06 avqust 2020 20:05
1492

Düşmənə qarşı informasiya savaşı necə aparılır?

“Azərbaycan sərhədinin Tovuz rayonu hissəsində Ermənistanın hücum cəhdi və bu xüsusda yaranmış hərbi münaqişə, müharibə vəziyyəti hər iki ölkənin media sektoruna da ciddi təsir göstərdi. Əslində biz analoji vəziyyəti 2016-cü ilin Aprel müharibəsi zamanı da yaşamışdıq. Lakin bu dəfə nisbətən fərqli mənzərənin şahidi olduq”.

Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, 4 il əvvəl olduğu kimi Ermənistanın müəyyən mənada gözlədiyimiz infodiversiyası ilə üzləşdik: “Hətta bu dəfə onların daha yüksək şəkildə hazırlaşdıqlarını müşahidə etdik. İnformasiya savaşını sərhəddəki hücumla paralel şəkildə planlaşdırmışdılar. Bunu demək üçün çoxsaylı əsaslar var. Ancaq hesab edirəm ki, onların planlaşdırmadığı, daha doğrusu, hesablamadığı digər məqamlar ortaya çıxdı. Bu məqamlardan biri və başlıcası Azərbaycan mediasının fəaliyyəti idi. Yalnız mediasının deyil, həm də sosial şəbəkə seqmentinin fəaliyyəti. Birinci ilə yanaşı, ikincini də xüsusi vurğulamaq istərdim.

Əvvəlki illərin analoji vəziyyətlərində biz bu iki seqmentin müəyyən mənada bir-birindən ayrı fəaliyyət göstərdiyini görürdüksə, bu dəfə birlik var idi. Nəticə etibarilə erməni xüsusi xidmət orqanlarının yaratdıqları saxta profillər, ermənipərəst qüvvələrin informasiya müstəvisindəki təxribatları ictimai rəyə təsirini göstərmədi. Belə desək, mənfi təmayüllər beşiyindəcə boğuldu. Təbii ki, burada media orqanlarımızın hadisə və proseslərə peşəkar yanaşmalarını xüsusi vurğulamalıyam. Onların təqdim etdikləri dəqiq materiallar, sosial şəbəkələrdə yayılmış təxribatlara dərhal reaksiyaları, bu barədə müvafiq dövlət qurumlarını məlumatlandırmaları, aldıqları cavabları dərhal ictimaiyyətə çatdırmaları öz sözünü dedi”.

Erməni saytlarını mütəmadi izlədiyini deyən Mətbuat Şurasının sədri 2016-cı ilin Aprel müharibəsi zamanı yaranmış situasiyanı da xatırladıb: “Erməni saytlarını müharibə şəraiti yarananda daha intensiv şəkildə diqqətdə saxladım. Xüsusən onların müxtəlif beyin mərkəzlərinin təhlilləri ilə tanış oldum. Həmin təhlillərin bir çoxunda Azərbaycanın Tovuz cəbhəsinə paralel şəkildə qurulan informasiya cəbhəsinə ciddi yanaşdığı etiraf olunurdu.

Bir məqamı vurğulamaq istərdim. 2016-cı ilin Aprel döyüşlərindən sonra erməni analitik təhlil mərkəzləri bildirdilər ki, onların Qarabağla bağlı nəsillərin dəyişməsinə və münaqişənin azərbaycanlılar tərəfindən unudulacağına hesablanmış baxışları iflasa uğradı. Çünki faktiki olaraq 2016-cı ildə ermənilərə qarşı Birinci Qarabağ savaşı illərində hələ dünyaya gəlməmiş nəsil vuruşdu, fədakarlıq göstərdi. Ermənilər bunu ideoloji uğursuzluq kimi qiymətləndirdilər. Yəni gördülər ki, illərə dayanan hesablamaları boşa çıxıb, Azərbaycan xalqı, xüsusən Azərbaycan gəncliyi Qarabağı unutmur.

Bu dəfə həmin erməni təhlil mərkəzləri artıq sırf informasiya cəbhəsində də uğursuzluğu etiraf etmək məcburiyyətində qaldılar. Mövcud istiqamətdə xaricdəki erməni lobbi və diaspor təşkilatlarının fəaliyyətinin heçə endirilməsi də göz önündədir. Faktiki olaraq, belə desək, “Tovuz müharibəsi” sübut etdi ki, azərbaycanlıların Qarabağ köklənişi yalnız Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Üstəlik bu kökləniş hər təxribat cəhdlərindən sonra daha fərqli müstəviyə qədəm qoyur, ermənilər isə malik olduqları mövqeləri itirirlər. Bütün bunlar son dərəcə vacibdir və bunlar Ermənistan cəmiyyətinə də təsirini göstərir”.

Hazırda Ermənistan cəmiyyəti ilə bu ölkənin hakimiyyəti arasında əvvəlki illərdə də mövcud olmuş uçurum, inamsızlıq mühitinin getdikcə dərinləşdiyini deyən Əflatun Amaşov erməni xalqının “Paşinyan demokratiya”sının sabun köpüyü mahiyyətindən başqa heç nə görə bilmədiyini söyləyib:

“Erməni xalqı indi Qarabağ mövzusunun demokratiya imitasiyaları üçün alət ola bilməyəcəyini heç vaxt dərk etmədiyi qədər gözəl dərk edir. Əlbəttə, Ermənistana qarşı apardığımız informasiya müharibəsində nöqsanlar və çatızmaqlar da az deyil. Bu barədə kifayət qədər söhbətlər açılır, müzakirələr aparılır. Gözlə gördüyümüz yetərincə konkret məqamlar var. Hər birinə ayrılıqda nəzər salmaq istəməzdim. Hesab edirəm ki, başlıca məqam informasiya müharibəsinin bütün seqmentlərinin tam səfərbərliyinin təşkil edilməsidir. Cəbhə ilə bağlı cəmiyyətə verilən məlumatlarda pərakəndəlik, hansısa özfəaliyyət, qeyri-peşəkarlıq meylləri görməməliyik. Cəbhə xəbərinə reytinq, rəqabət xəbəri kimi yanaşmaq tendensiyası tam arxa plana keçməlidir. Mövcud istiqamətdə media cameəsi ətraflı düşünməlidir. Eyni zamanda dövlət tənzimləmələri də həlledici rol oynamalıdır. Bu gün cəbhəyə yollanmaq arzusunu ifadə edən könüllülərimiz var. Çox gözəl. Amma biz yüksək hazırlıqlı orduya malikik. Əsas budur. Əsas məsələ həm də bizim sırf cəbhə təmayüllü peşəkar jurnalist resursumuzun tam hazır vəziyyətə gətirilməsidir. Əminəm ki, qarşıdakı müddətdə məsələyə daha ciddi önəm veriləcək”.