04 iyul 2020 13:29
1698

DYP: 3158 nəqliyyat vasitəsi postlardan geri qaytarılıb

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 3-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı açıqlayıb.

İdarədən AZƏRTAC-a bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyulun 3-ü saat 00:00-dan iyulun 4-ü saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 2118 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 371 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 2491 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci kilometrində yerləşən karantin keçid postundan 910-u rayon, 790-nı paytaxt istiqamətinə olmaqla 1700, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrində yerləşən postdan 27-i rayon, 127-i paytaxt istiqamətinə olmaqla 214, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 466-ı rayon, 778-i paytaxt istiqamətinə olmaqla 1244 nəqliyyat vasitəsi geri qaytarılıb. Ümumilikdə 3158 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.