30 yanvar 2019 16:55
761

Əbülfəs Qarayevin sədrliyi ilə müşavirə keçirib

Yanvarın 30-da nazir Əbülfəs Qarayevin sədrliyi ilə Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsinə həsr olunmuş geniş müşavirə keçirilib.

Tədbirdə nazirliyin struktur bölmələrinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı şəhəri və regional mədəniyyət idarələrinin, muzey və mərkəzi kitabxanaların rəhbərləri iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müşavirədə çıxış edən Əbülfəs Qarayev Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanın ölkəmizdə mədəniyyət sahəsinin müasir tələbələrə uyğun inkişafını təmin edilməsi baxımından müstəsna əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, Fərman mədəniyyət sahəsində müasir sistemin qurulmasını, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsini, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutur.

Mədəniyyət Nazirliyində həyata keçirilən islahatların uğurla davam etdirildiyini deyən nazir bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il martın 29-da imzaladığı Sərəncama uyğun olaraq 2017-ci ildən nazirliyin Bakı şəhəri üzrə baş idarəsi və 15 regional mədəniyyət idarəsi fəaliyyət göstərir. Ölkə başçısının “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il iyunun 6-da imzaladığı Fərmana uyğun olaraq Mədəniyyət Nazirliyinin strukturu yenidən formalaşdırılıb.

Qeyd olunub ki, dövlət başçısının nazirliklə bağlı son Fərmanı həyata keçirilən islahatların davamıdır. Fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün komissiya yaradılıb.

Nazir bildirib ki, Fərmandan irəli gələn məsələlərin həlli üçün nazirliyin daxili əmri ilə müvafiq işçi qrupları təşkil edilib. İşçi qruplarına Fərmanın müvafiq bəndlərinə uyğun olaraq informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması, dövlət mülkiyyətində olan muzeylərin inventarizasiyasının aparılması, fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili, Nazirliyin tabeliyindəki musiqi məktəblərinin inventarizasiyasının aparılması, fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə inzibati ərazi vahidləri üzrə daha kompakt təşkili, mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların, rəsm qalereyalarının inventarizasiyasının aparılması, fəaliyyətinin təkmilləşdirilməsi, mövcud tələbat nəzərə alınmaqla, ölkənin inzibati ərazi vahidləri üzrə daha kompakt təşkili və xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.

Vurğulanıb ki, Fərmana uyğun olaraq, Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin ləğvinin təmin edilməsi, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı işlər də həyata keçiriləcək. Əbülfəs Qarayev bildirib ki, Fərmana əsasən, ləğv olunan qurumların işçilərinin nazirliyin tabeliyində olan digər qurumlarda müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görüləcək.

Nazir diqqətə çatdırıb ki, həyata keçirilən islahatlar zamanı beynəlxalq təcrübədən istifadə olunması istiqamətində də zəruri addımlar atılacaq: “Bu məsələ fərmanda da öz əksini tapıb. Biz xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiq olunması istiqamətində Avropa İttifaqının Tvinninq layihəsini həyata keçirmişik. Qarşımızda duran əsas məsələlərdən biri də hazırda qabaqcıl beynəlxalq təcrübəni öyrənib ölkəmizdə tətbiqini davam etdirməkdir”.

Nazir onu da vurğulayəb ki, aparılan islahatlar nəticəsində ölkəmizin mədəniyyət sahəsinin idarə olunması, mədəni xidmətlərin səviyyəsinin daha da artırılması və mədəni irsimizin təbliği istiqamətində yeni uğurlara nail olunacaq. Mədəniyyət Nazirliyi bu il də ölkəmizdə keçiriləcək bir sıra nüfuzlu beynəlxalq tədbirlərin təşkilatçısı kimi çıxış edəcək. Bu tədbirlərin yüksək səviyyədə təşkili və ümumilikdə ölkəmizdə dövrün və zamanın tələblərinə cavab verən effektli mədəniyyət siyasətinin həyata keçirilməsi üçün Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman mədəniyyət sahəsində çalışan bütün əməkdaşların üzərinə böyük məsuliyyət qoyur.

Əbülfəs Qarayev sonda mədəniyyət sahəsində islahatların uğurla həyata keçirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.