30 may 2019 10:28
1796

Duzdan Duzdağa...

İnsanın ilk istifadə etdiyi mineral maddələrdən biri olan duzun bildiyimiz və bilmədiyimiz bir çox təəccübləndirici cəhətləri vardır. Duz sadəcə bir dadlandırıcı, ədviyyat, insan orqanizmi üçün faydalı bir maddə deyil, eyni zamanda, yaşam boyu hətta uğrunda müharibələrin aparıldığı mühüm əhəmiyyətli sərvət olmuşdur. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Naxçıvanın rəmzlərindən biri təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır.

Bəzən pəhriz zamanı duzdan az istifadə etməli olduğumuzu düşünürük, lakin buna baxmayaraq duzu qida rasionumuzdan tamamilə çıxarmaq nəticə etibarilə hüceyrələrinin fəaliyyəti üçün mütləq ehtiyaclardan birindən imtina etməklə orqanizmin məhvinə səbəb ola bilər. Həddən artıq çox su içən insanların bədənindəki duz durulaşaraq birbaşa insanın ölümünə səbəb ola bilir. Qısacası, yaşamaq üçün orqanizmin duza ehtiyacı vardır. Lakin duzun həddən artıq qəbulu da ölümlə nəticələnə bilər. Uzun müddət çox miqdarda duzun qəbulu qan təzyiqinin qalxmasına və ürək problemlərinə gətirib çıxarır.

Ümumiyyətlə, duz “hüceyrələri danışdırır”. Belə ki, bütün qan hüceyrələri, dəri hüceyrələri, ilik hüceyrələri, bədəndə olan hansı orqandan asılı olmayaraq tək-tək hüceyrələrin hamısında müəyyən miqdarda duz vardır. Bu hüceyrələrdəki duz hüceyrə daxilində və hüceyrələrarası elektrik impulslarının ötürülməsinə kömək edir, müxtəlif bədən üzvlərinin və hüceyrələrin bir-biri ilə əlaqə qurmasına imkan yaradır.

Mənbələrdən birində duzu mətbəxə ilk gətirənlərin türklər olduğu göstərilir. Mənbədə qeyd olunur ki, Adəmoğullarından olan Türk xanının oğlu Tütək xan çöl düzündə kabab yeyərkən əlindəki tikə yerə düşmüş, tikəni götürüb yedikdə, ətin dadının dəyişdiyini hiss etmişdir. O zaman məlum olmuşdur ki, bu duzdur və o zamandan bəri duz mətbəxdə istifadə olunmağa başlanmışdır. Bu fakt nə dərəcədə inandırıcıdır, deyə bilmərik. Lakin Bayram Rzayevin duzla bağlı araşdırmasında duzun çıxarılması və istifadəsi haqqında yazılı məlumata Herodotun “Tarix”ində (e.ə.484 - 425) rast gəlindiyi məlum olur. Zakir Rzayev isə duzla bağlı yazarkən Qafqazda xörək duzunun ilk dəfə azı 5 min il bundan əvvəl çıxarılmağa başlandığını qeyd etmişdir.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, qədim Roma əsgərlərinə xidmətləri qarşılığında o vaxt üçün çox əhəmiyyətli bir şey olan duz və ya duz almaq üçün pul verilirdi. İngilis dilindəki “maaş, məvacib” mənasında işlədilən “salary” sözü də latın dilindəki “duz” mənasında işlənən “salarium” sözündən götürülmüşdür. Karfagenlər duzu qızıla bərabər dəyərli hesab edərək, onu “ağ qızıl” adlandırırdılar. İngilis dilində “qızıl kimi qiymətli” ifadəsini əvəz edəcək “duz kimi qiymətli” idiomu da işlənməkdədir. Bu isə qədim Romadan gələn bir şeydir.

Bayram Rzayev araşdırmalarında qeyd edir ki, Naxçıvan duzu ilə bağlı ilk dəfə əsaslı tədqiqat 1830-cu ildə Q.Voskoboynikovun “Qornıy jurnal”da Naxçıvan daş duz yatağının təsvirini verməsi ilə başlamışdır. Vəli Baxşəliyevin tədqiqatlarından məlum olur ki, Naxçıvanda qədim duz mədənləri 1967-ci ildə uçqun nəticəsində təsadüfən aşkar olunmuşdur. İsmayıl Hacıyev Duzdağdakı duz mədənlərindən tapılan çoxsaylı əmək alətləri və keramikalar buranın ən qədim duz çıxarılan yer olduğunu və ilkin şəhər mədəniyyətinin buradan başlandığını göstərtir.

Maraqlı faktdır ki, dünyada təxminən 100 ildir ki, yodlaşdırılmış duzdan istifadə olunur. Buna, 1920-ci illərdə Duzlu Göl sahilləri də daxil olmaqla Birləşmiş Ştatların Sakit okeanın şimal-qərb hissəsində insanların yod çatışmazlığından əziyyət çəkməsilə başlanıldı. Bu çatışmazlıq şişlərə, boğazda şişə çevrilən qalxanabənzər vəzinin genişlənməsinə gətirib çıxarırdı. Odur ki, hökumət yodlaşdırılmış duz tətbiqini həyata keçirməyə başladı ki, bu gün də istifadə olunmaqdadır.

Vurğulamaq lazımdır ki, insanın yeyə bildiyi yeganə qaya duzdur. Bu isə Naxçıvan şəhərindən 10 kim şimal-qərbdə yerləşən Duzdağ mədənlərində də istehsal olunur. Naxçıvan duzunun da qida məhsulu kimi yeganə çatışmayan cəhəti tərkibində yodun olmamasıdır. Bu səbəbdən də yeyinti məqsədilə istehsal olunan duz yodlaşdırılır.

Çoxları elə düşünür ki, duz yalnız yemək üçün sərf edilir, ancaq bu heç də belə deyildir. Duzun böyük əksəriyyət hissəsi, demək olar ki 70%-i kimyəvi maddə sənayesinə sərf olunur. Yalnız 6%, yəni qar və buzdan yolların təmizlənməsinə sərf olunandan (bu 8% təşkil edir) da az duz yemək üçün istifadə olunur.

Daha bir maraqlı fakta nəzər yetirək: bütöv mumyalama prosesi müəmmalı görünsə də, bu, insan bədəninin təbii sodium karbonatla bürüməkdir. Bu maddə bu gün təbii halda Misirdə də tapılan duzdur. Tez qurusun deyə duz bədənin içərisinə yerləşdirilirdi. Hətta orqanlar da bu yolla saxlanılırdı və dolçalara yığılırdı.

Duz üstündə dünyada bir çox müharibələr də olmuşdur. Vətəndaş Müharibəsi döyüşlərində BŞ-da duz üstündə vuruşmuşlar. Köhnə Amerikan Qərbində El Paso Duz müharibəsi baş vermişdir. Əsas dünyəvi duz müharibələri isə İordaniya çayı böyunca baş vermişdir. Napoleon qoşununda duz çatışmazdığından geri çəkilməyə məcbur olmuşdur. Roma duz ticarəti bir sıra konfliktlərin mənbəyi olmuşdur. Qısacası, duzun uzun və təhlükəli tarixi olmuşdur.

Bildiyimiz kimi, yeməyin dadını və keyfiyyətini qoruyan ən gözəl yoldur, bəzi mədəniyyətlərə görə isə bu, həmçinin ətrafdakı şər qüvvələrdən qoruyur. Əslində isə şər qüvvələrin duz vasitəsilə dəf edilməsi bir sıra müxtəlif dinlərdə mövcuddur və istifadə olunmaqdadır. Qədim Yunanlar duzu dini ayinlərdə, Şintoizmdə (Yaponyanın yerli dini) ondan ətrafın saflaşdırılmasında, Buddizmdə şər ruhların rədd edilməsində və çoxlu bütpərəst ayinlərdə də istifadə olunur. Göründüyü kimi, ta qədimdən duz bütün dünyada yüksək dəyərə malik olmuşdur. Bu səbəbdən də, insanlar onun boş yerə getməsini uğursuzluq kimi dəyərləndirirdilər. Avropalılar bu xürafatın Leonardo da Vinçidən gəldiyinə inanırlar. Onun İudanın sonuncu şam yeməyi adlı əsərində xainin duz qabını aşırdığı görünür. Buna görə də avropalılar duzun tökülməsinin pis əlamət olduğunu düşünürlər.

Duzla bağlı inamlar milli düşüncəmizdə də mövcuddur. Duzun yandırılaraq bəd nəzərləri, şər qüvvələri və mənfi auranı dəf etməsi, eləcə də duzun tökülməsinin pis əlamət olması ilə bağlı inamlar bu gün də xalq tərəfindən qorunub saxlanılmaqdadır.

Qədim dövrlərdə yaşayan insanlar öz fikirlərini uzaq məsafədə yaşayan insanlara (qəbiləyə, tayfaya və s.) çatdırmaq üçün bir neçə vasitədən, o cümlədən əşyalardan bacarıqla istifadə etmişlər: ox göndərməklə müharibə, qəlyan göndərməklə sülh, duz göndərməklə dostluq, qızıl gül göndərməklə sevgi, eşq-məhəbbət və s. anlayışlar o dövrün ibtidai yazı formalarının bariz nümunələrindəndir.

Naxçıvan Duzdağı yalnız qeyd olunan yüksək məziyyətlərə malik olan, qida, kimya sənayesi, əkinçilik, maldarlıq, məişət və s. sahələrdə istifadə edilən əvəzsiz mineral olan duz istehsalı üçün istismar edilmir. Eyni zamanda, Duzdağ dünyanın turizm və müalicə əhəmiyyətli məkanıdır. Hələ Sovetlər dönəmində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvandakı duz mədəninin şaxtasından müalicə məqsədilə istifadə etmək haqqında təşəbbüs irəli sürmüş və bu məqsədə nail olmuşdur. Qısa bir zaman kəsiyində bu öz müalicəvi əhəmiyyətini sübut etmişdir. Hər il dünyanın bir çox ölkələrindən, o cümlədən respublikamızın digər bölgələrindən bronxial-astma və ağciyər xəstəliklərinin müalicəsi məqsədilə yeraltı və yerüstü şöbələrdən ibarət olan Duzdağ Fizioterapiya Mərkəzinə 4000-ə yaxın müraciət olunur. Bu isə öz növbəsində turizmin potensialının inkişafına və bölgə iqtisadiyyatının yüksəlməsinə öz töhfəsini verməkdədir.

Bu qədər yüksək dəyərə malik olan təbii sərvətə Naxçıvan Muxtar Respublika rəhbərliyi daim diqqət və qayğısını əsirgəməmiş, 1979-cu ildə yaradılan bu müalicəxana Ali Məclisin Sədrinin tapşırığı ilə 2006-cı ildə yenidən qurularaq müasir standartlara cavab verən, ən son texnoloji avadanlıqlarla təchiz olunmuş yüksək səviyyəli müalicə mərkəzlərindən birinə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 aprel 2012-ci il tarixli “Naxçıvan: İlkin şəhər və Duzdağ” Mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında və 12 sentyabr 2017-ci il tarixli “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” sərəncamları Naxçıvan tarixinin və mədəniyyətini özündə əks etdirən Duzdağın öyrənilməsinə və dünyada təbliğinə olan diqqətinin bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 may 2019-cu il tarixli “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından irəli gələn tədbirlər planına əsasən Duzdağ və duzun əhəmiyyəti ilə bağlı aparılan elmi-tədqiqat işlərinin, duzdan məişətdə, sənayedə, tibbdə və başqa sahələrdə istifadə imkanlarının araşdırılmasının, əldə edilən nəticələrin müxtəlif çap məhsullarında əks olunması muxtar respublikanın səhiyyə turizminin inkişafına əvəzsiz töhfədir.

Leyla Səfərova,

AMEA Naxçıvan Bölməsi Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi