06 dekabr 2019 17:43
2262

“Eko Park”da yerləşən Enerji İdarəetmə Mərkəzinin açılışı olub

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri “Eko Park”da yerləşən Enerji İdarəetmə Mərkəzinin açılışında iştirak ediblər.

Şirkətin Ekologiya üzrə vitse-prezidenti R. Hüseynzadə məlumat verib ki, Mərkəz SOCAR və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdikləri “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı (NAMA)” layihəsi çərçivəsində qrant hesabına tikilib.

O bildirib ki, Xəzər regionunda ilk  dəfədir ki, yaradılan  Mərkəzin əsas funksiyası NAMA layihəsi çərçivəsində Qaradağ, Sumqayıt və Qala ərazilərində quraşdırılmış alternativ enerji mənbələrində istehsal olunan enerjinin istifadəsinə nəzarət etməkdir.

Mərkəzin funksionallığına  gəlincə, vitse-prezident vurğulayıb ki, burada internet vasitəsilə onlayn nəzarətin həyata keçirilməsi, hava haqqında məlumatın proqrama inteqrasiya olunması, alternativ enerji mənbələrində istehsal edilən enerjinin həcminin əks olunması, təhlil üçün bütün məlumatların arxivdə saxlanılması imkanları mövcuddur: “Bütün əkdiymiz ağaclar barədə məlumatlar bu Mərkəzə ötürüləcək və onlayn sistem vasitəsilə ağaclara hansı səviyyədə qulluq olunmasına nəzarət ediləcək. “Eko Park”dakı ağacların əksər hissəsi damcı üsulu ilə suvarılır”.

Mərkəzdə, həmçinin quraşdırılmış səmərəli enerji və alternativ enerji avadanlıqları vasitəsilə məktəblilərə tədris və təlim prosesinin təşkil olunması planlaşdırılır.

O da vurğulanıb ki, burada günəş batareyası simulyasiyası, külək turbinləri simulyasiyası, hidroenerji simulyasiyası avadanlıqları mövcuddur. Bu avadanlıqların şagirdlərə, tələbələrə, eləcə də, mühəndislərə və bütün maraqlı tərəflərə (məsələn, real avadanlığı quraşdıran texniki işçilərə) günəş, külək və hidro enerji avadanlıqlarının işləmə prinsiplərini izah etmək, həmçinin seminar, “workshop”larda nümayiş üçün də istifadəsi mümkündür.

Avadanlıqlar real yenilənə bilən enerji avadanlıqlarının dəqiq simulyasiyası olduğundan,  günəş, külək və hidroenerjinin elektrik və istilik enerjisinə çevrilməsi prosesinin nümayişi üçün praktiki təlim-tədris prosesində əyani vasitə kimi geniş istifadə edilir.

Diqqətə çatdırılıb ki, avadanlıqlarda ölçmə aparatları, temperaturu göstərən cihazlar və s. olduğundan, onlar texniki təlim keçməyə imkan verən əvəzedilməz vasitədirlər.

Ceyhun Piriyev, “İki sahil”