22 avqust 2019 11:25
125

Əfqanıstanda iki Amerika əsgəri həlak olub

Əfqanıstanda iki Amerika əsgəri öldürülüb. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, bu barədə NATO-nun bu ölkədəki hərbi missiyasının qərargahı məlumat yayıb.

Məlumatda deyilir: “ABŞ Müdafiə Nazirliyinin rəsmilər də iki əsgərin həlak olması və onların şəxsiyyəti barədə son informasiyanı təsdiq edib”. Qeyd olunur ki, əsgərlərin həlak olması və hərbi bazaya hücumlar Qətərin paytaxtı Dohada “Taliban” hərəkatının liderləri ilə danışıqların 9-cu mərhələsi başlandığı vaxta təsadüf edib. Bu hərəkatdan silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürməklə bağlı bəyanat yayılmayıb.

Bu hücumdan bir gün əvvəl isə Əfqanıstan Prezidenti Əşrəf Qani Müttəfiq Qoşunların Avropadakı Komandanlığının rəhbəri, general Tod Volterslə Kabildə görüşüb. Dövlət başçısı amerikalı generala xəbərdarlıq edib ki, sülhə nail olmaqla bağlı “yanlış siyasət” ölkədə vəziyyəti daha da gərginləşdirə bilər.