23 avqust 2019 19:32
1044

Ekspert: Taksi xidmətində vahid qiymət sisteminin tətbiqi zəruridir

Havaların isti keçdiyi indiki dönəmdə taksi xidmətindən istifadə edən müştərilərin sayı artır. Sərnişinlər daha çox kondisionerli taksilərdən istifadə etməyə üstünlük verirlər. Ancaq bəzi hallarda taksi sürücüləri daha çox qazanc əldə etmək məqsədilə kondisioneri işə salmaq üçün müştəridən əlavə olaraq 50 qəpik və ya 1 manat pul ödəməsini tələb edirlər. Bu hal son günlər daha tez-tez müşahidə olunur. Taksilərdən istifadə edən sərnişinlər isə kondisioner üçün əlavə pul ödəmələrindən narazıdırlar.

Narazılıq fonunda maraq doğuran belə bir sual yaranır: kondisionerdən istifadəyə görə əlavə ödəniş tələb etmək düzgündürmü?

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, taksi sürücülərinin kondisioner işlətmək üçün müştəridən əlavə ödəniş tələb etmələri düzgün deyil: “Bəzi taksi sürücülərinin bu tələbi taksi xidməti sahəsində biabırçı mənzərə yaradır. Onların bu tələbi sadəcə olaraq məsələyə gülünc yanaşmadır. Məlum tendensiyanın qarşısını almaq üçün taksi sahəsində müəyyən nizam-intizama ehtiyac var. Belə ki, vahid qiymət sisteminin tətbiqi zəruridir. Bu sistemdə tariflər həm sərnişinlər, həm də sürücülər üçün səmərəli olmalıdır. Bu gün bəzi taksi xidməti şirkətləri qiymətləri aşağı salmaqla başqa şirkətlərlə rəqabətə girməyə çalışırlar: “Yəni, məlum şirkətləri sıradan çıxarmaq üçün oyun qururlar. Ortada əziyyət çəkənlər isə sərnişinlər və sürücülər olur. Bəzən sürücü fərdi xidmətdə müştəri qıtlığı yaşandığına görə taksi şirkətləri ilə işləməyə məcbur olur. Bu məcburiyyət isə bəzən sürücünün xeyrindən çox, ziyanına yol açır. Bu baxımdan vahid qiymət sistemi tətbiq olunmalıdır”.

Ekspertin sözlərinə görə, məlum məsələ ilə bağlı vətəndaş şikayət etmək istəsə, üz tutacağı konkret qurum yoxdur: “Vətəndaş Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər, amma agentlik fərqlənmə nişanı verdiyi həmin taksi sürücüsünə sadəcə tövsiyə verə bilər. Hələlik bunun hansısa cərimə və ya məsuliyyəti yoxdur. Əsas məsələlərdən biri də budur ki, bəzi sərnişinlər taksi xidməti növlərini ayırd edə bilmirlər. Ona görə də onlayn sifariş zamanı belə ekonom və komfort xidmətlə bağlı müvafiq bölmələr yerləşdirilməlidir. Sərnişin-sürücü münasibətlərinin pozulmaması üçün bu addımın atılması məqsədəuyğundur. Ümumilikdə taksi xidmətində tariflərin qiyməti normal şəkildə müəyyən edilməlidir”.

Cavid Əkbərov,

“İki sahil”