14 fevral 2020 14:40
227

Elman Nəsirov: Xarici dairələrin niyyətlərinin heç bir perspektivi yoxdur

“Azərbaycan demokratik inkişaf yolunu seçib və qanunun aliliyi tam təmin edilib”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.



Millət vəkili ilk olaraq gənclər siyasəti ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirləri təhlil edib: “12 fevralda ölkə başçısı Kürdəmirə səfəri çərçivəsində ASAN xidmət mərkəzinin açılışında etdiyi çıxışda bir sıra vacib məqamlara toxundu. Xüsusilə, gənclər siyasəti ilə bağlı səsləndirdiyi fikirləri qeyd etmək istərdim. Prezident ilk növbədə gənclərin savadlı, bilikli, vətənpərvər olmasına böyük önəm verir. O, hər zaman çıxışlarında qeyd edir ki, biliyiniz, savadınız, vətənsevərliyiniz sizin taleyinizi müəyyən edir və bunun üçün ölkədə hər cür şərait yaradılıb. Gənclərin özünütəsdiqi üçün bütün imkanlar var, müxtəlif dövlət proqramları həyata keçirilir. Xaricdə təhsil layihələri reallaşdırılır. Yəni, belə bir gəncliyin formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkə başçısı gənclərlə görüşündə eyni zamanda informasiya təhlükəsizliyi məsələsinə də toxundu. Çünki bir çox hallarda beynəlxalq dairələr müxtəlif yalanlar uydurmaqla dövlətimizə qarşı, ölkədəki ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş müxtəlif dezinformasiyalar yaymağa çalışır. Onlar əsas hədəf kimi gəncləri seçirlər. Amma təbii ki, bu, mümkün deyil. Cənab Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, Azərbaycan gəncliyi vətənpərvər və savadlıdır. Ona görə də, xarici dairələrin niyyətlərinin heç bir perspektivi yoxdur. Gənclərimiz Azərbaycanın gələcəyidir. Ölkə başçısının həyata keçirdiyi dərinləşən kadr islahatları onları da əhatə edir. Gənclərin irəli çəkilməsi, onlara etimadın artırılması əsas prinsiplərdən biridir”.

E.Nəsirov ASAN xidmət platformasının dövlətin inkişafına töhfəsindən də danışıb: “Cənab Prezident ASAN xidmət mərkəzi ilə də bağlı bir sıra fikirlər səsləndirdi. O, qeyd etdi ki, bu mərkəz korrupsiyaya qarşı mübarizə prosesində mühüm hadisədir. Dünyanın istənilən ölkəsində neqativ hallar var. Amma Azərbaycanda belə bir ASAN xidmət modelinin yaradılması ona gətirib çıxarır ki, neqativ halların qarşısı alınır. İnsanlara xidmət sahəsində bu, inqilabi hadisədir. Başqa ölkələrdə də oxşar təcrübəni öyrənirlər. BMT səviyyəsində çox yüksək qiymət verilib. Xidmət aspektindən yanaşsaq, bu model insanların məmnunluğuna gətirib çıxarır. Doğrudan da innovativ bir addımdır. Ölkə başçısının 2020-ci ili “Könüllülər ili” elan etməsi də boşuna deyil. Həm müxtəlif beynəlxalq yarışlarda, həm də ASAN xidmət sferasında könüllülərin rolu böyükdür. Nəticə etibarilə məmnunluq səviyyəsi artıq 100%-ə yaxınlaşıb”.

Millət vəkili Prezident İlham Əliyevin seçki prosesi ilə bağlı fikirlərini isə belə şərh edib: “Ölkə başçısı öz çıxışında qeyd etdi ki, Azərbaycanda demokratik, açıq, şəffaf seçkilər keçirilib. Demokratiya bir prosesdir və burada son yoxdur. Əgər hansısa dövlət hesab edirsə ki, demokratiyada son nöqtədədir, deməli o yanaşmanın özü yanlışdır. Biz demokratiya yolundayıq, ulu öndər Heydər Əliyev bizə bu yolu müəyyən edib və cənab Prezident həmin yolu davam etdirir. 9 fevral parlament seçkiləri də əslində, həmin istiqamətdə növbəti iri addımdır. 883 beynəlxalq müşahidəçinin mütləq əksəriyyəti də bu prosesi müsbət qiymətləndirib. 58 ölkədən müşahidəçilər iştirak edib. Hətta bəzi müşahidəçilər qeyd etdi ki, Azərbaycanda keçirilən seçkilər onların öz ölkələri üçün də nümunə ola bilər. Cənab Prezident bu məsələlərdən danışarkən vurğuladı ki, ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu (DTİHB) və AŞPA-nın ilkin hesabatında əvvəlkilərlə müqayisədə daha obyektiv yanaşma var. İlham Əliyev qeyd etdi ki, bir yer üçün təxminən 10 nəfər mübarizə aparırsa, bu, rəqabət göstəricisidir. Həmçinin ölkə başçısı beynəlxalq təşkilatların hesabatlarındakı sərbəst toplaşma azadlığı ilə bağlı fikirlərinə də adekvat cavab verdi. O, bildirdi ki, bu, yalandır, heç bir halda həqiqəti əks etdirmir. Əslində, Azərbaycanda sərbəst toplaşma azadlığına çox yüksək səviyyədə riayət olunur. Müxalifətin mitinq keçirmək istəyi sakit qarşılanır və bunun üçün də yer ayrılır. Yəni, burada heç bir problem yoxdur. Problem müxalifətin özündədir ki, israrla şəhərin mərkəzinə iddialıdır. Hansı ki, orada insanların və nəqliyyatın çox geniş hərəkəti var. Bu, yolverilməzdir. Eyni zamanda 28 May metrosunun qarşısında mitinq keçirmə istəyi isə sərbəst toplaşma azadlığı haqqında qanunun müvafiq maddələrinə ziddiyət təşkil edir”.

Deputat seçki prosesində müşahidə edilən kiçik qüsurların digər Avropa ölkələrində də olduğunu bildirib: “78 minə yaxın yerli müşahidəçi seçkini müsbət qiymətləndirib. Prezident vurğuladı ki, saxtakarlıq və seçkinin ümumi nəticələrinə təsir edə biləcək ciddi hüquq pozuntusu ola bilməz. MSK-nın dünən keçirilən iclasında 4 seçki dairəsinin nəticələrinin ləğvi ilə bağlı qərar qəbul edildi, eyni zamanda bir neçə seçki dairəsinə də araşdırma üçün müraciət olunub. Ümumən çox şəffaf, obyektiv seçki prosesi keçirildiyini deyə bilərəm. Müəyyən xırda qüsurlar və nöqsanlar üzə çıxıbsa, onlara hüquqi müstəvidə qiymət veriləcək. Çünki Azərbaycan demokratik inkişaf yolunu seçib və qanunun aliliyi tam təmin edilib”.