18 noyabr 2019 20:44
846

Ekspert: İctimai nəqliyyatda nağdsız ödənişlərin tətbiqi vacibdir

Ölkəmizdə bir çox sahələrdə, o cümlədən ictimai nəqliyyatda nağdsız ödənişlərin geniş tətbiqi vacib məsələlərdən biridir. İctimai nəqliyyat geniş sahələri əhatə edir. Bura avtobus, metro, taksi, qatar, gəmi, təyyarə və digər nəqliyyat vasitələri aiddir. Məlumdur ki, qatar, gəmi və təyyarədən istifadə etmək üçün bilet əldə etmək lazımdır. Əvvəldən bilet almaqla adıçəkilən nəqliyyat vasitələrindən istifadə etmək olar. Taksidə isə bu gün yalnız nağd ödənişdən istifadə olunur.

Hazırda Bakıda şəhərdaxili avtobus və metroda kart sistemindən istifadə olunur. Nağdsız ödəniş sistemi metroda uzun illərdir ki, tətbiq olunub. Şəhərdaxili avtobusların müəyyən hissəsində də nağdsız ödəniş sistemi tətbiq olunub. Bakı şəhərində hərəkət edən bütün avtobusların hər birinin nağdsız ödənişdən istifadə edəcəyi gözlənir. Bununla bağlı müəyyən işlər görülür. Ancaq bölgələrdə isə nağdsız ödəniş sistemi hələ tətbiq olunmayıb. Təkcə paytaxt ərazisində deyil, bölgələrdə də avtobusların nağdsız ödənişdən istifadə etməsi əlbəttə ki, yaxşı hal olar. Bütün daşıyıcılar nağdsız ödəniş sisteminə keçərsə, maliyyə dövriyyəsinə nəzarət etmək rahat olar. Eyni zamanda, sürücülərin nağd puldan asılılığı da aradan qalxar. Bu səbəbdən də ictimai nəqliyyat nağdsız ödəniş sisteminə keçməlidir.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov mövzu ilə bağlı qəzetimizə açıqlamasında ictimai nəqliyyatda nağdsız ödənişlərin tətbiqinin vacibliyini xüsusi vurğulayaraq qeyd etdi ki, hazırkı mənzərə bu sahədə işlərin tam rəvan olduğunu deməyə əsas vermir: “Hazırda bütün ölkə üzrə buna hazır deyilik. Bunun başlıca səbəbi isə daşıyıcıların həmin nağdsız ödəniş sistemini təmin edəcək avadanlıqları öz avtobuslarında quraşdırmaması və konkret olaraq nağdsız sistemdə işləməyə hazır olmamasıdır. Yəni, burada maliyyə-təsərrüfat və informasiya təminatı, texniki məsələlər var. Bütün bunları tədricən aradan qaldırmalıyıq. Bu avadanlıqlar da ucuz deyil, kifayət qədər sanballı qiymətləri var. Onların quraşdırılması da müəyyən xərc tələb edir. Həmçinin həmin avadanlıqlara xidmət də müəyyən ödənişlər tələb edir. Bütün bunlar həll edilməlidir. Həll ediləndən sonra nağdsız ödəniş sisteminə keçilə bilər. Amma təbii ki, ölkəmizdə nağdsız ödəniş sisteminə keçilməsinə ehtiyac var”.

Ə.Hüseynovun sözlərinə görə, dövlətimizin maliyyə siyasəti belədir ki, nağd ödənişlər bütün sahələrdə (icarə, pərakəndə, hətta topdan satış və s.) minimuma endirilsin: “Düşünürəm ki, bu istiqamətdə təbliğat-təşviqat xarakterli işlər görülməlidir. Müəyyən texniki dəstəyin verilməsi də yaxşı olar. Hətta müəyyən dərəcədə güzəştli şərtlərlə həmin avadanlıqları ictimai nəqliyyatda tətbiq etmək və ödənişlərlə bağlı hər şey qaydasına düşəndən sonra tədricən həmin məbləğləri geri almaq olar. Bir məqamı da etiraf etmək lazımdır. Bakıda və ölkəmizin digər şəhərlərində elə marşrut avtobusları var ki, onlar istismara yarasızdırlar. Birinci növbədə vəzifə odur ki, həmin avtobusların özlərini istismara yararlı, təhlükəsiz vəziyyətə gətirmək lazımdır”.

Cavid Əkbərov, “İki sahil”