KÖŞƏ

Vəli İlyasov

Əhalinin sayına görə də Cənubi Qafqazda liderik

12 aprel 2019 11:08
1946

Azərbaycanın 10 milyonuncu vətəndaşı dünyaya gəldi... Aprelin 6-da saat 3-4 radələrində Rauf Həsənovla Nigar Orucovanın ailəsində dünyaya gələn qız uşağı ilə bərabər ölkəmizə bir dünya sevinc gətirdi. Radio və televiziya kanalları, qəzetlər bu xəbəri böyük sevinclə yaydılar.

Bir çox ölkələrdə əhalinin sayının azalması, demoqrafik vəziyyətin pisləşməsi baxımından təbii ki, bu hadisəyə bizim sevinmək haqqımız var. Məmləkətimiz 1828-ci ildən, yəni Azərbaycan iki hissəyə bölünəndən sonra Şimali Azərbaycanda əhali bir milyondan çox olsa da artım çox zəif idi. Bunun səbəbi  çarizmin apardığı irticaçı milli siyasətin acı nəticəsi idi. Çar hökuməti müsəlman əhalinin artmasına və savadlanmasına hər cür maneə yaradırdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə demoqrafik vəziyyət əvvəlki yüzildən bir qədər fərqli idi. O dövrün statistikasına görə, 1897-ci ildə Azərbaycan əhalisi bir milyon 806 min nəfər təşkil edib. 1920-ci ildə isə  Azərbaycanda bir milyon 952 min nəfər əhali vardı. Halbuki rəsmi statistikada 1917-ci ildə Azərbaycanda 2 milyon 953 min nəfərin yaşadığı bildirilir. Yada salaq ki, 1905-1907 və 1918-1920-ci illər soyqırımlarında ermənilər yüz minlərlə soydaşımızı kütləvi qırğınlara məruz qoymuşdular. Ona görə də əhalinin sayı sürətlə azalmışdı. 1923-cü ildə əhalimizin sayı bir milyon 863 min nəfərə   enmişdi. Qısaca desək, 1917-1923-cü illəri əhatə edən altı ildə Azərbaycanda əhalinin sayı artmaq əvəzinə 500 min nəfərə qədər azalmışdı.  Qeyd etdiyimiz kimi, bu, sadəcə azalma deyildi, qəsdən törədilən kütləvi qırğınların acı nəticəsi idi.

Daha sonra sovet hakimiyyətinin repressiyaları və 1941-ci ildə faşist Almaniyası ilə müharibə də əhalimizin artmasına mənfi təsir göstərdi. Repressiya illərində 29 mindən, II Dünya müharibəsində isə 300 mindən artıq soydaşımız həlak oldu. Bu, sadə statistika deyil, söhbət xalqımızın başına gətirilən müsibətlərdən gedir.

Azərbaycanda əhalinin sürətli artımı keçən əsrin 70-ci illərindən başlayıb. Sabitlik, əmin-amanlıq və sosial durumun normallaşması əhalinin demoqrafik vəziyyətinə müsbət təsir göstərib. Ancaq 1992-1994-cü illərdə Ermənistanın hərbi təcavüzünün nəticəsi olaraq davam edən Dağlıq Qarabağ müharibəsi zamanı 30 mindən artıq soydaşımız həlak olub. Nəzərə alaq ki, onların böyük əksəriyyəti  gənclər idi. Atəşkəs rejimindən sonra əhalinin artımında temp xeyli yüksəlib.

Bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycan əhalisinin sayına görə də  Cənubi Qafqazda birincidir. Ölkə əhalisinin sayı hətta Ermənistan və Gürcüstanın əhalisinin birlikdə sayından da çoxdur. Əhalinin sayının çox olması özlüyündə böyük bir üstünlükdür. Bu, canlı hərbi qüvvə və işçi qüvvəsi deməkdir.

Yeni doğulan körpəni - 10 milyonuncu vətəndaşımızı valideynləri Mehriban adlandırıblar. Fərəhli hadisədir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev balaca Mehribanın valideynlərini təbrik edərək onlara Bakıda üçotaqlı mənzil bağışlayıb.

Biz də balaca Mehribanın valideynlərini təbrik edirik! Qoy Mehriban gələcəkdə Azərbaycanın layiqli vətəndaşlarından biri olsun!