28 fevral 2020 19:33
2303

Dünyanı təşvişə salan virus

Son zamanlar Çində qeydə alınan və artıq yaxın ətrafa, Avropaya, qonşu ölkələrə belə yayılan koronavirus barədə xəbərlər gündəmi zəbt edib.

Dünyanın bir çox ölkələrini ağuşuna alan ölümcül virusla bağlı Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri davamlı olaraq hər gün açıqlamalar verir, dünyadakı durumu diqqətə çatdırırlar. Onu da qeyd edək ki, Çində bu hadisə baş verəndə, xəstəlik ilk dəfə aşkar olunanda Prezident İlham Əliyev ən yüksək səviyyəli dövlət qurumlarının rəhbərlərinə mümkün olan bütün vasitələrdən istifadə edib bu xəstəlikdən Azərbaycan xalqının maksimum qorunması ilə bağlı tapşırıqlarını verdi.

Həqiqətən də ölkəmizdə bununla bağlı çox ciddi, dövlət səviyyəsində işlər görülür. Dövlətimiz bununla bağlı önləyici, profilaktik tədbirlər həyata keçirir. Amma insanlar özləri də bir sıra məsələlərə nəzarət etməlidirlər.

Çin kimi nəhəng bir ölkəni cənginə alan virus artıq İran İslam Respublikasına da gəlib çatıb. Sözsüz ki, bu, Azərbaycan üçün təhlükəli hesab edilə bilər. Ancaq buna baxmayaraq,  ölkəmizdə virusa yoluxma halları qeydə alınmayıb. Artıq qonşu İranda müşahidə olunan koronavirus epidemiyasının Azərbaycana keçməməsi üçün bir sıra qabaqlayıcı tədbirlər görülür. Həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində ölkəmizin gömrük-sərhəd keçid məntəqələrində nəzarət tədbirləri daha da gücləndirilib. Belə ki, İran İslam Respublikasından ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarəti ölkə sərhədini keçən anda, inzibati binaya daxil olmadan portativ termometrlərlə yoxlanılır. Yoxlanış zamanı xəstə və xəstəliyə şübhəli bilinən şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün ayrılan və zəruri əşyalarla təmin edilən yerlərdə müayinəsinə lazımi şərait yaradılıb.

Koronavirus nədir?

Koronoviruslar ailəsinə 39 virus daxildir. Bu viruslar bir qatlı Ribonuklein Turşusundan, yəni informasiya daşıyıcısından ibarətdilər. Həmin RNT zülal membranın daxilindədir. Membranın üstü tikanlı olduğundan, günəş tacını xatırladır. Elə buna görə də ona Korono, yəni taclı virus deyirlər. Bu taclı virus bronxit və pnevmoniyanın əsas törədicisidir. 2002-ci ildə dünyanı möhkəm qorxudan atipik pnevmoniyada məhz onun əl işi idi. Maraqlıdır ki, atipik pnevmoniya epidemiyası da Çinin Quandun şəhərində başlamışdı.

Xəstəlik halsızlıq, baş ağrısı, öskürək, bədən hərarətinin yüksəlməsi, əzələ ağrısı, tənəffüs problemi, diareya, ürək bulanması kimi hallarla müşahidə olunur. Virus daha çox yaşlı və immuniteti zəif insanlara təsir göstərir. Onun inkubasiya dövrü 14 gün təşkil edir ki, bu da həmin müddət ərzində sağlam insana keçmə ehtimalı yüksək olur. Virus daha çox damcı yolu ilə, insan öskürəndə və asqıranda keçir. Hətta istənilən çirkli yerə toxunduqda virusa yoluxma ehtimalı mümkün olur. Buna görə də çirkli yerlə təmasdan sonra əlin ağıza, buruna və ya gözə vurulması təhlükəlidir.

Respublikanın baş infeksionisti Cəlal İsayev bildirib ki, hazırda koronavirusdan dünyasını dəyişənlərin 80 faizini 60 yaşından yuxarı insanlar təşkil edir: “Cavan yaş qrupunda ölüm 1 faizə bərabərdir. 45-50 yaşlı insanlarda bu faiz yüksələrək 50 faiz təşkil edir. Bu, bir daha göstərir ki, virus daha çox yaşlı insanlar üçün təhlükəlidir. Adətən yaşlı insanların həyat boyu qazandıqları xəstəliklər olur ki, onlarda bu virusa yoluxma zamanı onun sağalma ehtimalını azaldaraq ölüm riskini daha da yüksəldir”.

Azərbaycanda hər hansı yoluxma faktı qeydə alınmasa belə, hər ehtimala qarşı aşağıdakı qabaqlayıcı tədbirləri görmək vacibdir. Səhiyyə Nazirliyi, bir sıra tibb ekspertləri də öncə vətəndaşları xəstəliyin müşahidə olunduğu ölkələrə səfər etməkdən, bundan başqa kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinməyə çağırırlar. Əllər tez-tez yuyulmalı, xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra bu prosedura mütləq şəkildə əməl olunması vacibdir. O, da diqqətə çatdırılıb ki, xəstəliyin simptomları müşahidə olunan şəxslər öskürərkən və asqırarkən məsafə saxlamlı, ağız və burnu kağız dəsmal və ya dirsək bükümü ilə bağlamalıdırlar. Hətta xəstəliyin simptomları ilə bağlı şübhə yarandığı halda dərhal həkimə müraciət olunmalıdır. Vətəndaşlar üzərilərində dezinfeksiya vasitələri gəzdirməli və ondan istifadə etməli, insanların çox olduğu, məsələn, hava limanlarında, metroda və sair yerlərdə xüsusilə ehtiyatlı olmalıdırlar.

Mənsumə Babayeva, “İki sahil”