Məşhur "Hurun” reytinq agentliyinin apardığı son araşdırmalarına görə, dünyada milyarderlərin ümumi sayı 346 nəfər artaraq, 2816 nəfərə çatıb. Bu məqalədə sizi dünyanın ən zəngin insanlarının bəzilərilə tanış edəcəyik.
Stiv Ballmer
Stiv Ballmer 1956-cı ildə ABŞ-nin Detroyd şəhərində anadan olub. Onun anası İsveç mühaciridir, anası da yəhudidir.1986-ci ildə "Microsoft"un reklamında rol alan amerikalı iş adamı 2000 -ci ildə həmin şirkətin direktorlar şurasının sədri seçilir. 2000-2014-cü illər arasında “Microsoft” şirkətinin baş direktoru vəzifəsini icra eden Stiv Ballmer 2006-ci ildə "Forbes" jurnalında ən varlı insanlar arasında 84-cü sırada yer alır. Hal-hazırda onun sərvəti 67 milyard dollardır.
Mukeş Ambani
Mukeş Ambani Hindistan əsilli sahibkar olmaqla yanaşı, öz ölkəsinin ən zəngin adamı sayılır. O, 19 aprel 1957-ci ildə Yəməndə anadan olub.Hindistanın özəl sektorunda fəaliyyət göstərən “Reliance Industries” şirkətinin əsas sahibidir. Mukeş Ambani 2008-ci ildə "Forbes" jurnalında ən varlı hindli kimi yer alıb. Onun sərvəti təxminən 64,6 milyard dollardır.
Larri Peyc
Larri Peyc “Google” sisteminin təsisçilərindən biridir, bir neçə il dalbadal dünyanın ən zəngin insanları siyahısına daxildir.Onun sərvəti 66 milyard dollardır.
Sergey Brin
Sergey Brin hesablama texnikası, informasiya texnologiyaları və iqtisadiyyat sahəsində fəaliyyət göstərən sahibkardır. O, həmçinin “Google” axtarış sisteminin təsisçilərindən biri olmuşdur. Hal-hazırda sərvəti 68 milyard dollardır.
Karlos Slim
Karlos Slimin əsas gəlir mənbəyi kommunikasiya sənayesidir, sahibkarın əsas aktivi “Grupo Carso” şirkətidir.O, həmçinin “Carlos Slim Institute of Health” adlı sağlamlıq fond-institutunun təsisçisidir.Bu institut şəkər və xərçənglə mübarizə işləri ilə məşğuldur. Meksikanın iqtisadiyyatına və təhsil sisteminə milyon və milyardlarla investisiya edir.Karlos Slimin hal-hazırda sərvəti 72 milyard dollardır.
Amansio Orteqa
Amansio Orteqa – İspaniya əsilli milyarder, özündə dünyanın 88 ölkəsində fəaliyyət göstərən 6750 mağazanı birləşdirən “Inditex” şirkətinin keçmiş prezidentidir. Onun sərvəti təxminən 81 milyard dollardır.
Mark Çukerberg
Mark Çukerberg 14 may 1984-cü ildə Nyu York şəhərində anadan olub. Mark Çukerberg “Facebook” sosial şəbəkəsinin yaradıcılarından biridir, hal hazırda “Facebook Inc” şirkətinə rəhbərlik edir. 2018-ci ildə" Forbes" jurnalında 71 milyard sərvəti ilə dünyanın ən varlı insanları siyahısında 5-ci yerdə idi. Hal-hazırda Mark Çukerbergin sərvəti 84 milyard dollardır.
Uorren Baffet
Uorren 10 ilin ən uğurlu investorlarından biridir. Onun tərəfindən yaradılmış sxem və qaydalar, qiymətli kağızlar bazarında əməliyyat aparan ticarətçilər üçün əsl dərsliyə çevrilib. Nyu-York maklerləri hətta deyirlər ki, birjada əməliyyat açarkən, özlüyündə sakitcə onun kitablarından sitatlar pıçıldasan mütləq bəxtin gətirməlidir. Amma çoxları onun bu sərvəti necə və hansı yolla qazandığını bilmir. Xeyriyyə ilə məşğul olur. Onun adı dünyanın ən zəngin adamları siyahısında ilk beşliyə daxildir. Çox maraqlıdır ki,Baffetin iş otağında hələ də kompyuter yoxdur: o bütün qərarları, köməkçinin onun üçün çap etdiyi, müəsissələrin maliyyə hesabatlarına, öz intuisiyasına və müəssisə sahibləri ilə söhbətlərə əsaslanaraq qəbul edir, birja icmallarına isə arxayın olmur. Bəlkə də ona görə o, sərvətinin 99%-ni 50 yaşından sonra qazanıb. 63,3 milyard dolların, 60 milyardını isə Baffet 60 yaşı tamam olandan sonra qazanıb.Hal-hazırda onun sərvəti 102 milyard dollardır.
Bill Qeyts
"Microsoft" şirkətinin yaradıcısı Bill Qeyts 28 Oktyabr 1955-ci ildə ABŞ-da anadan olub. Vəkil ata ilə müəllim ananın oğlu olaraq dünyaya gələn Qeyts , hələ on iki yaşında olan zaman özəl məktəbdə ilk dəfə informatika kurslarına yazılır. Boş zamanlarını əsasən kompyuter proqramları yazaraq keçirirdi. Tanıdıqları bir şirkətin böyük kompyuterini pul ödəmədən istifadə edə bilmək üçün məktəb yoldaşı Paul Allen ilə birlikdə istifadəçilər üçün proqram səhvlərini axtarıb tapırdılar. Beləliklə, kompyuter sahəsində ixtisaslaşan tələbələr 1972-ci ildə ilk şirkətlərini (Traf-O-Data) qurdular. Bu şirkət küçə hərəkətinin nizamlanması üçün proqramlar yazırdı və qısa müddətdə 20.000 dollar qazandılar. Artıq neçə ildir ki, gündəmə sərvəti, bahalı evi, etdiyi xeyriyyə yardımları ilə gələn Bill Qetsin şəxsi həyatı da iş həyatı kimi maraqlıdır. Evinin böyüklüyü 5000 kvadrat metr olan Qeyts otağında məşhur rəssam Da Vinçinin əlyazma kitablarını saxlayır. Saniyədə 250 $ qazanır və hazırda dünyanın ən zəngin insanıdır. "Microsoft"un səhmləri isə hər zamankı kimi yüksəlməyə və Bill Qeytsə sərvət qazandırmağa davam edir. Hal-hazırda onun sərvəti 106 milyard dollardır.
Bernard Arno
Bernard Arno Fransız iş adamıdır.O, 1949-cu ildə Fransada anadan olub.Məşhur “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidentidir. Hal-hazırda onun sərvəti 117 milyard dollardır.
Ceff Bezos
1964-cü ildə Amerikanın Albuquerque şəhərində doğulan Ceff Bezos uşaqlığından bəri kompyuterlərə və yeni inkişaf edən texnologiyalarla maraqlanırdı. Uşaq vaxtı müəlliminə “İnsanların gələcəyi bu dünya ilə bağlı olmayacaq” deyən Bezos o yaşlardan etibarən kosmos mütəxəssisi olmaq istəyirdi. Sonralar xəyalını reallaşdırıb kosmos araşdırmaları şirkəti "Blue Origini" qurmazdan əvvəl Princeton Universitetinə qəbul olunub və kompyuter mühəndisliyi fakültəsini bitirmişdi. Məzun olduqdan sonra "Intel və Bell" Labs kimi şirkətlərdən təklif alsa da "Fitel" adındakı bir startuptda işə başladı. Hal-hazırda o, “Amazon.com” un təsisçisi və rəhbəri olmaqla yanaşı, “Blue Origin” aviaşirkətinin sahibidir.Onun sərvəti 140 milyard dollardır.
Samirə Tağıyeva, "İki sahil"