11 iyul 2019 17:59
73

Elmar Məmmədyarov: Avropa Şurasının yeni rəhbərliyi ilə işləməyə hazırıq

Azərbaycanın Xarici İşlər naziri Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Elmar Məmmədyarov Avropa Şurasının yeni Baş katibinin seçilməsi məsələsini qeyd edərək, təşkilatın yeni rəhbəri ilə işləməyə hazır olduğumuzu bildirib.

Ölkəmizə səfəri çərçivəsində müvafiq dövlət qurumları ilə faydalı görüşlər keçirdiyini, cəzaçəkmə məntəqəsinə baş çəkdiyini diqqətə çatdıran D.Miyatoviç səfər proqramının təşkili üçün Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Komissar azərbaycanlı məcburi köçkünlərlə görüşdüyünü qeyd edib, onların ləyaqətli yaşamaları üçün Azərbaycan hökuməti tərəfindən görülmüş işləri yüksək qiymətləndirib.

Öz növbəsində, nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşlər, eləcə də substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları barədə məlumat verib. Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu vurğulayan nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq və narahatlıq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.