28 fevral 2020 19:32
2741

Dünyanı sarsıdan epidemiyalar: Taun, çiçək, vəba, SARS...

Dekabr ayında Çinin Uhan şəhərində peyda olan koronavirus artıq dünyada 2000-dən çox insanın həyatına son qoyub. Bəşəriyyət hər nə qədər inkişaf etsə də bəzən bu tip virusların qarşısında aciz qalırıq. Maraqlıdır, indiyədək kütləvi ölümə səbəb olan xəstəliklər hansılardır?

İnsanoğlunun qarşılaşdığı ən çətin epidemiyaların başında “qara ölüm” adı verilən taun gəlirdi. Bu epidemiya o tarixdə 30 milyon kəndlini, ya da Avropa əhalisinin üçdə birini öldürmüşdü. Taun xəstəliyinə yol açan “Yersina pestis” adlı bakteriyanın vətəni monqol bozqırlarıdır. 1330-cu illərdəki həddindən artıq istilər Asiya çöllərində yaşayan birələr və gəmirici heyvanları monqol çöllərinə doğru sürmüşdü. Mədələri taun bakteriyası ilə dolu birələr monqol atlılarının kürəyində Asiya və Avropanı dolaşmağa başladı.

Dünyadakı ən kiçik heyvan olan “Plasmodium” (malyariya) parazitinin təsir dairəsi bu gün belə çaşdırıcı ölçülərdədir. Hər il təxminən 600 milyon insanın bədənini işğal edir və hər il 1 milyon afrikalı körpənin həyatını alır. Parazit əlverişli şərtlər tapdığında insanı sürətlə öldürə bilir. Amma çox vaxt bədəni zəiflədərək, immunitet sistemini çökdürərək yatalaq, qrip və dizenteriya kimi xəstəliklərin səhnəyə çıxmasını asanlaşdırır. Tarixin ən böyük komandirlərindən biri olan Böyük İsgəndər fars ölkəsini, Suriyanı, Ərəbistanı, Finikiyanı və Misiri fəth etmişdi, amma Babildə malyariyaya məğlub düşdü.

Dünya Sağlamlıq Təşkilatı 1957-ci ildən etibarən malyariya ilə sıx mübarizə içindədir. Bu səbəblə 1939-cü ildə ilk dəfə Kolorado kartof böcəyini öldürmək üçün istifadə edilən DDT-dən faydalanılır. Günümüzdə malyariyanın sahəsi 80 faiz daraldılmış vəziyyətdədir. Yenə də Şri-Lanka, Qayana kimi ölkələrdə yenidən ortaya çıxdı. Hindistan hal-hazırda səhiyyə büdcəsinin 50 faizini malyariya ilə mübarizəyə ayırır. Braziliyada illik malyariya hadisələri son 20 il içində 50-dən 500.000-ə çatıb.

Tarix boyunca insanın qarşılaşdığı ən ürküdücü epidemiyalardan biri də cüzamdır. O qədər qədim bir xəstəlikdir ki, gerçək mənşəyi bilinmir.  Tarixin ən köhnə xəstəliklərindən biri olan cüzama misirlilər “ölümdən əvvəlki ölüm” adını vermişdilər və xəstələri “palçıq şəhəri” deyilən bir yerə göndərirdilər. Qədim Çin və Hindistanda cüzamlılar dərhal öldürülür ya da yandırılırdı. Konfutsi cüzamlı bir müridinin üzünə baxmağı rədd etmişdi. Koreyalılar üçün bir cüzamlı “Tanrının lənətlədiyi bir köpək” idi. Qısacası, tarix boyunca cüzamlılar hər zaman qara siyahıda yer aldılar. Cüzamlıya daha xoşgörüşlü yaxınlaşan və onlar üçün ilk xəstəxanaların qurulduğu (Avropadakı ən köhnə cüzam xəstəxanası 4-cü əsrdə Konstantinopolda quruldu) Avropada da vəziyyət çox fərqli deyildi. Cüzamlılar eyni tip paltar geyməyə məcbur edilir, bu paltarlarının üzərinə böyük bir “L” hərfi işlənirdi. Sağlam olanları xəbərdar etmək məqsədi ilə zəng daşıyırdılar. İstədikləri bir şeyi işarə edəcəkləri bir çubuqları, bir su bardaqları və sədəqə çantaları var idi. Cüzam və cüzamlılar Avropadan 14-cü əsrdə əsrarəngiz bir şəkildə yox oldular. Ancaq cüzam tarix səhnəsindən çəkilərkən onun yerini bir başqa epidemiya vərəm aldı. Vəhşi kapitalizmin amansız şərtlərində avropalıların 70%-i vərəmə tutuldu. Ancaq ölənlərin böyük əksəriyyəti immiqrant işçilər, sənaye işçiləri, evsizlər, ailəsindən qopmuş uşaqlar idi.

Xristofor Kolumb ilə başlayan və daha sonra ispan istilaçılarla davam edən Amerika qitəsinin kəşfi əsnasında 100 il kimi qısa bir müddətdə çiçək epidemiyaları tam 100 milyon Amerika yerlisini yox etdi. 1490-ci ildə Amerika yerliləri dünya əhalisinin 20%-ni təşkil edirdi. Bir əsr sonra çiçək xəstəliyi üzündən bu nisbət 3%-ə düşdü. İşğalçılar yeni qitədə iqtisadi fəaliyyəti davam etdirə bilmək üçün Afrikadan milyonlarla zənci kölə gətirdilər. Bu kölələrin çoxu səfərlərdə həyatını itirdi. Tarixçilər kölə ticarətinin sürdüyü 350 il boyunca Atlantik okeanının 15 milyon afrikalıya məzar olduğunu söyləyirlər. Bəlkə də bu səbəblə portuqaliyalılar kölə daşıyan kalyonlarına “tumbieros” yəni “üzən məzarlar” adını vermişdilər.

Birinci Dünya müharibəsinə qədər qrip o qədər də əhəmiyyət verilməyən “evcil” bir epidemiya idi. Ancaq 1918-ci ilin yazında amansız bir düşmən kəsildi və tam 15 milyon insanı torpağa basdırdı. Döyüş meydanlarında 15 milyon insanın ölməsi tam 4 il almışdı. Halbuki qrip eyni rəqəmə qısa müddət içində çatdı. 1918-ci ildə yalnız ABŞ-da ölənlərin sayı 550 min idi ki, bu rəqəm ABŞ-ın Koreya və Vyetnam döyüşlərində verdiyi ölü sayından çox idi. Bu epidemiya zamanı Alyaska kəndlilərinin hamısı yox olarkən Hindistanda 12 milyon adam həyatını itirdi. Qrip virusu elm tərəfindən 1933-ci ildə müəyyən olundu. Ancaq onun minlərlə ildir dünyanı gəzdiyi təxmin edilir. İlk qrip epidemiyasının başlanğıcı isə insanoğlunun fermalarda at, donuz və ördəyi əhliləşdirməsilə eynivaxtlıdır. Bu gün ördək mədəsinin dünyanın ən yaxşı çalışan qrip fabriki olduğu qəbul edilir. Bir çox qrip epidemiyasının da son illərdə sıx ördək bəsləyən Çindən qaynaqlanması təsadüf deyil. Bir qrip epidemiyası ümumi olaraq ortaya çıxdığı bölgədəki ümumi əhalinin 25-50%-ni qısa müddətdə yatağa düşürə bilir. Ölüm nisbəti isə 1%-dən daha aşağıdır. Hər əsrdə nizamsız şəkildə ortaya çıxan 3 ya da 5 böyük qrip epidemiyası yaşanır. Epidemiyanın bir digər xüsusiyyəti də “ömürünün” qısa olmasıdır. Bu gün elm bir çox ciddi xəstəliyin peyvəndini kəşf etmiş olmaqla birlikdə qrip məsələsində qeyri-kafi qalır. Çünki bu virus hər 10 ya da 14 ildə bir genetik dəyişikliyə uğrayır, bu da onu məğlubedilməz edir.

SARS. İngiliscə “Severe Acute Respiratory Syndrome” sözlərinin baş hərflərindən ibarət olan bir qısaltma olan bu söz dilimizə “Kəskin tənəffüs çatmazlığı sindromu” şəklində çevrilə bilər. AIDS-dən sonra çağımızın ən qorxulan epidemiya xəstəliyi qəbul edilən SARS Asiya mənşəlidir. Xəstəlik ilk dəfə 26 fevral 2003-cü ildə Hanoyda 46 yaşında bir iş  adamından inkişaf edən kəskin atipik sətəlcəm və tənəffüs çatmazlığı cədvəli olaraq təyin olunmuşdu. Nəticə olaraq hər sivilizasiya tarixin fərqli dönəmlərində öz öldürücü xəstəliyini yaratdı. Planetimiz indilərdə AIDS, Ebola, SARS və digər qrip törəmələri epidemiyasıyla sarsılır. Üstəlik sürətli sənayeləşmə, təbiətin qətl edilməsi, qlobal istiləşmə yeni epidemiyalar infrastrukturunu meydana gətirərkən malyariya, vəba kimi köhnə düşmənləri da yenidən səhnəyə çıxarır. Digər tərəfdən modern həyat insanın ən güclü silahını-immunitet sistemini də əlindən alır. Su və hava çirkliliyi, həddindən artıq əhali artımının yol açdığı pis qidalanma, narkotik, böcək dərmanları, radiasiya, ana südündən imtina edilməsi, gərəksiz antibiotik istifadəsi immunitet sisteminin döyüşçüləri olan T Limfosit hüceyrələrinin sayını azaldır. Buna qarşılıq bakteriyalar isə getdikcə güclənməkdədir...

Sevinc Azadi, “İki sahil”