05 iyun 2020 17:08
1164

Ekspert: Cənab Prezidentin AŞPA ilə bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirir

Bu gün Azərbaycanın xarici siyasətində əsas prioritet ölkənin ərazi bütövlüyünü təmin etmək, tez bir zamanda Ermənistan-Azərbayacan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaqdır. İşğalçı Ermənistan isə beynəlxalq hüququ kobud şəkildə pozur, dünya ictimaiyyətinə sayğısızlıq nümayiş etdirir. Dövlətimizin başçısı cənab İlham Əliyev bütün xarici səfərlərində, eləcə də Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda, hərbi əməliyyatların başlanmasına qərar veriləcəyini belə vurğulayır. Ona görə də Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda Dağlıq Qarabağ münaqişəsinin həlli hər zaman əsas vəzifə kimi qarşıya qoyulur.

Tərtər Olimpiya İdman Kompleksinin açılışında Prezident İlham Əliyev ölkəmiz üçün vacib məsələlərdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərinə toxunaraq bildirdi ki, bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir. Bizim səylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar vermişlər. Bizim bir çox ölkələrlə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir.

Ölkəmizə qarşı hər zaman ikili münasibət bəsləyən beynəlxalq təşkilatlar və dövlətlər var ki, onlar üçün bu məsələ heç də önəm kəsb etmir. Onların əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolon”u, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir.

“Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil” qeyd edən ölkə başçısı cənab İlham Əliyev bildirdi ki, bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır: “Biz bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytarırıq. Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar”.

Siyasi ekspert Azər Həsrət məsələ ilə bağlı fikirlərini "İki sahil" ilə bölüşərək bildirdi ki, cənab İlham Əliyevin Avropa Şurası Parlament Assambleyası ilə bağlı səsləndirdiyi tənqidi fikirlər reallığı əks etdirir: “Ölkə başçısı istər beynəlxalq təşkilatların, istərsə də dünyada fikir, ictimai rəy yaradan qurumların nə ilə məşğul olduğunu bizim hamımızdan yaxşı bilir və daha dəqiq təsbit edir. Bu baxımdan AŞPA ilə bağlı dediyi fikirlər təsadüfü deyil. Həqiqətən də Prezidentin bu məsələyə diqqət çəkməsi indiki zamanda yerinə düşür. Məsələ ondadır ki, istər Avropanın istərsə də dünyanın başqa ölkələrində insan haqları ilə bağlı ciddi problemlər yaşanmaqdadır. Koronavirus pandemiyası dövründə belə Avropada insanlara qarşı polis zorakılığı müşahidə edilməkdədir. Belə bir şəraitdə AŞPA bütün ölkələrdə, xüsusən də Avropa ölkələrindəki vəziyyətə bərabər münasibət bəsləməlidir. Ancaq deyildiyi və göründüyü kimi, bu münasibəti müşahidə edə bilmirik. Azərbaycanda adicə bir problem olanda az qala ordu ilə üstümüzə gəlirlər. Lakin başqa Avropa ölkələrində bu cür hadisələr baş verəndə AŞPA susur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, onlar gözlərinin qarşısında, burunlarının ucunda baş verən hadislərə biganə yanaşır, görməməzlikdən gəlirlər. Bu bir daha sübut edir və göstərir ki, AŞPA və buna bənzər təşkilatlar həqiqətən də ikili standartlar tətbiq edirlər. Bu o deməkdir ki, AŞPA insan haqları məsələsində riyakar və ikili standartlardan çıxış edir. İkinci bir tərəfdən də hər zaman deyilir ki, Avropanın öz həqiqəti var. Bu nədən ibarətdir? Bu ondan ibarətdir ki, əgər insan haqları pozuntusu Avropada baş verərsə o qanunidir, bənzər hadisə Azərbaycan kimi ölkələrdə baş verirsə qanunsuzdur. Həmin ölkələr tənqid edilməlidir. Bax, budur AŞPA-nın riyakar, ədalətsiz yanaşması. Ona görə də Prezident İlham Əliyevin qurumla bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirir”.

Mənsumə Babayeva,

“İki sahil”