi hər bir qərarda dövlətimizin maraqlarının, xalqımızın iradəsinin öz əksini tapdığını nümayiş etdirdi: «Mən hər bir tərəfdaşa qulaq asıram. Lakin bu, mənim qulaq asdıqdan sonra nə etməyimdən asılıdır. Lakin mən qulaq asıram.»

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan Ordusu 30 il həsrətində olduğumuz torpaqlarımızı işğaldan azad edir, Azərbaycanın ərazi bütövlüyü təmin edilir, müstəqilliyimiz daha da möhkəmlənir, əbədi, sarsılmaz olur. Azərbaycanın  Birinci vitse-prezidenti Mehriban xanım  Əliyeva rəsmi “Instagram” hesabında «Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!» söyləyərək bildirmişdir ki, bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir.  Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!

Yeganə Əliyeva, «İki sahil»