18 noyabr 2019 20:19
2231

Əllərdə, könüllərdə və dillərdədi bayraq!...

Bayraq günündə bir daha əmin olduq ki, Azərbaycan əsgəri məmləkət boyunca əllərdə, könüllərdə və dillərdə qərarlaşmış bayrağımızı yaxın vaxtlarda işğaldan azad edəcəyi torpaqlarda da dalğalandıracaq.

Bayrağımız, varlığımızdı, bəxtiyarlığımızdı...

Bayraq Gününü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçi bəyənatının ovqatıyla qarşıladıq: Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi. Əllərdə, könüllərdə və dillərdə qərarlaşan bayrağımızı ruhumuzun, Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş əzminin, döyüş əzminin zəmanətiylə qələbə ruhunun bəyənatı daha möhtəşəmliklə dalğalandırır...

Duyğularımın sığalı-tumarı olduğuna görə, düşüncələrimin dadı, ruhumun adı olduğuna görə, torpağı Vətənləşdirdiyinə görə, yaşantılarımı torpağa köklədiyinə görə könlüm şeiriyyət üzünə həmişə açıq olub. Könlüm qubarlananda da, hoyuma şeir, şeiriyyət yetib, ürəyim sevincimə darlıq eləyəndə də...

Şair Yusif Nazim Ərəbsoyun “Bayraq” şeirini oxudum. Şeir kimi oxudum, sevgi duası kimi dərk etdim...

Türk şairi Akif Nihat Asya bayrağa “savaşın qartalı” deyirdi, “yüksək yerlərdə açan çiçəyim” deyirdi. Gözəl deyirdi. Bayrağımızı savaşın qartalı bilən Azərbaycan əsgəri onu yaxın vaxtlarda işğaldan azad edəcəyi torpaqlarda da dalğalandıracaq!

Ötən ilin aprel döyüşləri hamı kimi məni də bir boy dikəltdi. Lələtəpədə, Bayraqtəpədə gözəlim Bayrağımızı bağrıma basdım. Bu ünsiyyətin ömürləşən anlarını Cıdır düzündə də yaşamaq, var səsimlə hayqırmaq istəyirəm: “Bayrağım - Vətənim!”, “Vətənim - bayrağım!”.  Bu, Azərbaycan əsgərinin vətənsevərliyinin qüdrətidi, “Bayraq”  şeiri bu qüdrətin zərrəsidi...

Bu şeir ürəyimi dağa döndərib. Yayın bürküsündə arzulanan meh bilirəm bu şeiri, dan üzü gözəlim çiçəklərin ləçəklərində alışan şeh bilirəm, göy üzünü gözəlləşdirən qövsi-qüzeh bilirəm. Şeiriyyətin qüdrətidi bu, fikrin şeiriyyətinin - şeirin qüdrətidi. Oxuduğum andan misraların, bütövlükdə şeirin cazibəsindəyəm. Bayrağa sevgini, Bayrağa sevginin şeirləşməsini sezənlər şeirin poetexnikasını bəyənir, mahiyyətini ruhuna can ortağı bilir. Bayraq naminə şəhid olanların, bayrağı şəhidin son örtüyü bilənlərin adından yazılıb sanki. Ona görə bunca duyğusaldı, ona görə oxuyanın ürəyinə hopur, ona görə oxunduqca oxunur...

“Varsansa, demək, məmləkətim var” - Vətən sevgisinə söykənən qətiyyətdi. Bu qətiyyətə biət bildiyim inamdı. Bu inama söz ömrü verən misradı; belə olduğu üçün “Yaşa, bayraq!” - deyir şair. Həm də o qədər səmimiyyətlə deyir ki! Xalqın, millətin adından deyir...

O qətiyyət, o biət, o inam bir istək, dönməz bir amal üçün deyilib: “Sancıl Şuşada torpağa, bayraq, daşa bayraq!”. Lələtəpə, Bayraqtəpə zəfərini qazanan Azərbaycan əsgərinin adından deyilib. Şeir ona görə belə könüləyatımlıdı, ona görə belə çılğındı, bu istək ona görə yerə-göyə sığışmır...

“Əllərdə, könüllərdə və dillərdə qərar tut”. Sənə, mənə - bizə ünvanlanmış tövsiyədi. Dədə Qorqudluq var bu  tövsiyədə. Eşidilməli, əməl edilməli, yaşadılmalı tövsiyədi. Bu tövsiyənin bircə anlamı var: əllərdə, könüllərdə və dillərdə qərar tut ki, “Olsun bu Vətən torpağı başdan-başa bayraq!..”. Nə qədər möhtəşəm deyilib! Nə qədər möhtəşəmliklə oxunur, dərk edilir! Nə qədər yaşadılmalı istəkdi!

İstək müqəddəs istəkdi, min illərin bətnindən süzülüb gəlir kimi dərk edilməlidi, belə yaşadılmalıdı. Vətənin istəyidi bu istək! Bu istək mənə “Vətən istəyərsə, Vətənə görə, Candan keçənlərin sırasındayam!” misralarını yazdırmaq gücündəymiş...

Yusif Nazim Ərəbsoyun “Bayraq” şeiri nəyi xatırladır? - Türkiyənin istiqlal savaşını: Çanaqqala ətrafında bir alay tamamilə şəhid olub. Mehmetcik ağır yaralıdı. Təkdi. Əlindəki bayrağa baxır. Baxıb köksünə sıxır. Gözləri dolur. Çarəsizliklə göy üzünə boylanır. Bir qədər aralıdakı ağacı görüncə gözlərinin işığı artır elə bil. Son gücünü toplayır. Dirsəklənir. Ayağa qalxır. Alayın bayrağını ağacın budağına sancmağa gücü çatır. Və son nəfəsini çəkir. Üzündə şükranlığa bükülü bir təbəssüm donur...

Yusif Nazim Ərəbsoyun “Bayraq” şeiri  həm də Qarabağda gedən döyüşləri xatırladır:

...Əks-hücum səngiyir. Kapitan Yusif Mirzəyev sövq-təbii, sağ tərəfdə vuruşan əsgərə baxır. Əsgər tərpənmir. Səsləyir. Cavab gəlmir. Qəlbinə daman damır; əsgər şəhid olub...

Rəhimin sol əli sinəsinə uzalı qalıb. Barmaqlarının arasında Azərbaycanımızın üçrəngli bayrağı  qapanıb. Yusifin gözləri dolur. Dodaqlarını dişləriylə sıxıb Rəhimin üstünə döşənir. İçin-için ağlayır. Başını qaldıranda başqa döyüşçüləri  də ətrafında görür. Hamısının yanağı boyunca göz yaşları axır. Hamısının əlində Azərbaycanımızın bayrağı dalğalanır. Hamısı döyüşə bayrağımızla qoşulubmuş. Hamısı bayrağımız eşqinə vuruşurmuş. Hamısı bayrağımızı şəhidlik kəfəni bilirmiş...

Dövlət bayrağının işığında vuruşanlar məğlub olmur, ya qələbə qazanır, ya şəhid olur. Azərbaycan əsgəri kimi...

Azərbaycan əsgəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində ictimailəşmiş “...Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” - bəyanatını Azərbaycan bayrağının qüdrətinin bəyanatı bilir...

Yusif Nazim Ərəbsoyun “Bayraq” şeiri Azərbaycan əsgərinin mənəvi dünyasının şeiridi, Azərbaycan əsgərini Böyük Qələbəyə səsləyən şeirdi...

Azərbaycan əsgəri deyir ki, yaxın vaxtlarda Vətən torpağı başdan-başa bayraqlaşacaq, biz bayraqlaşdıracağıq!..

Rəşid Faxralı