13 dekabr 2019 11:25
1589

Elm və mədəniyyətin təbliği dövlətçiliyimizin əsas istiqamətlərindəndir

Keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük inamla baxan xalqlar daim tarixin sərt sınaqlarından üzüağ çıxır, davamlı inkişafı ilə diqqət mərkəzində olur. Azərbaycan xalqı bu gün təsadüfən dünyanın 10 xoşbəxt ölkəsi sırasında yer almayıb. Zəngin tarixə, mədəniyyətə, ədəbiyyata, milli-mənəvi dəyərlərə malik olan xalqımız bütün dövrlərdə tarixinə sahib çıxmış, onu parlaq səhifələri ilə daha da zənginləşdirməyə səy göstərmişdir.

Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq, bu mühüm məqamın şahidi olarıq. O, daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxararaq, bu gün hər sahədə təcrübəsi nümunə olan, beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyan ölkəmiz üçün möhkəm baza formalaşdırıb. Nəzərə alsaq ki, hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli-mənəvi dəyərlərində ehtiva olunur, bu halda ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünü məhz ziyalılarla keçirməsinin də nə qədər böyük əhəmiyyətə malik, bu günümüzə və gələcəyimizə hesablanmış mühüm addım olduğunu daha dərindən dərk edə bilərik. Ümummilli Lider tariximizə sahib çıxmağı, tariximizin saxtalaşdırılmasına yol verməməyi qarşıya mühüm vəzifə kimi qoymuşdur. Onun milli-mənəvi, dini dəyərlərimizin, dilimizin qorunması, tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması yönümündə atdığı davamlı addımların miqyası genişdir. Dahi şəxsiyyət, eyni zamanda, gənclərə bu çağırışı edirdi ki, tariximizi yaxşı öyrənin, dilimizi, milli-mənəvi dəyərlərimizi qoruyun. Ulu Öndərin 2001-ci il 18 iyun tarixli “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları, eyni zamanda, milli-mənəvi dəyərlərimizin, adət-ənələrimizin qorunmasına xidmət edən 2001-ci il  13 avqust tarixli bəyanatı da deyilənlərin təsdiqidir. Gənc nəslin milli ruhda tərbiyə olunmasının prioritetliyi bütün dövrlərdə aktuallığını qoruyub.

Son 16 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında bu kimi məsələlərə ayrı-ayrılıqda diqqət yönəldərək konkret tapşırıqlarını vermişdir. “Müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub” söyləyən dövlətimizin başçısı qeyd etmişdir ki, bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir: “Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir.” Cənab İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da məhz bu məqsədə xidmət edir. Sirr deyil ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Məhz bu problemlərin həlli məqsədilə imzalanan sənədə əsasən dövlət dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs yaradıldı.

Dövlətimizin başçısı AMEA-nın illik ümumi yığıncağında ədəbiyyat üzrə araşdırmaların da davam etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır: “Çünki ədəbiyyatımız dünya ədəbiyyatının inkişafında çox böyük rol oynamışdır. Biz haqlı olaraq bu barədə qürur hissi ilə danışa bilərik.” Cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsində də məqsəd Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yeri təbliğ etmək, gənc nəslə çatdırmaqdır. Əvvəldə də qeyd etdiyimiz kimi bu ənənələrin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Dahi klassiklərimiz Ü.Hacıbəylinin, M.Maqomayevin, S.Vurğunun, C.Cabbarlının, M.S.Ordubadinin, Aşıq Ələsgərin yubileyləri məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilib, bəzilərinin ev-muzeyləri yaradılıb. Hazırda həmin ev-muzeylərində Azərbaycan xalqının dahi şəxsiyyətlərinin zəngin irsi və yaradıcılığı geniş tədqiq və təbliğ edilir.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan ədəbiyyatının inkişafında Nəsiminin xidmətlərini belə ümumiləşdirdi: “Sovet ideologiyasının qoyduğu məhdudiyyətlər və çərçivələr Nəsiminin Azərbaycan ədəbiyyatının, fəlsəfəsinin, mədəniyyətinin inkişafında oynadığı rolu vaxtında tam şəkildə geniş ictimaiyyətə çatdırmağa imkan vermirdi. Bu birtərəfli yanaşma isə Nəsiminin az qala ateist kimi təqdim edilməsinə şərait yaradırdı. Amma fakt odur ki, Nəsiminin bütün əsərlərində “Qurani-Kərim”ə və hədislərə istinadlar var. Onun ilk mənbəyi də müqəddəs kitab idi. Hətta öz fikirlərini “Qurani-Kərim” əsasında yayırdı. Nəsimi insana böyük dəyər verir, onu ucaltmaqla bir növ gələcək təhlükələrdən qorumaq istəyirdi.”

Dilçi alim vurğuladı ki, Azərbaycanın dərin dini-fəlsəfi biliyə malik olan görkəmli şairi Nəsiminin ədəbiyyatımızın inkişafında ən böyük xidmətlərindən biri Azərbaycan dilində fəlsəfi qəzəlin banisi olmasıdır: “Ona qədər Azərbaycan dilində fəlsəfi qəzəl yazan olmayıb. Həmin dövrdə ana dili ilə yanaşı, ərəbcə və farsca əsər yazan ilk Azərbaycan şairi də Nəsimi olub. İnsan zəkasının və gözəlliyinin tərənnümçüsü olan şairin yaradıcılığına xas olan digər xüsusiyyət odur ki, Nəsimi bütün əsərlərini əruz vəznində yazıb. Əruz vəzni bizə ərəb dilindən gəlib. Nəsiminin xidmətlərindən biri odur ki, o, əruz vəznini dilimizə tətbiq edərək Azərbaycan dilinin təkmilləşdirilməsi və türk əruzunun formalaşmasına mühüm töhfələr verib.”

“Nəsiminin 650 illik yubileyinin qeyd olunması o dövrün ideologiyasına, fəlsəfəsinə uyğun olaraq Nəsimi ideyalarını elmi cəhətdən əsaslandırmaq, həmçinin əsərlərini elmi şəkildə tədqiq etmək, dərin fəlsəfi məna tutumunu araşdırmaq və olduğu kimi Azərbaycan cəmiyyətinə, o cümlədən elmi ictimaiyyətə çatdırmaq, onu dünyaya tanıtdırmaq üçün bir fürsətdir” söyləyən dilçi alim bildirdi ki, olduqca melodik, zəngin, ahəngdar, şəffaf dildə yazan Nəsimini sevmək və sevdirmək lazımdır. Onu sevdirmək elə Azərbaycan dilini sevdirməyə bərabərdir. Nəsiminin böyüklüyü də ondadır ki, o, ana dilimizdə şah əsərlər yaradıb, işlətdiyi söz, ifadə və anlayışlarla bizim dilimizi zənginləşdirib.

Ulu öndər Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirirdi ki, yubleylərin keçirilməsi bir tərəfdən yubilyarın xalq, ölkə, dünya qarşısında xidmətlərini bir daha təbliğ və nümayiş etdirmək, digər tərəfdən müasir nəslin ona bəslədiyi hörmət və ehtiramı bildirmək deməkdir. İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır. 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir.

Tariximizin öyrənilməsi, indiki və gələcək nəslə çatdırılması da prioritet məsələlərdəndir. “Mən çox şadam ki, tarixçilərimiz çox sanballı və əsaslı əsərlər yaradırlar” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, təhrif olunur. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan xalq Cümhuriyyəti ili” elan edilməsi Azərbaycanın dövlətçilik tarixinə böyük töhfə kimi dəyərləndirildi. “Azərbaycan Xalq Cümhuriyyəti ili” Azərbaycanın bu illərdə keçdiyi keşməkeşli və şərəfli yola bir daha işıq saldı. “Azərbaycan xalqı aciz deyil, onun qəhrəmanlıqla dolu keçmişi var” söyləyən ulu öndər Heydər Əliyevin bu çağırışı bütün dövrlər üçün öz aktuallığını qorumalıdır: “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın.”

Azərbaycanın bu uğurları cari ildə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsini şərtləndirdi. Sessiyasının iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarix mərkəzi” adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi təqdirəlayiq və qürurverici hadisədir. Dünyanın müxtəlif ölkələrindən 2500-dən çox nümayəndənin qatıldığı belə mühüm tədbirdə  Azərbaycanın bu uğuru bir daha dövlətimizin həyata keçirdiyi siyasətə dəstəyin, Azərbaycan reallıqlarına yüksək dəyərin göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyevin bu münasbətlə Azərbaycan xalqına təbrikində də qeyd olunduğu kimi, son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilir.  Artıq bundan sonra Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur.”

Bu mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, ötən il Cənubi Qafqaz bölgəsinə səfərini Azərbaycanla yekunlaşdıran Almaniya Kansleri Angela Merkel “Azərbaycan ənənələri olan ölkədir” fikrini sadəcə bir fikir olaraq qeyd etməmişdir. Səfərinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə qeyd olunduğu bir vaxta təsadüf etdiyini önə çəkən Almaniya Kansleri Azərbaycanın zəngin tarixə, milli-mənəvi dəyərlərə malik olduğunu, dünya sivilizasiyasına davamlı töhfələr verdiyini xüsusi vurğulayaraq təqdir etmişdir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın tolerant ölkə olduğu, multikultural dəyərlərin inkişafı istiqamətində atdığı biri-birindən əhəmiyyətli addımlar, zəngin tarixə, elmə və mədəniyyətə malik olması öz əksini tapıb.

Nüsrət Məmmədov, "İki sahil"