04 dekabr 2020 15:09
563

Əli Əhmədov: Fransa Milli Assambleyası Senatın səhvini və günahını təkrar edir

Fransa Senatının ardınca bu ölkənin parlamentinin aşağı palatası olan Milli Assambleyanın dekabr ayının 3-də “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının müdafiəsi” adlı qətnamə qəbul etməsi mübaliğəsiz olaraq siyasi riyakarlığın bariz ifadəsi sayıla bilər. Qətnamənin əsas mövzusu ilə əlaqədar şərhlərdən əvvəl onu vurğulamaq yerinə düşər ki, Fransa hökumətinin məscidlərə və müsəlman icmalarına qarşı total təzyiqlərinin həyata keçirdiyi bir zamanda Milli Assambleyanın Avropada və Şərqdə xristian icmalarının müdafiə edilməsi barədə “həyəcan təbili” çalması heç bir sağlam məntiqə sığmır. Fransanın artıq bir neçə ildir Avropada milli və irqi dözümsüzlüyün, islamofobiyanın mərkəzinə çevrilməsi nəinki İslam dünyası, eləcə də xristian ölkələrini narahat etməyə başlayıb. Ona görə də bu ölkənin dünyada xristianların müdafiəsi ilə əlaqədar çağırışları qədər əslində anti-xristian təbliğatı təsəvvür etmək mümkün deyil.

"İki sahil" xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov özünün rəsmi “Facebook” səhifəsində bildirib.

Baş nazirin müavini qeyd edib ki, Milli Assambleyanın qəbul etdiyi qətnamə noyabr ayının 25-də Fransa Senatının qəbul etdiyi qətnamənin əsassız, qeyri-obyektiv və ziyanlı iddialarını təkrar edir və yenidən Fransa hökumətinə Dağlıq Qarabağın tanınması kimi təxribatçı təklif ünvanlayıb: “Senatın qəbul etdiyi məsuliyyətsiz və məsuliyyətsiz olduğu qədər də ziyanlı qətnamə ilə əlaqədar Azərbaycan cəmiyyəti, Milli Məclis, hökumət, siyasi partiyalar və qeyri-hökumət təşkilatları əsaslı mövqelərini bildirdiyindən onları yenidən təkrar etməyə ehtiyac yoxdur. Lakin diqqəti çəkən məqam Senatın məlum tövsiyəsinə cavab olaraq Dağlıq Qarabağın tanınmasının mümkün olmaması barədə Fransa hökumətinin öz mövqeyini elan etməsindən sonra Milli Assambleyanın yenidən hökumətə bu qondarma, artıq formal şəkildə də mövcud olmayan qurumu tanımağı tövsiyə etməsidir. Doğrudur, parlament müzakirələrində ölkənin xarici işlər naziri Jan İv Le Duran qondarma Dağlıq Qarabağın tanınmasının mümkün olmadığını bəyan edib. Lakin görünən budur ki, hökumətin “qəti” mövqeyi parlamentariləri inandırmayıb. Lakin bu faktın özünün nə qədər inandırıcı olması sual doğurur. Fransanın Milli Assambleyasının 577 üzvünün yarıdan çoxu, təxminən 60%-i, Prezident Makronun “İrəli, Fransa” partiyasına və onun müttəfiqi “Demokratik hərəkat” partiyasına mənsubdur. Məlum qətnaməyə müxalifət partiyalarla bərabər, hakim partiya və onun müttəfiqləri də səs verib. Qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasına hökumətin razılıq vermədiyi məlum olduğu halda, prezidentin partiyasının nümayəndələrinin yenidən eyni tövsiyəni irəli sürməsi təəccüblü görünməyə bilməz. Milli Assambleyanın Senatın məsuliyyətsiz və ziyanlı, eynilə də perspektivsiz səhvini və günahını təkrar etməsi nəyin ifadəsidir: Makronun partiyasının ona itaətsizliyinin, erməniləri Makrondan və onun hakimiyyətindən çox sevməsinin, yoxsa anti-Azərbaycan, anti-Türkiyə mövqeyinin ədalət, humanizm, obyektivlik kimi dəyər və prinsiplərdən üstün tutulmasının?”.

“Senatın qətnaməsi kimi, Milli Assambleyanın qətnaməsi də hüquqi qüvvəyə malik deyil və qondarma, artıq əslində, mövcud olmayan “Dağlıq Qarabağ respublikası”nın tanınması baxımından hər hansı perspektivdən məhrumdur. Lakin bu qətnamənin Azərbaycana və qardaş Türkiyəyə dost olmayan münasibətinin ifadəsi kimi diqqətdən kənarda qalması da yolverilməzdir. İndi dostların və dost olmayanların tanınması zamandır”, – deyə Əli Əhmədov qeyd edib.