20 oktyabr 2020 14:39
871

Elxan Məmmədov: "Qarabağ"la millinin oyunu neytral meydanda keçirilə bilər

Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Monteneqro ilə, "Qarabağ"ın isə Avropa Liqasının qrup mərhələsində İspaniya "Vilyarreal"ı ilə ev matçı neytral meydanda keçirilə bilər. “İki sahil” xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İTV-də yayımlanan "Bol İdman" verilişində deyib.

O, UEFA rəhbərliyinin ölkədəki məsələrlərdən xəbərdar olduğunu, mütəmadi olaraq Avropa futbol qurumunu məlumatlandırdıqlarını sözlərinə əlavə edib: "Gəncə hadisələrindən də məlumat vermişik. Təbii ki, onların xəbəri var. Xəbərlərdən görürlər, tanış olurlar. Bütün dünya bu terror hadisəsi ilə bağlı fikrini səsləndirib".

AFFA rəsmisi hər iki oyuna görə UEFA-nın xüsusi qərarı ola biləcəyini söyləyib: "Ehtimal var ki, bu iki qarşılaşma neytral meydanda təşkil edilsin. UEFA-da prosesi yaxından izləyirlər, bilirlər ki, Ermənistan tərəfindən döyüş zonasından uzaqda mülki əhaliyə raketlər atılır. UEFA riskləri də anlayır. Bu üzdən düşünürəm ki, müqafiq qərarları olacaq. Ya da icazə verəcəklər ki, Bakıda oynayaq. Növbəti 48 saat və ya həftəsonu qərar ola bilər".

E.Məmmədov oyunların hansı ölkədə keçiriləcəyi ehtimalına da münasibət bildirərə, UEFA-nın koronavirus pandemiyasına görə qərarının olduğunu və orada üç ölkə seçildiyini vurğulayıb: "Bunlar Macarıstan, Polşa və Kiprdir. Həmin ölkələr icazə vermişdi ki, pandemiyaya baxmayaraq hər komandanı qəbul etməyə hazırdırlar. Lakin burada koronavirus məsələsi deyil, bir az fərqlidir. Ola bilsin ki, həmin ölkələr tövsiyə olunsun və yaxud yeni məkanlar təklif edə bilərlər. Son söz UEFA-nındır. Məkanlarla bağlı "Qarabağ" klubu və AFFA ilə məsləhətləşəcəklər, öz sözümüzü deyəcəyik. Görüşlərin neytral meydanda və ya Bakıda olmasını UEFA müəyyənləşdirəcək".