Dağlar diyarı Lerik rayonu həmişə özünün əsrlərin yaddaş kitabı olan yaşı yüzü keçmiş insanları ilə dünyanı heyrətə salıb. Məhz buna görə də burada 1991-ci ildə “ Uzunömürlülər” muzeyi yaradılıbdır. Sonralar muzey üçün müasir memarlıq elementlərindən istifadə etməklə yeni bina inşa olundu və 2010-cu ildə dünyada nadir olan “Uzunömürlülər” muzeyi üçün yeni tikilmiş bu binanın açılışını da Prezident İlham Əliyev etdi.
Muzeyin arxitekturasından, orijinal strukturundan tutmuş eksponatların düzülüşünəcən hər şey məxsusidir. Bina iki salondan ibarətdir, buradakı 1320 eksponata nəsildən-nəslə çatdırılmaq üçün ən qiymətli sənəd kimi qorunub saxlanır. Eksponatlarda yaşı yüzdən yuxarı 50-dən çox lerikli haqqında maraqlı məlumatlar, fotoşəkillər yer alıb. Adları “Ginnesin rekordlar kitabı”na düşən 168 il ömür sürmüş Şirəli Müslümov, 150 il yaşamış Mahmud Eyvazov, 145 yaşlı Məcid Ağayev, 120 yaşlı Qızıl Quliyeva, 113 yaşlı Məhbubə Fətullayeva haqqındakı bölmə daha zəngin və rəngarəngdir. Bölmədə adlarını çəkdiyim uzunömürlülər barədə saxlanılan etnoqrafik materiallar, həmin vaxtlar kənd təsərrüfatında işlədilən alətlər, onların yaşadıqları dövrə aid məişət ləvazimatları, istifadə etdikləri geyimlər, bəzi şəxsi əşyaları, eləcə də əl işləri muzeyə gələnlərə sanki uzun ömür yaşamağın yolunu göstərir.
“Lerikli Milli Qəhrəmanlar” guşəsi yeni yaradılıb. Guşədə Qarabağ torpaqlarının, Vətənin azadlığı uğrunda canından keçən Lerikin igid oğulları haqqında geniş məlumat toplanıb.
Muzeyin qonaqları həmişə olur. Vətəninin, xalqının milli adət-ənənələrini, yurdunun keçmişini öyrənməkdən ötrü gənclər buraya böyük həvəslə üz tuturlar. Yerli sakinlərdən başqa muzeyə doğma Azərbaycanımızın müxtəlif yerlərindən, həm də xarici ölkələrdən- Hollandiya, Almaniya, Fransa, Rusiya, Koreya, Macarıstan və Böyük Britaniyadan qonaqlar da maraqla təşrif gətirirlər. Hətta xarici qonaqlardan ailəvi gələnlər daha çox olur.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü