04 mart 2019 20:17
1451

Dünyanı dəyişən insanların gerçək həyatı

Bill Qeyts, İlon Mask, Mark Zukerberq... Bu adları bu gün eşitməyən insan yoxdur. Onların bioqrafiyasını da digər milyarderlərin həyat hekayəsi kimi misal çəkərək insanın sıfırdan başlayaraq zirvələri fəth edəcəyinə dair sübut kimi təqdim edirlər. Əslində bu belədirmi?

“Ölkə.Az” bu gün oxucularına dünyanın ən varlı insanları ilə bağlı sirr, müəmma və şayiələri çatdırır.

Bill Qeyts

Bill Qeyts dünya kompüter texnologiyası sahəsində əsl inqilab edən şəxs kimi tanınır. Bu gün onun sayəsində kompüterdən istifadə edirik. Bill haqqındakı məqalələrdə daha çox “gələcəyin dahisi və milyarderi sadə hüquqşünas ailəsindən çıxıb” cümləsinə rast gəlirib. Həqiqətən də belə olub?

Məlum olub ki, Bilin ulu babalarından biri millət vəkili, Sietl şəhərinin meri olub. Ana tərəfdən babası isə ABŞ Milli Bankının vitse-prezidenti olub.
Onun atası Uilyam Henri II Qeyts məşhur vəkil olub. Anası Meri Maksvell isə iş adamıdır. Bundan başqa Meri 41 ölkədə nümayəndəliyi olan məşhur “United Way Worldwide” xeyriyyə təşkilatına üzv olan ilk qadındır. Bilin də əsl adı “Uilyam Henri III Qeytsdir. O, anadan olmadan əvəl Qeyts ailəsi Sietl şəhəri və Vaşinqton ştatında böyük nüfuza malik olub. Onun qohumlarının əksəri biznes, siyasət və ictimai həyatda tanınmış şəxslər olub.

Məlum olub ki, Meri ilə birlikdə xeyriyyə təşkilatında müxtəlif illərdə “İBM” şirkətində rəhbər vəzifələrdə çalışan Con Opel və Con Eykers də çalışıb. Bildiyimiz kimi, “İBM” şirkəti ilə müqavilə “Microsoft”un uğurunun memarıdır. 1980-ci illərdə təbii ki, anasının köməyi olmadan naməlum şirkətdən “İBM” nəhəng şirkətinə operativ sistem hazırlanması təklif edilir. Bu dövrdə Bill “Seattle Computer Products” şirkətindən hazır məhsul- “86-DOS” əməliyyat sistemini alır. Tim Patersonla birlikdə kompüterə uyğunlaşdırır və MS-DOS əldə edir.

Qeyts “MS-DOS” istifadə lisenziyasını “İBM”ə satır və müəlliflik hüququnu “Microsoft”a saxlamağı xahiş edir. Qəribədir ki, şirkət buna razılaşır və patent üzrə müqavilə də imzalayır. Beləcə, “Microsoft” “İBM”in satdığı hər sistemə görə faizini alır.

Tezliklə “Windows NT” əməliyyat sistemi və digərləri işıq üzü gördü və Qeytsin şirkəti birjaya çıxdı. Bill qısa müddət ərzində milyonlar qazandı.

Mark Zukerberq

Dünyanın ən gənc milyarderidir. Adi “Golf” maşını sürür və sadə paltar geyinir. Bir çoxu Markı yeni əsrin özünəməxsus simvolu adlandırır.

Qeytsdən fərqli olaraq Zukerberq ailəsi həqiqətən də sadə olub. Anası psixiatr, atası isə stomatoloqdur. Amma bu iki peşə sahibi hansısa möcüzə sayəsində övladlarını prestijli Fillips Ekseter Akademiyasına qoydular. Bu məktəbdən ABŞ-ın 14-cü prezidenti Franklin Pirs, Avraam Linkolnun oğlu Robert, məşhur yazıçı Den Braun və “Forbes” jurnalının rus versiyasının baş redaktoru Pol Xlebnikov məzun olublar. Qısacası, məktəbin məzunları əsasən varlıların övladları olub.

Mark məktəbi bitirib Harvarda oxumağa getdi. Məlumdur ki, oğlunun təhsil haqqını ödəmək üçün atası gündə 30 dişə plomb qoymalı idi. Yeniyetmə Mark Harvardda psixologiya fakultəsində oxuyur və İT kurslarına gedirdi. Hobbisi kimi isə “C, C++, Java Visual Basic, Vbscript, JavaScript, PHP və ASP” kimi proqramları göstərirdi.

O, Harvardda “Alfa-Epsilon-Pi” yəhudi cəmiyyətinin üzvü olur. Dostları Kris Hyuz və Dastin Moskoviçlə birlikdə “Facebook” sosial şəbəkəsini qurur. İlk dövrlər ona maliyyə yardımını Eduardo Saverin göstərir. Sonradan iş adamı Piter Til layihəyə 500 min dollar sərmayə qoyur. Piter “Palantir Technologies” şirkətinin sahibi idi. Bu şirkət məlumatların izlənməsi, şifrələrin qırılması, kəşfiyyat aparmaq üçün lazım olan proqram təminatının hazırlanması ilə məşğul idi. 2008-ci ilə qədər şirkətin yeganə müştərisi Mərkəzi Kəşfiyyat İdarəsi idi. 2010-cu ildən dünya səviyyəsində şirkət məhsullarının satışı başladı.
“Palantir Technologies” şirkəti xüsusi xidmət orqanlarına müəyyən məhsullar, xidmətlər satırdı...

İlon Mask

İlon Maskın bioqrafiyasında yazılıb ki, Cənubi Afrika Respublikasında, orta səviyyəli mühəndis və dietoloq ailəsində doğulub. Amma dərinə baxsaq, Maskın ailəsi heç də kasıb olmayıb. Onun atası bir sıra iri layihələrin reallaşmasında iştirak edib və şəxsi biznesə malik olub. Anası isə dietoloq idi və “Miss Cənubi Afrika-1969” gözəllik müsabiqəsinin qalibi, model idi.

Maskın nənəsi və babası da birmühərrikli təyyarə ilə Cənubi Afrikadan Avstraliyaya uçan ilk insanlardır. İlon bütün uşaqlıq dövrünü prestijli məktəblərdə keçirib. Təhsili başa vurub Kanadaya köçüb. Deyilənlərə görə, Mask burada yoxsul kimi yaşayıb və bir çox işdə çalışıb. Amma bir il sonra kasıb İlon ölkənin ən prestijli ali təhsil ocağına-Kinqstondakı Kuins universitetinə daxil olub. İki il sonra isə Pensilvaniya universitetində təqaüd qazanır və ABŞ-a köçür. Sonra isə ciddi şirkətlərdə iş, ciddi adamlarla tanışlıq, qardaşı ilə birlikdə “Zip2” şirkətini qurur. Sonra isə Piter Til ilə əməkdaşlıq. Piter Till terrorçuları izləyən və Zukerberqə “Facebook” üçün 500 min dollar verən şəxsdir...

Mark 2010-cu ildə bir filantrop kampaniyasına qoşulur. Bu kampaniya 2010-cu ilin iyun ayında Bill Qeyts tərəfindən başlanılıb. Kampaniya dünyanın ən varlı insanlarını xeyriyyə işinə pul qoymağa səsləyir. Bu gün 22 ölkədən olan 187 milyarder aksiyaya qoşulub. Onlar arasında Pol Allen, İlon Mask, Maykl Blumberq, Berron Hilton, Riçard Brenson kimi milyarderlər var...