25 iyun 2019 10:36
1299

Əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

BMT-nin Bakıda keçirilən Dövlət Xidmətləri Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Sosial İşlər naziri Aqus Qumivanq Kartasasmitanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət xidmətlərinin innovativ yanaşmalar üzərində təkmilləşdirilməsi sahəsində qabaqcıl təcrübələrin mübadiləsi, qarşılıqlı maraq doğuran məsələlərin, gələcək perspektivlərin birgə müzakirəsi, fəal əməkdaşlıq müstəvisinin formalaşdırılması baxımından BMT-nin Bakıda təşkil edilən Dövlət Xidmətləri Forumunun xüsusi önəmini vurğulayıb. O, Prezident cənab İlham Əliyevin uğurlu islahatlar proqramına uyğun olaraq, ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların ardıcıl xarakter aldığını qeyd edib, sosial ödənişlərdə edilən ciddi artımları diqqətə çatdırıb. S.Babayev dövlət sosial xidmətlərinin innovasiyaların, müasir texnologiyaların geniş tətbiqi əsasında təkmilləşdirilməsi sahəsində aparılan islahatlar, nazirliyin yeni elektron sistemləri, ölkəmizin yeni DOST layihəsi, bu layihənin üstünlükləri barədə məlumat verib. 

Azərbaycanla İndoneziya arasında münasibətlərin daim inkişaf etdiyini bildirən nazir əlaqələrin əmək, məşğulluq, sosial müdafiə, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində də genişləndirilməsi üçün imkanların mövcud olduğunu bildirib. S.Babayev İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində iki ölkə arasında əməkdaşlıqdan bəhs edib.

A.Q.Kartasasmita Azərbaycana səfərə gəlməsindən, ölkəmizdəki inkişaf proseslərinin şahidi olmasından məmnunluğunu ifadə edib. O, iki ölkə arasındaəlaqələrin inkişaf etməsinin sevindirici olduğunu, əməkdaşlıq əlaqələrinin  əmək, məşğulluq, sosial müdafiə sahələrində daha geniş şəkildə qurulması üçün səylərin göstəriləcəyini, İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə əmək və sosial müdafiə sahəsində iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti, Azərbaycan və İndoneziya arasında sosial müdafiə (pensiya və digər müavinətlərin təminatı sisteminin idarə olunmasının təkmilləşdirilməsi), əlilliyi olan şəxslərin reabilitasiyası və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi,  İƏT-in Əmək Mərkəzinin yaradılması məsələləri müzakirə olunub.