24 oktyabr 2020 13:32
997

Elxan Məmmədov: Bizim təkidimizdən sonra UEFA bu qərarı qəbul etdi

"Komandalarımızın beynəlxalq turnirlərdə ev oyunlarını alternativ ölkələrdə keçirməsi barədə UEFA-nın qərarından sonra AFFA-ya dəstəyini göstərən, bununla bağlı bizə və UEFA-ya məlumat verən federasiyalar var".

"İki sahil" "Report"a istinadən xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Assosiasiya rəsmisi Ukrayna Futbol Federasiyası rəhbərliyinin AFFA ilə əlaqə saxladığını vurğulayıb: "Onlar bildirdilər ki, Azərbaycan komandalarının - həm milli, həm də klub səviyyəsində istənilən ev oyununun təmənnasız şəkildə Ukraynada təşkil olunmasına hərtərəfli dəstək göstərməyə hazırdırlar. Bu dəstəyə görə Ukrayna Futbol Federasiyasına təşəkkürümüzü bildirdik və qeyd etdik ki, gələcək oyunlarda zərurət yaranarsa, bu məsələ nəzərdən keçirilə bilər".

Məmmədov "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İspaniya "Vilyarreal"ını Türkiyənin İstanbul şəhərində qəbul edəcəyini xatırladıb: "Oyunun məhz Türkiyədə baş tutması üçün AFFA və "Qarabağ" klubu birgə UEFA ilə danışıqlar apardı və təkidimizdən sonra Avropa futbol qurumu bu qərarı qəbul etdi. Göstərdiyi dəstəyə görə Türkiyə Futbol Federasiyasına təşəkkür edirik".

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi və Azərbaycan millisi ölkədəki vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirməlidir.