KÖŞƏ

Zahid Rza

Əhv qıl, eyləmişəm çox qələtü səhvü xəta!..

20 may 2019 10:55
5226

Tövbə, əttövbə -

Bilib etdiklərimə, bilməyib etdiklərimə!

Azərbaycanda bütün uğurların təməlində xalq-iqtidar birliyi dayanır. Görülən işlərin, əldə edilən nailiyyətlərin hamısının yeganə təməli ölkədə ictimai-siyasi sabitlik və bu sabitliyin təminatçısı olan Prezident İlham Əliyevdir.  Bütün bunları da həyata keçirmək üçün ən böyük mənbə xalq-iqtidar birliyidir. Məhz həmin o vəhdətin nəticəsində bu işlər görülür.

 Təbii ki, xalqımız bütün bunları çox yüksək qiymətləndirir.

Təəssüf ki, bu gün müxalifət donuna bürünüb inkarçı və pozucu mövqe tutan dağıdıcı düşərgədə təmsil olunan antimilli ünsürlər erməni lobbisinin təsiri altında olan bəzi beynəlxalq təşkilatların və anti-Azərbaycan dairələrin sifariş və çirkli maliyyəsi ilə ölkəmizə qarşı qara piar kampaniyası aparmaqdan əl çəkmirlər. Ancaq iş  ondadır ki, artıq bu düşərgədə təmsil olunanların bəziləri ictimai qınaq nəticəsində, nəhayət ki, əsl həqiqətləri dərk edərək tutduqları səhv yoldan döndüklərini bəyan edirlər.

Təbii ki, milli maraqlarımızı hər şeydən uca tutan ictimaiyyət nümayəndələri, siyasətçilər, deputatlar, ziyalılar, sıravi vətəndaşlar “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir”  prinsipi ilə külüng çalan, milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etmək yolunda durmadan çalışan jurnalistlərimiz belələri ilə mübarizə aparıb onlara qarşı güclü ictimai qınaq formalaşdırırlar. Bəli, ictimai qınaq ictimai nəzarətin bir formasıdır. Onun ən yaxşı yollarından biri media mənbələrindəki qınaqdır. Bu  ümumi ictimai rəyin ifadə edilməsinin bir üsulu, bir təsir formasıdır. İnsanları müəyyən ağır nəticələri olan əməllərdən çəkindirmək yoludur. Nə yaxşı ki,  ictimai qınaq başqa tənbehlərdən daha effektli olur və öz bəhrəsini verir, səhv yolda olan insanları düşündürür, onları düz yola gəlməyə vadar edir.

Düzdür, yaradılmışların əşrəfi olan insan bütün varlıqlardan üstün mövqedə dayanır.  İnsan həm də qəflətə düşən, səhv edə bilən varlıqdır. O, hər hansı bir məsələdə səhv düşünüb yanlış qərarlar verə bilər. Heç kim səhvlərdən,  günahlardan, qüsurlardan xali deyil. Əsas olanı insanın bilərək və ya bilməyərəkdən, qəflətə düşərək, nəfsinə uyaraq etdiyi səhvlərini başa düşməsi, həmin yanlışların doğurduğu nəticələrdən ibrət alması, şeytanın şəri və hiylələrindən qurtulub tezliklə bu yoldan dönməsidir. Uca Yaradan insanlara hər zaman səhvlərinin bağışlanmasını diləmək və tövbə etmək imkanı verib. Tövbə edəni, səhv yoldan dönəni Allah da, insanlar da bağışlayır.

İnsanın günah etməsi onun artıq doğru yola yönələ bilməyəcəyi anlamına gəlməməlidir. Hətta ən böyük günahları dəfələrlə etsə belə, nəticədə hər zaman bütün bunlardan peşman olub, necə deyərlər, tövbə edib haqq yoluna dönmə imkanı və zamanı var. Biz dəfələrlə belə halların şahidi olmuşuq. Bu günlərdə Avropada “siyasi mühacir” adı ilə yaşayan bəzi dağıdıcı müxalifət nümayəndələrinin etirafları, xüsusilə ölkə başçısına qarşı fəaliyyətlərindən peşmançılıq ifadə edərək ondan üzr istəmələri və bununla bağlı bəyanatlar səsləndirmələri, hətta ölkəmizə qayıdıb fəaliyyət göstərmək istəkləri bunun əyani sübutudur. Həmin şəxslər artıq başa düşürlər ki, dövlətimizin başçısı Azərbaycan xalqının firavanlığı, ölkəmizin inkişafı və tərəqqisi yolunda çox böyük fədakarlıqlar göstərir, elə onların sığındıqları Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Məhz Prezident İlham Əliyevin düşünülmüş, dərin elmi əsaslara söykənən siyasətinin nəticəsidir ki, bu gün ölkəmiz bütün dünyada sabitlik və tərəqqi adası kimi tanınıb, regionun ən güclü dövlətinə çevrilib.

Milli maraqlarımız daim hər şeydən uca tutulmalıdır. Hər bir azərbaycanlı, müxalifətdə, ya iqtidarda olmasından asılı olmayaraq daim milli maraq və mənafelərimizin qorunması üçün var qüvvəsi ilə çalışmalıdır. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, kim ki bu düzgün yolla addımlayacaq, onlar cəmiyyət tərəfindən müsbət qiymətləndiriləcək. O, həmçinin deyib ki,  müxalifətçilər müxalifətçi olduqlarına görə tənqid edilməyiblər. Onların bəziləri özlərinin və yaxud partiyanın, xidmət etdikləri hansısa dairələrin maraqlarını xalqın maraqlarından üstün tutmalarına görə tənqid ediliblər. Əgər  həmin zümrədəkilər bu yoldan çəkinəcəklərsə, konstruktiv mövqedə olacaqlarsa, iqtidar onlara qarşı hər hansı tənqid işlətməyəcək. Əksinə uğurlar arzulayacaq.

Çox yaxşı haldır ki, artıq radikal düşərgədə təmsil olunan insanların bəziləri öz səhvlərini başa düşüb, haqq yoluna qayıdırlar. Həmin düşərgənin cərgələrinin seyrəlməsi məlum dəstədə  bu tendensiyanın daha da güclənməsinin əyani sübutudur.

2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışı zamanı ölkə başçısı bildirib ki, o ki qaldı antimilli qruplaşmaya, onlar tam marginallaşıb: “Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun.”

 Xalqımız baş verənlərin fərqindədir, ağı qaradan yaxşı seçir. Biz də həmin insanlara müraciət edərək demək istərdik ki, nə qədər ki gec deyil, tutduğunuz yanlış yoldan dönün. Tarixin zibilxanasına yox, cəmiyyətə qoşulun, marginallaşmayın, xalqla bir olun. Azərbaycanımızın mənafeyi naminə bilib və bilməyib etdiklərinizə görə tövbə edin. Tövbə qapısı həmişə açıqdır...