12 sentyabr 2019 10:57
67

Elçin Mirzəbəyli: Yaranmış problem Ermənistanı  investisiyalar üçün cəlbedici olmayan ölkəyə çevirir

Ermənistan ərazisində qızıl ehtiyatlarına görə ikinci sırada duran “Amulsar” mədəninin istismarına lisenziya 2015-ci ildə “Lydian Armenia” şirkətinə verilib. Prosesdə Sarkisyan hakimiyyəti və Amerika-Ermənistan Ticarət Palatası fəal şəkildə iştirak ediblər. Paşinyan hakimiyyətə gəldikdən sonra isə hələ mədənin istismarına başlamayan “Lydian Armenia” şirkətində 3 audit yoxlaması aparılıb. Buna baxmayaraq, “Lydian Armenia” şirkətinin əməkdaşları hələ də mədənin ərazisinə buraxılmırlar. 

Siyasi ekspert Elçin Mirzəbəyli bildirib ki, Amerika-Ermənistan Ticarət Palatası Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı məktubda onun bu məsələdə manipulyativ mövqe sərgilədiyinə eyham vurur. Yaranmış problem birmənalı olaraq neqativ mesajlar verir və Ermənistanı investisiyalar üçün cəlbedici olmayan ölkəyə çevirir. Bu vəziyyət sübuta yetirir ki, xarici investorlar müdafiəsizdir və ədalətsiz münasibətlə qarşılaşırlar.

Ekspert vurğulayıb ki, yaranmış vəziyyət Nikol Paşinyanın Ermənistana sərmayə axınının olacağı barədə proqnoz və vədlərinin əfsanədən başqa bir şey olmadığını da sübuta yetirir. Amerika-Ermənistan Ticarət Palatasının məktubunda Ermənistanın öz öhdəliklərinə sadiq qalmayan bir dövlət olduğu xüsusi vurğulanır. Ermənistanda Amerika-Ermənistan Ticarət Palatasının təşviqi ilə 140 şirkət fəaliyyət göstərir. Palata həmin şirkətlərə də Ermənistanın investisiya üçün əlverişsiz ölkə olduğu barədə xəbərdarlıq edib və onların hüquqlarının müdafiə olunmasında problemlərin yaranacağını bildirib. Mövcud durum sübuta yetirir ki, Nikol Paşinyan nəinki vəd etdiyi kimi Ermənistana investisiya axınını cəlb etmək gücündə deyil, hətta bu günədək erməni diasporunun Ermənistana daşıdığı investisiyaları da qoruyub saxlamağı bacarmır.

E.Mirzəbəyli vurğulayıb ki, maraqlı məqamlardan biri də təkcə ABŞ investorlarının deyil, hətta Rusiya və Avropa İttifaqı ölkələrinə aid olan şirkətlərin də Ermənistanı tərk etmələri və investisiyalarını geri çəkmələridir. Beləliklə, Ermənistanın siyasi və diplomatik müstəvidə etibarsız ölkə statusu sürətlə iqtisadi sferaya daşınır ki, bu da işğalçı ölkənin yeni hakimiyyətinin də verdiyi vədlərin və gurultulu proqnozların əsassız olduğunu təsdiqləyir.