21 iyun 2019 19:59
1952

Dünyanın ən uzun dəmir yolu xətti BTQ-yə birləşir

Azərbaycanın birbaşa təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yoluna maraq günü-gündən artmaqda davam edir. İşə düşdüyü gündən özünü doğruldan və ölkəyə dividentlər gətirən bu xəttin Şimal qonşumuz Rusiya özünün ən böyük layihələrindən birini, Transsibir xəttini birləşdirmək niyyətindədir. Əgər bu reallaşarsa, Azərbaycan üzərindən daha böyük həcmdə yükdaşımalar həyata keçiriləcək ki, bu da ölkəmizə əlavə gəlir və üstünlüklər gətirəcək.

Belə ki, Rusiya Transsibir dəmir yolu xəttilə yük axınının, o cümlədən konteyner daşımalarının bir hissəsini Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan isə Avropaya çatdırmağı planlaşdırır. “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Aleksandr Mişarin bu günlərdə “RİA Novosti”yə müsahibəsində bu məqama aydınlıq gətirib: “Layihə artıq Azərbaycan-Gürcüstan-Türkiyə arasında razılığa əsasən həyata keçirilir. Söhbət iki ox eni 1435 və 1520 millimetr olan dəmir yolu xəttinin tikintisindən gedir. Bu bizə imkan verəcək ki, Transsibir xətti ilə yük axınının, o cümlədən konteyner daşımalarının bir hissəsini Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan isə Avropaya çatdıraq. Daşımaların təşkili üçün Türkiyə və Rusiya tərəfindən müəssisə yaradılacaq”.

Transsibir dəmir yolu xətti Avrasiya ərazisindən keçməklə paytaxt Moskvanı şərqi Sibirin və Uzaq Şərqin böyük sənaye şəhərləri ilə birləşdirir. Dünyanın ən uzun magistral xətti olan Transsibir dəmir yolunun uzunluğu 9288 kilometrdir. May ayında Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlığın inkişafı haqqında memorandum imzalanıb. Tərəflər dəmir yolu sektorunda milli dəmiryol şirkətlərinin nəqliyyat və tranzit potensialının inkişafı üzrə kompleks əməkdaşlığı inkişaf etdirmək barədə razılıq əldə ediblər.

Təbii ki, Rusiyanın Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə marağının getdikcə artması və bu layihəyə birbaşa qoşulmaq istəyi təsadüfi deyil. Məlumdur ki, Bakı-Tbilisi-Qars işə düşənə qədər Asiyadan Avropaya yüklərin çox hissəsi dəniz yolu, daha doğrusu, Süveyş kanalı vasitəsilə daşınıb. Amma bu marşrutla daşınan yüklərin nəqliyyat xərcləri baha başa gəldiyi üçün istehsalçı və alıcılara sərf edən yol deyil. Hazırda 21 min kilometr məsafəni 30-35 sutkaya qət etməklə bir konteyneri sifarişçilərə 850 dollara çatdırmaq mümkündür. Amma Bakı-Tbilisi-Qarsla yüklərin daşınması ucuz və qısa vaxta başa gəlir ki, bu da həm istehsalçının, həm də alıcının marağına uyğundur. 

Taleh Bağırov, “İki sahil”