04 iyun 2020 10:35
1299

Elmar Məmmədov: Könüllülük insansevərlik, vətənpərvərlik, əməksevərlik göstəricisidir - VİDEO

İkisahil.TV-nin bugünkü müsahibi YAP Gənclər Birliyinin ofis rəhbəri Elmar Məmmədovdur

-Elmar müəllim, Prezident İlham Əliyevin 2020-ci ilin Azərbaycanda «Könüllülər ili» elan edilməsi barədə Sərəncamı ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunun təsdiqi oldu. Gənclərimizin könüllülük fəaliyyətini necə dəyərləndirirsiniz?

-Bu, Azərbaycan gənclərinə, könüllülərinə verilən ən böyük dəyər kimi qiymətləndirilə bilər. Öncə «Könüllülər İli»nin tarixinə ekskursiya etmək istərdim. Tarixə nəzər salsaq görərik ki, dünya tarixində müasir anlamda könüllülük fəaliyyəti anlayışı ilk dəfə XVII əsrdə Fransa ordusunda yaranmışdır. 1881-ci ildən ABŞ-da vətəndaş müharibəsi zamanı qadınlar könüllü olaraq tibbi xidmət göstəriblər. Könüllülük insansevərlik, vətənpərvərlik, əməksevərlik göstəricisidir. Müasir Azərbaycanda isə könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyəti illərindən başlamışdır. Azərbaycanda könüllülük hərəkatının genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun  vitse-prezidenti Leyla xanım Əliyevanın da rolunun əvəzsiz olmasını mütləq qeyd etməliyəm. Onların təşəbbüsü ilə həyata keçirilən bir çox layihələrdə Azərbaycanın müxtəlif regionlarında könüllülər yaxından iştirak ediblər. Diqqətə çatdırmaq istərdim ki,  Yeni Azərbaycan Partiyasının gəncləri nəinki “Könüllülər ili”ndə, prezident,  parlament, bələdiyyə seçkilərində, referendumlarda könüllülük fəaliyyəti göstərərək, Prezidentinə, dövlətinə, xalqına sadiqliyini hər zaman nümayiş  etdirirlər.

-Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə  pandemiya döründə yaşı 65-dən yuxarı,  ehtiyacı olan insanlara kömək edilməsi təşəbbüsü irəli sürüldü. Bu təşəbbüsə ilk qoşulan YAP könüllüləri oldu. Bu könüllülərin yaddaşında hansı izlər qoydu?

-Bu ilin Azərbaycanda "Könüllülər ili" elan edilməsi ilk növbədə Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin gənclərə verdikləri önəmin təsdiqidir. Ölkə başçısının reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi olmuşdur. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac vardı və əlbəttə, könüllülüyün mühüm önəm daşıması danılmaz idi. Azərbaycanda xüsusilə son illər könüllülər hərəkatının geniş vüsət aldığını müşahidə etmək mümkündür. Ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərdə könüllülər öz rollarını layiqincə yerinə yetirirlər.

Məlum olduğu kimi, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Hazırda dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən və sözün bütün mənalarında dünyanı gözəlləşdirməyə  çalışan insanların sayı on milyonlarladır. Könüllü fəaliyyətin təşkilatçısı və həyata keçirilməsi qismində  həm dövlət orqanları, həm dövlət büdcəsindən maliyyələşən təşkilatlar, həm yerli özünüidarə orqanları, həm də  qeyri-hökumət təşkilatları iştirak edə bilərlər. Könüllülük fəaliyyəti insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlir”. Ölkə həyatının bir çox sferalarında özünü doğruldaraq ümummilli hərəkata çevrilməyi bacaran könüllülük cəmiyyətimizin bütün təbəqələrinə nüfuz edərək gənclərin yaşam tərzi kimi diqqəti çəkir. Azərbaycanda «Eurovision» mahnı müsabiqəsi, I Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində könüllü gənclərin fəaliyyəti əvəzsiz rol oynayıb. Möhtərəm Prezidentimiz çıxışlarında dəfələrlə vurğulayıb ki, gənclər  cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar: "Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar."  Bu gün bir daha əmin olduq ki, Azərbaycan gəncliyi sağlam əllərdədir. Bizim arxamızda güclü Azərbaycan dövləti dayanır. Seçki prosesində gənclərin iştirakı, parlament və bələdiyyələrdə təmsil olunmaları buna misaldır.

-Məlum səbəblərdən pandemiya ilə əlaqədar bir çox layihələr təxirə salınsa da gənclərimiz yeni layihələrlə çıxış etməyi bacardılar…

- Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə kompleks şəkildə bütün parametrlər nəzərə alınmaqla aparılır. Prezidentimiz cənab İlham Əliyevin  müəyyən etdiyi qabaqlayıcı tədbirlər ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısını almağa yönəlib və öz müsbət nəticələrini göstərməkdədir. Bu gün Azərbaycan dinamik inkişafını uğurla davam etdirir. Ölkə gəncləri də bu inkişafa öz töhfələrini verməkdədirlər. Tənhaların, ahılların, aztəminatlı ailələrin, əlillərin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin sosial və məişət problemlərinin həlli, sosial müdafiələrinin gücləndirilməsi və həyat səviyyələrinin yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzindədir. Ölkədə koronavirus infeksiyasının yayılması ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi, 65 yaşdan yuxarı insanlara evdən çıxmağın qadağan edildiyi bir dövrdə həmin kateqoriyadan olan insanların diqqətə daha çox ehtiyacı vardır. Pandemiya dövründə partiyamızın gəncləri könüllü olaraq ehtiyacı olan insanların hər zaman yanında oldular. Bir çox layihələrlə öz köməkliklərini göstərdilər. Paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin,  şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər. Hesab edirəm ki, həmrəyliyimiz, insanlar arasında qarşılıqlı şəfqət, qayğı və mərhəmət hissləri, vətəndaş məsuliyyəti ilə  koronavirus kimi qorxunc kabusa qalib gələcəyik. Tezliklə xalqımız gözəgörünməz təhlükədən sovuşacaq. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi «Biz birlikdə güclüyük»!

Şəmsiyyə Əliqızı,

Yaqut Ağaşahqızı,

«İki sahil»