KÖŞƏ

Qvami Məhəbbətoğlu

Əli Kərimlinin gənclərə moizə oxumağa haqqı yoxdur

21 fevral 2019 11:52
3303

Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin böyük rolu vardır. Belə ki, onlar müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərir, respublikamızın ümumi inkişafına töhfələr verirlər. Üstəlik, bu gün Azərbaycan gənclərinin sorağı dünyanın bir çox ölkələrindən gəlir. Ölkə başçısı cənab İlham Əliyev də onların bu fəallığını həmişə yüksək dəyərləndirir. Daha doğrusu, vətənpərvər gəncliyin formalaşması üçün ardıcıl və sistemli tədbirlər həyata keçirir. Bu mənada Azərbaycan dövlətinin gənclər siyasəti dünya miqyasında təqdir olunur və öyrənilir. Təsadüfi deyildir  ki, Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Elə bu kimi səbəblərdən gənclər dövlət başçımızın ətrafında daha sıx birləşirlər. Amma belə sağlam birlik mitinqləri alver alətinə çevirən, bu cür aksiyalarla xalqa gün ağlamaq fonu yaratmağa çalışan, öz siyasi ambisiyalarının girovuna çevrilən, demokratiyanı anarxiya kimi başa düşən, öz kiçik partiyasının idarə edə bilməyən  Əli Kərimlinin heç də ürəyincə deyil. Odur ki, o, sosial şəbəkələrdə Vətən, millət məfhumlarından istifadə edərək yalan vədlərlə bəzi gəncləri yoldan çıxarmağa, onları öz fitnəkar niyyətlərinə alət etməyə səylər göstərir. Amma Əli Kərimli unudur ki, sağlam ruhlu, Vətənə, xalqa xidmət etmək istəyən bugünki gənclik  məhz onların hakimiyyətdə olduğu dönəmdə ölkənin sərvətlərini talamalarını, eləcə də gənclərin sarsıdıcı zərbələrə məruz qaldıqlarını, ağır günlərini yaşadıqlarını, çaşqınlıq içərisində olduqlarını yaxşı bilir.

Üstəlik, bu günün gəncləri yaxşı bilirlər ki, Vətən, millət təəssübkeşliyindən çox-çox uzaq olan Əli Kərimlinin onlara məsləhətlər verməyə, moizələr oxumağa heç bir mənəvi haqqı yoxdur. Məgər Vətən təəssübünü çəkən “lider” də öz öğlunu - Türkel Kərimlini hərbi xidmətdən yayındırarmı? Onu illərlə “işgüzar səfər” adı altında İngiltərədə, daha sonra ABŞ-da gizlədərmi? Halbuki oğlu həmin ölkələrdə Əli Kərimlinin milləti satmaqla xarici havadarlarından əldə etdiyi qrantlar hesabına eyş-işrətlə məşğuldur. Artıq oğlunun belə məclisləri sosial şəbəkələrdə də yer alıb. Olmaya bunlardan xəbəriniz yoxdur, Əli bəy? Cənab Prezidentin oğlu Heydər Əliyev isə Vətən qarşısında öz borcunu ləyaqətlə yerinə yetirir. Bu mənada Heydər Əliyevin hərbi xidmətdə olduğunu, radikal, dağıdıcı müxalifəti təmsil edən Əli Kərimlinin oğlu Türkel Kərimlinin isə Londonda istirahətini əks etdirən fotolarının müqayisəli təqdimatının böyük rezonans doğurduğu təbiidir. Şübhəsiz,  bu əlahəzrət fakt vaxtaşırı gənclərə müraciət edən, antimilli ünsür Əli Kərimlinin həyat tərzini və mahiyyətini tam çılpaqlığı ilə ortaya qoyur.

Adama deyərlər, ay Əli Kərimli, sən əvvəlcə, fərari oğlunun Vətən qarşısında borcunu yerinə yetirməsi üçün ölkəyə gəlməsini və bir əsgər kimi həqiqi hərbi xidmət keçməsini təmin et, heç olmasa ondan sonra Vətəndən, o cümlədən gənclərdən danış. Axı sənin oğlun da bu müstəqil ölkənin vətəndaşıdır, o da  Vətən qarşısında borcunu yerinə yetirməlidir. Axı sən hansı haqla gəncləri aldatmaqla, vətənpərvərlik duyğularından sui-istifadə etməklə onları öz ətrafına toplamağa çalışırsan? Bu mənada öz oğluna sahiblik edə bilməyən kəsin belə böyük iddialara düşməsi yalnız gülüş doğurur. Atalar bu yerdə deyiblər: utanmasan, oynamağa nə var...

Bəli, bu gün yetişən gənc nəsil həqiqətən də öz məkrli niyyətlərini həyata keçirməyə çalışan Əli Kərimlinin yalan vədlərindən təngə gəlib. Üstəlik, qabiliyyətsiz, xəyanətkar Əli Kərimlinin indiki hakimiyyətə alternativ ola bilmədiyinin fərqindədirlər. Odur ki, gənclər ölkəmizdə sabitliyi pozmağa çalışan, antiazərbaycan dairələrin əl ağacına çevrilən bu ünsürün çağırışlarına əsla məhəl qoymurlar. Bu xəyanətkarın hiyləgər gedişləri, siyasəti heç bir effekt vermir və verməyəcək də.