17 oktyabr 2019 16:02
1034

Ədliyyə Nazirliyində Nəsimi yaradıcılığına həsr olunmuş əbədi-bədii tədbir keçirilib

Prezident İlham Əliyev tərəfindən 2019-cu il ölkəmizdə "Nəsimi ili" elan olunaraq böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi geniş qeyd edilir. Ədliyyə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, bu münasibətlə Nazirlik tərəfindən Nəsiminin həyat və yaradıcılığına həsr olunan silsilə tədbirlər təşkil olunur, o cümlədən gənclərə mütaliəyə marağın artırılması məqsədilə "Kitab günü" keçirilib, nazirliyin Penitensiar xidmətinin cəzaçəkmə müəssisələrinin kitabxana fondları Nəsiminin və digər müxtəlif bədii, publisistik və elmi əsərlərdən ibarət 4 minə yaxın kitabla zənginləşdirilib, ədliyyə işçiləri "İmadəddin Nəsimi – 650" adlı geniş kitab sərgisi ilə tanış olublar.

Oktyabrın 17-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Ədliyyə Akademiyasında Nəsiminin 650 illiyinə həsr olunmuş "Nəsimi yaradıcılığında humanizm" adlı ədəbi-bədii tədbir keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının və digər elm və təhsil müəssisələrinin nümayəndələrinin dəvət olunduğu yığıncaqda nazirliyin rəhbər işçiləri və kollektivi, gənc ədliyyə işçiləri, vəkillər, vətəndaş cəmiyyətinin və media təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Aynur Sabitova və Ədliyyə Akademiyasının rəhbəri Elçin Xələfov çıxış edərək 2019-cu ilin "Nəsimi ili" elan olunmasının ölkəmizdə humanitar fikrə, ədəbiyyatımıza dövlətimiz tərəfindən göstərilən böyük diqqət və qayğının bariz təzahürü olduğunu qeyd edib, bu münasibətlə keçirilən silsilə tədbirlərin Nəsimi irsinin öyrənilməsi və təbliği baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, "Nəsimi" qrupunun rəhbəri Səadət Şıxıyeva "Bəşəri dəyərlər kontekstində Nəsimi şəxsiyyəti", AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Paşa Kərimov "Nəsimi yaradıcılığının tədqiqi tarixi, əlyazmaları və ardıcılları", Azərbaycan Dillər Universitetinin dosenti Ülviyyə Məmmədova "Ədəbiyyat və musiqi Nəsimi işığında" mövzularında əyani təqdimatlar nümayiş etdirilməklə çıxışlar ediblər.

Çıxışlarda Nəsimi irsinin çoxcəhətliliyindən, təbliğ etdiyi ümumbəşəri dəyərlərdən, şəxsiyyətin azadlığı və humanizm ideyalarından bəhs olunub, şairin təlqin etdiyi bu dəyərlərin yüzillər boyu insanlara örnək olduğu vurğulanıb. Bildirilib ki, dünya poeziyasına sanballı töhfələr vermiş Nəsiminin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik zəngini irsini, ali bəşəri, humanist-fəlsəfi ideyalarını tədqiq etmək olduqca önəmlidir.

Sonra tədbir bədii hissə ilə davam edib, şairin yaradıcılığına aid şeirlər söylənilib, "Neylərəm" qəzəlinə bəstələnən və digər xalq mahnıları ifa olunub.