13 sentyabr 2019 10:15
1512

Ehtiyatda olan polkovnik hərbçilərimizin birgə təlimindən danışdı

Şair Ramaldanov: “Birgə taktiki təlimlər ordumuzun döyüş qabiliyyətinin artırılmasına xidmət edir”

Bu gün Azərbaycanın bütün türk dövlətləri ilə sıx siyasi, iqtisadi, humanitar və mədəni əlaqələri mövcuddur. Bunların arasında Türkiyə ilə münasibətlər xüsusilə diqqət çəkir. Qeyd edək ki, qardaş Türkiyə Dağlıq Qarabağ məsələsində ilk gündən ölkəmizin ədalətli mövqeyini dəstəkləyir və işğalçı Ermənistanla heç bir siyasi-diplomatik münasibət qurmur.

Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri gündən-günə möhkəmlənir. Bu əlaqələr arasında hərbi sahədə əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir. Hətta Azərbaycan Ordusunun şəxsi heyəti Türkiyənin keçirdiyi hərbi təlimlərdə müşahidəçi qismində təmsil olunur. Üstəlik, iki ölkə arasında ikitərəfli formada təlimlər də icra edilir. Azərbaycan və Türkiyənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə hazırda keçirilən “TurAz Qartalı-2019” birgə taktiki-uçuş təlimləri buna əyani misaldır.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, sentyabrın 2-dən start götürən və bu ayın 16-dək  davam edəcək təlimlərdə iki ölkənin hərbi aviasiya vasitələri müəyyən ssenarilər üzrə müxtəlif tapşırıqları (müştərək fəaliyyətlərin planlaşdırılması, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və s.)  yerinə yetirir: “Bəri başdan deyim ki, belə təlimlər artıq ənənəvi xarakter alıb. Bundan öncə belə bir təlim Türkiyədə də keçirilib. Müşahidələrimə əsasən deyə bilərəm ki,  dostluq və birgə əməkdaşlıq çərçivəsində icra edilən “TurAz Qartalı -2019” bigə taktiki təlimlərinin yüksək səviyyədə davam etdirildiyinin və qarşıya qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyinin şahidi oluruq. Bu isə bir daha onu göstərir ki, təlimlərə cəlb olunmuş şəxsi heyətlərdə yüksək döyüş hazırlığı mövcuddur”.

Ş.Ramaldanovun fikrincə, “TurAz Qartalı-2019” bigə taktiki təlimləri hər şeydən əvvəl ordumuzun döyüş qabiliyyətinin artırılmasına xidmət edir: “Unutmayaq ki, şəxsi heyət döyüş həmlələrini təlimlərdə öyrənir. Belə təlimlər həm də regionda sülh və təhlükəsizliyin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Digər tərəfdən, ola bilsin ki, gələcəkdə iki dövlətin marağında olan məsələlər də birgə yerinə yetirilsin. Hər halda düşünürəm ki, belə intensiv təlimlər buna istiqamətlənib”.

Şair Ramaldanov daha sonra vurğuladı ki, bütün bunlar göstərir ki, ölkəmiz öz  ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbçilərinin peşəkarlığını artırmaqda davam edir. Digər tərəfdən, bütün hallarda Ermənistan anlayır ki, Azərbaycan heç zaman işğalla barışan deyil və öz torpaqlarını azad edəcək. Təlimlərin intensivliyi də  işğal altındakı ərazilərimizin gec-tez azad olunmasına hesablanıb. Ermənistanda yaxşı bilirlər ki, yenidən hərbi əməliyyatlar başlayarsa, ordumuz düşməni məğlubiyyətə uğradacaq. Bildiyiniz kimi, Ermənistanda digər sahələrdə olduğu kimi, orduda da hansısa müsbətə doğru dəyişikliklər baş verməyib və baş vermək ehtimalı da yoxdur. Əksinə, Ermənistan ordusunda vəziyyət getdikcə daha acınacaqlı xarakter alır”.

Ehtiyatda olan polkovnik, həmçinin bildirdi ki, dünya standartlarına cavab verən ordumuzun belə təlimləri hər dəfə Ermənistanda ciddi narahatlıqla qarşılanır: “Şübhəsiz, bu  təlimlərimiz onlara  güclü psixoloji təzyiq göstərir. Odur ki, rəsmi İrəvan guya bizim hansısa tələbləri pozmağımız barədə uydurma və gülünc bəyanatlarla çıxış etməkdən belə çəkinmir. Amma artıq demək olar ki, heç bir qurum onların belə bəyanatlarına məhəl qoymur”.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, təlimlərə “MiQ-29”, “F-16”, “Su-25”, “P-235”, “Kasa” təyyarələri, “Mi-35”, “Mi-17”, “Sikorski UH-70”, “CH-47” “Çinok” və “ATAK/AH-1W” helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi və 300-dək hərbi qulluqçu cəlb edilib. Əvvəlki illərdə keçirilən təlimlərdən fərqli olaraq builki təlimlərdə Türkiyənin istehsalı olan “ATAK” helikopterləri də iştirak edir. Təlimlərin gələn il qardaş ölkədə keçirilməsi nəzərdə tutulur.

Qvami Məhəbbətoğlu,

“İki sahil”