10 dekabr 2019 16:39
997

Əli Kərimli siyasi sistemdə özünü yoxetmə yolundadır

9 fevral parlament seçkilərinə ayrı-ayrı partiyaların rəsmi yanaşmaları bu gün cəmiyyətdə ən çox müzakirə edilən məsələlərdən birinə çevrilib.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, cəmiyyət üçün ən təəccüblü odur ki, siyasi partiyaların böyük hissəsi - hətta ənənəvi olaraq indiyədək boykot taktikası ilə hərəkət etmiş bəzi partiyalar seçkidə xalqı öz seçicisinə çevirmək yolları üzərində düşündüyü halda "Milli Şura" subyektləri, xüsusən də AXCP sədri Əli Kərimli cəmiyyəti boykota səsləyir, insanların onun bu çağırışına heç bir məhəl qoymadığını bildiyi təqdirdə çoxillik uğursuz üsulunu davam etdirmək istəyirlər:

"Əslində, Əli Kərimlinin boykot qərarının rəhbərlik etdiyi partiyanın bütün üzvləri tərəfindən dəstəkənib-dəstəklənmədiyi barədə sübutlar yoxdur. Daha dəqiq desək, partiya kütləsinin rəyi soruşulmadan bir şəxsin iddiaları bütün partiya mənsublarının mövqeyi kimi təqdim edilir. Partiyanın səlahiyyətli ali seçkili orqanını çağırmadan hamının adından boykot qərarının aparılması partiya kütləsinin taleyinə hörmətsizlik və məsuliyyətsiz münasibətdir.

Son icazəsiz aksiyaların dərin ictimai laqeydlik şəraitində keçməsi Əli Kərimli və onun mübarizə üsullarını dəstəkləyənlərin sosial dayaqlardan tam məhrum olduğunu və bunun bərpasının mümkünsüzlüyünü qəti ortaya qoydu. Əli Kərimlinin seçkini boykot qərarı bu nöqteyi-nəzərdən sosial bazasızlığın ört-basdır edilməsi cəhdi kimi də başa düşülə bilər".

Ekspert bildirib ki, son vaxtlar Avropada cinayətkar mühacir biznesində "Milli Şura" subyektlərinin də adının çəkilməsi bu partiya rəhbərinin ölkədə hətta gələcəkdə də siyasi nüfuzunu azacıq bərpa etmək şanslarını tam sıfırladı:

"2005-ci ildən başlayaraq Azərbaycanın seçki-siyasi marafonunda kiçik də olsa qələbələr qazanmaq imkanlarını dalbadal itirən Əli Kərimlinin partiyası budəfəki seçkinin son şans olduğuna lazımi dəyəri verə bilmədi. Hazırda əksər analitiklərin fikrincə, bu seçkidən kənarda qalan siyasi partiyaların nəinki özlərini bərpa etmək, hətta mövcudluq şansları tam itirilə bilər. İctimaiyyətdə suallar doğuran məqamlardan biri radikal subyekt təmsilçilərinin parçalanmasıdır. Məsələn, Müsavat Partiyası seçkidə iştirak qərarı verdiyi halda, Əli Kərimlinin boykot qərarında israrı onun kompromissiz pozuculuq rolunda çıxış etdiyini təsdiqləyir. Təsdiq edilir ki, onu maraqlandıran seçki yox, seçki prosesi üstündə hakimiyyətin ünvanına mümkün qədər ittiham bəhanələri istehsal etməkdir. Daimi boykot siyasəti yürüdən siyasi partiyalar ölkənin siyasi sistemindən özlərini sürətlə çıxdaş edirlər. Bu amil bir daha sübut edir ki, sonrakı mərhələlərin seçki-siyasi proseslərində boykotçu radikallara yer olmayacaq. Əli Kərimli siyasi sistemdə özünü tam inkar və yoxetmə yolundadır və bu seçimin bütün məsuliyyəti şəxsən onun öz üzərindədir. Əgər onun iddia etdiyi kimi "on, yüz minlərlə" tərəfdarı varsa, bu insanları seçki hüququndan məhrum etmək haqqını ona heç kim verməyib. Əgər o "çoxminli" insanlar bu inhisarçılığa dözürsə, deməli onlar öz talelərnin oyuncağa çevrilməsi ilə barışır".