18 mart 2019 10:36
924

“Dünyanın yeni xarici siyasəti” Bakıda müzakirə olunur

VII Qlobal Bakı Forumu yenidən dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəldib

55 ölkədən 500-dən çox nümayəndənin iştirak etdiyi, “Dünyanın yeni xarici siyasəti” mövzusuna həsr olunan Forum ölkəmizi növbəti dəfə beynəlxalq humanitar platformaya çevirdi. “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” kimi mühüm məsələlərin müzakirəsinə həsr olunan panellərdə dünyada baş verən hadisələr geniş təhlil olundu. Ölkələr arasında münasibətlərin sülhün təminatına yönəldilməsi üçün vacib şərt olan siyasi və enerji təhlükəsizliyinin təminatına diqqətin artırılması Forumun gündəliyində duran əsas məsələ kimi diqqətdə saxlanıldı.

İllərin təcrübəsi də göstərir ki, iştirakçıların tərkibinə, tanınmış dövlət başçılarının iştirakına və intellektual potensialına görə Qlobal Bakı forumlarının hər biri beynəlxalq münasibətlərin, dünyanın gələcəyi ilə bağlı narahatlıqların tənzimlənməsi baxımından dəyərlidir.

Qlobal Bakı Forumunun və digər beynəlxalq simpozium və konfransların Bakıda keçirilməsi Cənubi Qafqazın lider dövləti olan, təşəbbüsləri ilə seçilən Azərbaycanın xarici siyasətinin, iqtisadi inkişafının, dünyada sülhün qorunmasında, terrora qarşı mübarizədə göstərdiyi səylərin dəstəklənməsidir.

Ötən ay Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında qarşılıqlı əməkdaşlığın faydasını “Bu gün biz təkcə geriyə baxmaq istəmirik, biz gələcəyə baxmalıyıq. Cənub Qaz Dəhlizi təkcə Avropanın enerji şaxələndirilməsi üçün xüsusi əhəmiyyət kəsb etmir. O, həm də dəhliz boyunca yerləşən ölkələrdə və onların hüdudlarından kənarda dinamik proseslərə start verib. Söhbət təkcə qazdan deyil, daha çox məsələlərdən- qonşuluq və tərəfdaşlıqdan gedir” sözləri ilə bildirən cənab İlham Əliyev Forumda bir daha münasibətlərin sağlam təmələ əsaslanmasının müasir dövrümüz üçün daha vacib olduğunu, bütünlükdə dünyada sülhün təminatına yönəldiyini diqqətə çatdırdı: “Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Ona görə də Azərbaycan sonuncu Forumdan bəri xarici siyasət istiqamətləri ilə bağlı təşəbbüslərini davam etdirib. Düşünürəm ki, biz ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq.”

Cənab İlham Əliyev Bakı Forumundakı çıxışında vurğuladı ki, dünyada sülhün qorunması qonşularla səmimi, qarşılıqlı əməkdaşlıq münasibətlərindən birbaşa asılıdır. Regional təhlükəsizlikdən , ərazi münaqişələrindən söz açan dövlət başçımız Ermənistanın işğalçılıq siyasətini bölgə üçün təhlükə mənbəyi adlandırdı.

Vurğulandı ki, BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı və digər təşkilatlar tərəfindən qəbul olunan, beynəlxalq hüquqa, ədalətə əsaslanan və münaqişənin sülh yolu ilə həlli üçün hüquqi baza olan qətnamə və qərarları yerinə yetirməyən Ermənistan hələ də status-kvonun saxlanılmasına çalışır. Halbuki ATƏT-in Minsk qrupuna daxil olan ölkə başçılarının dəfələrlə vurğuladıqları kimi status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını işğal altında saxladığı Azərbaycan ərazilərindən çıxarmalıdır.

Danışıqların formatını dəyişmək üçün səy göstərən Ermənistan hökumətinin bu istəyinin beynəlxalq hüquqa zidd olduğunu bəyanatla bildirən ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin başçıları, həmsədrlər, Avropa İttifaqının rəsmiləri işğalçıya açıq mesajla çatdırdılar ki, bu cəhdlər qəbuledilməzdir.

İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan az sayda ölkələrdən sayılan Azərbaycan İslam aləminin ayrılmaz parçası olmaqla Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıqla bağlı bəyannamələr və razılaşmalar imzalanmışdır. “Biz ötən il Avropa İttifaqı ilə əməkdaşlığımızın bütün əsas sahələrini əhatə edən, tərəfdaşlıq prioritetləri adlanan çox mühüm bir sənədi parafladıq. Bu sənəddə, xüsusilə, Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli ilə bağlı məqam aydın əksini tapıb. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına tam dəstək ifadə olunur” söyləyən cənab İlham Əliyev Forum iştirakçılarının diqqətinə çatdırdı ki, münaqişənin həllinin yeganə yolu Azərbaycanın dəyişilməz mövqeyini ifadə edən, sadiq qaldığı ərazi bütövlüyümüzün bərpasıdır.

Artıq on ili tamam olan “Bakı Prosesi”nin, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Dünya Dini Liderlərinin Zirvə Toplantısının, BMT Sivilizasiyalar Alyansının VII Forumunun təşəbbüskarı olan Azərbaycanın mültikulturalizm təcrübəsinin nümunə göstərilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolunu daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin “Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunun tarixi kökləri var. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub” sözlərini Azərbaycanda bütün dinlərə məxsus xalqların bir ailə kimi yaşaması da təsdiqləyir. Qlobal təhlükəsizlik sahəsində rolu artan, münaqişə bölgələrində sülhyaratma proseslərində əsgər və zabitləri ilə iştirak edən Azərbaycanın təşəbbüsləri ilə reallaşan enerji və nəqliyyat layihələri, bölgədə, bütünlükdə dünyada sülhün qorunmasına xidmət edir.

Müasir dövrümüzün ən başlıca çağırışlarından olan “Hər bir ölkənin iqtisadi müstəqilliyinin əsasını enerji ilə təminat təşkil edir” sözləri qlobal təhlükəsizlik üçün də mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizin təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizinin çəkilişi ilə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşdirən formatın özü regionun ən böyük infrastruktur layihələrindən olmaqla qlobal təhlükəsizliyə önəmli töhfədir. “Bizim planlarımız bugünkü formatın hüdudlarından kənara çıxır. Biz artıq Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro kimi Balkan ölkələri ilə Anlaşma Memorandumu imzalamışıq” söyləyən cənab İlham Əliyev bildirir ki, Azərbaycan enerji və nəqliyyat sektorlarında Asiya, Qafqaz, Avropa ölkələrini və Avropa İttifaqına üzv ölkələri əhatə edən beynəlxalq əməkdaşlığın aparıcı üzvüdür.

Planetimizin Şərq bölgəsi bu gün də münaqişə ocağı kimi narahatlıq doğurur. Bu cür qlobal forumların keçirilməsi münaqişə ocaqlarında əmin-amanlığın bərpası, miqrant problemlərinin həlli baxımından daha çox əhəmiyyətlidir. Miqrant böhranı demək olar ki, dünyada sülhün təminatına ən böyük təhlükədir. Şəhərləri dağılan yüz minlərlə insanı, canlarını qurtarmaq üçün başqa ölkələrə pənah aparan miqrantları tikanlı məftil, söyüş, təhqirlə qarşılamaq sivilizasiyalararası münasibətlərə, mədəniyyətlərarası dialoqlara böyük zərbə vurur.

Müxtəlif dinlərə, konfessiyalara məxsus xalqların birgəyaşayış formulu, düsturu olan tolerantlığın, multikulturalizmin təbliği ilə dini radikalizmə, terrora qarşı birgə mübarizə qlobal təhlükəsizlik üçün ən kəskin silah, yeganə vasitədir. Təcrübə göstərir ki, dünyanın siyasi xəritəsini dəyişmək istəyində olan qüvvələrin maliyyələşdirdiyi radikal silahlı qüvvələrin törətdikləri terrorlara qarşı birgə mübarizəni gücləndirmədən qlobal təhlükəsizliklə bağlı deyilənlər yalnız tezis olaraq qalacaqdır.

İllərdən bəridir ki, işğaldan, terrordan, separatizmdən əziyyət çəkən, müxtəlif beynəlxalq təşkilatlarda söz sahibi olan, diplomatiyası dəstəklənən, böyük rəğbət qazanan Azərbaycan iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə terrora qarşı mübarizənin vacibliyini aktuallaşdırmaqla, bu sahədə fəal iştiraka, dəstək göstərməyə hazır olduğunu da əməli fəaliyyəti ilə təsdiqləyir. Əfqanıstanda siyasi sabitliyi pozanlara qarşı mübarizə üçün hava məkanından istifadəyə icazə verən Azərbaycan miqrantlara yardım kampaniyalarında da fəal iştirak edir, təbii fəlakətlərdən zərər çəkən ölkələrə maddi-mənəvi dəstək göstərir. Dərin böhran içərisində olan Avropa məkanında həyat üçün təhlükə yaradan problemlərlə üzləşən miqrantların problemlərini dünya ictimaiyyətinə çatdıraraq dəstəyini əsirgəmir, ikili standartlardan yaranan ədalətsizliklərə qarşı barışmaz mövqeyini ən yüksək tribunalardan səsləndirir. Xeyirxah və humanitar layihələrdə iştirak etməklə beynəlxalq aləmdə tolerantlığın təbliği üçün səyini əsirgəmir.

Ötən Forumda “Beləliklə, regiondakı və dünyadakı rolumuzun nədən ibarət olduğunu və həmin nəcib məqsədlərə nail olmaq yolundakı nailiyyətlərimizi qısaca olaraq diqqətinizə çatdırdım. Bir daha qeyd edirəm ki, bizim siyasətimiz əməkdaşlığa, dostluğa və tərəfdaşlığa nail olunmasına yönəlib. Dediyim kimi, müasir Azərbaycanın nailiyyətləri sübut edir ki, biz düzgün yoldayıq” söyləyən dövlət başçımız Azərbaycanın dəstəyi ilə həyata keçirilən enerji, nəqliyyat layihələrini dövlətlərarası münasibətlərin möhkəmlənməsini təmin edən faydalı təşəbbüs kimi qiymətləndirir. Qeyd olunduğu kimi, bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var.

Xuraman İsmayılqızı, “İki sahil”