KÖŞƏ

Zahid Rza

Əli Kərimlinin oyunbazlığı, yaxud mitinq taktikası iflasa məhkumdur

30 oktyabr 2019 20:01
2126

Son günlər erməni lobbisinin və anti-Azərbaycan şəbəkənin maliyyə dəstəyi ilə fəaliyyət göstərən bəzi xarici qurumların və xüsusi xidmət orqanlarının toruna düşən, müxtəlif yollarla, saxta sənədlərlə “siyasi mühacir” adı ilə Avropanın ayrı-ayrı ölkələrinə sığınaraq oralarda sərsəri, iyrənc həyat tərzi keçirən bir qrup anti-milli ünsürlər ölkəmizin əleyhinə şər-böhtan, “qara piar” kampaniyasını həyasızcasına davam etdirirlər. Mayası xəyanətkarlıqla yoğrulan, səbatsız, milli mənlik şüurundan, vətənpərvərlik hissindən, torpaq, el-oba təəssübündən məhrum bu marginalların xəyanətkar fəaliyyətlərində hərəkət trayektoriyasına, hədəflərinə diqqət edərkən açıq-aydın görünür ki, onlar bu Azərbaycan əleyhinə təbliğatın yalnız bir parçasıdırlar.

Şübhəsiz, bu anti-milli dəstənin son günlər sosial şəbəkələrdə, o cümlədən “Youtoube” və “Facebook”da fəallaşmasını heç də təsadüfi hesab etmək olmaz. Belə ki, oktyabrın 25-26-də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün ölkəmizdə keçirilməsi, orada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsi ilə bağlı yekun sənədin qəbulu Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması, tədbirdəki 159 nümayəndə heyətinin birmənalı şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərini və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan qəti mövqeyini təsdiq etməsi dünya ermənliyini, onların təsiri altında olan bəzi dairələri, həmin qüvvələrin maliyyələşdirdiyi “sapı özümüzdən olan baltları” hərəkətə gətirib.

AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, ermənilərlə işbirliyində olması çoxdan təsdiq olunmuş Arif Məmmədov kimilər demək olar hər gün Qənimət Zahidin, Tural Sadıqlının, Sevinc Osmanqızının internet TV-lərinə çıxaraq bu beynəlxalq tədbiri pisləmək, gözdən salmaq üçün qarayaxma kampaniyasını daha genişləndiriblər. Öz cılız səviyyəsi, qaranlıq əməlləri ilə ictimaiyyətdə ikrah doğuran bu qüvvələrin Zirvə Görüşü ilə bağlı dedikləri düşmən Ermənistanın ölkəmizin əleyhinə apardığı anti-Azərbaycan kampaniyası ilə üst-üstə düşür. Görünən odur ki, oktyabrın 19-da Bakıda AXCP sədri Ə.Kərimlinin və dəstəsinin icazəsiz mitinq adı ilə oyunbazlıqları məhz bu tədbirdən əvvəl respublikadakı sabitliyi və təhlükəsizliyi pozmağa, ölkənin beynəlxalq imicini korlamağa hesablanmış bədnam və çirkin “taktika” olub.

 Biz əvvəllər də- 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə I Avropa Oyunları və digər beynəlxalq tədbirlər zamanı məlum düşərgənin belə çirkin əməllərinin şahidi olmuşuq. Belə ki, bu anti-milli ünsürlər, öz ölkəsinə, onun milli maraq və mənafelərinə qənim kəsilmiş xəyanətkarlar əvvəlcə demokratiya, insan hüquqları, sərbəst toplaşmaq azadlığı və s. ilə bağlı həqiqətdən uzaq, qeyri-obyektiv, qərəzli məlumatları sosial şəbəkələrdə yayırlar. Yəni, onları media vasitəsilə anti-Azərbaycan qüvvələrə ötürürlər. Təpədən dırnağa, sümüyünə, iliyinə qədər Azərbaycan əleyhdarları olan həmin təşkilatlar da o məlumatların, şər-böhtanların rəngini bir az da tündləşdirərək Qərbin müxtəlif dairlərinə sızdırırlar. Bu antimilli, marginallşamış dəstə öz ağalarının göstərişi ilə informasiya məkanında, necə deyərlər, “peşəkarcasına” xaotik, pərakəndə bir vəziyyət yaratmaq, cəmiyyəti çasdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Bütün bunlar satqınlığın, xəyanətkarlığın, mənəviyyatsızlığın, ən əsası isə Vətən əxlqından, xalq, torpaq təəssübündən çox-çox uzaq olmanın təcəssümü və pik nöqtəsidir.

Təbii ki, ictimaiyyətimiz çox haqlı olaraq özlərini cəmiyyətə müxalifət partiyasının “lideri”, “bloqqer”, “azadlıq carçıları” kimi sırımağa çalışan belələrini qəbul etmir.

Bu gün birmənalı olaraq demək olar ki, Avropanın müxtəlif ölkələrindəki antiazərbaycan qüvvələr, erməni lobbisinin təsiri altında olan təşkilatlar, müəyyən xarici xüsusi xidmət orqanları tərəfindən təşkilatlandırılaraq bir şəbəkə halına gətirilən bu marginallar artıq gözlənildiyi kimi, cəmiyyətimizin kütləvi qınağına tuş gələrək fiaskoya uğrayıblar. Bu merkantillərin dövlətimizin mənafeyinə, milli maraqlarımıza zidd, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirən xəyanətkar əməlləri cəmiyyətimiz tərəfindən çox ciddi təxribat kimi dəyərləndirilərək qətiyyətlə rədd edilir.