19 sentyabr 2019 11:06
1222

Əli Kərimli hansı üzlə xalqı yenidən meydanlara çağırır?

Məlum olduğu kimi, AXCP sədri Əli Kərimli yenidən öz tərəfdarlarını bu il sentyabrın 28-nə təyin etdiyi mitinqə çağırıb. Görünür bu uğursuz siyasətçi hesab edir ki, həmin yolla həm daxildə, həm də xaricdə sıfırdan da aşağı səviyyədə olan reytinqini bir qədər yüksəltməyə, nəticə etibarilə daha çox qrant əldə etməyə nail olacaq. Sözsüz ki, bütün bunlar boş və mənasız cəhdlərdir.

Ona görə ki, 30 ilə yaxındır ki, Azərbaycan xalqı kimin kim, nə olduğunu yaxşı bilir. Hər kəsə açıq-aydın məlumdur ki, AXCP sədri Əli Kərimli və ümumilikdə dağıdıcı müxalifət düşərgəsinin “başbilənləri” regionda marağı olan xarici qüvvələrin əlində alətə çevriliblər. AXCP sədri özü də başa düşür ki, onun heç bir sosial bazası olmayıb, bu gün də yoxdur və heç vaxt da olmayacaq. Bu gün xaricdə Azərbaycanda xaos və anarxiya yaratmaq arzusunda olan qüvvələr mövcuddur. Görünən budur ki, dünyada və regionda baş verən siyasi təbəddülatlar zəminində onlar son vaxtlar xeyli fəallaşıblar. Bununla da anti-Azərbaycan qüvvələr daxildəki milli satqınlara “stavka” edirlər.

Siyasi ekspert Azər Həsrət sözügedən məsələ ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, Əli Kərimli siyasətçi kimi tükənib: “Faktiki olaraq onun artıq imkanları zəifləyib. Xüsusən də xalq arasındakı etimadı o qədər zəifləyib ki, o da hansısa bir yolla üzdə qalmağa çalışır. Ona görə də bu və ya digər şəkildə təxribatçı açıqlamalar verir. Bununla da yalan məlumatlar üzərində təbliğat qurur. Eyni zamanda, ictimaiyyəti ayaqlandırmaq üçün kütləvi aksiyaların anonsunu verir. Bu adam indi də sentyabrın 28-də mitinq keçirmək sevdasına düşüb. Sadəcə olaraq bu cür mitinqlərin heç bir əsası, heç bir xeyri olmadığını özü də çox yaxşı bilir. Sözsüz ki, Əli Kərimlinin mitinq keçirmək istəyi heç də bizim kimiləri narahat etmir. Çünki ictimai dəstəkdən məhrum olan biri heç cür uğurlu kütləvi aksiyalar keçirə bilməz. AXCP sədrinin ötən illər ərzində keçirdiyi mitinqlərə diqqət yetirsək görərik ki, Azərbaycan ictimaiyyəti, xalqı da buna dəstək verməyib, əksinə sərt şəkildə qınaqlara tuş gəlib. Digər tərəfdən, müşahidələrdən də görürük ki, belə mitinqlərə ictimaiyyət arasında maraq ilbəil daha da kəskin şəkildə azalır. Təbii ki, bunların çox ciddi səbəbləri var. Çünki Azərbaycan xalqı onun kimliyini çox yaxşı bilir və bu baxımdan da Kərimlinin mitinq keçirmək təşəbbüsləri qeyri-ciddi qəbul olunur. Hər kəs yaxşı bilir ki, Əli Kərimli oyunçu olub. Həmişə bu və ya digər şəkildə öz siyasi alverini edib. İndi bu mitinq də görünür ki, onun siyasi alverinin bir növüdür. Bununla da Kərimli həm sağda, həm də solda öz çirkin əməllərinə dəstək verənlər üçün bir görüntü yaratmaq istəyir.  Bunun də səbəbi qrant əldə etməkdir. Sözsüz ki, onun mitinq keçirmək niyyəti əvvəlkilər kimi uğursuz olacaq. Çünki sabitlik, inkişaf edən bir ölkədə bu cür aksiyalar təşkil etmək fikrinə düşənlərə Azərbaycan xalqı heç bir zaman imkan verməyəcək”.

Mənsumə Babayeva,

“İki sahil”