22 yanvar 2020 10:43
3395

Ən çox oxunan kitablar

Bu gün sizə dünyada ən çox oxunan kitablar haqqında söhbət açmaq istəyirik. Dünyanın ən çox oxunan kitabları sırasında hansı kitabın birinci olduğunu görəndə həqiqətən təəccüblənəcəksiniz.

Anna Frank: “Anna Frankın gündəliyi”

Kitab 2-ci Dünya müharibəsi dövründə baş verən hadisələrdən  bəhs edir. “Anna Frankın gündəliyi” adlanan bu kitab balaca yəhudi qızcığaz Annanın apardığı qeydlərə əsasən yaradılıb. Nasist işğalı zamanı Hollandiyada yaşayan insanların acınacaqlı taleyindən bəhs edən balaca qız  bu çətin dönəmdə özünün və digər sığınacaq axtarışına çıxan insanların çətin həyatlarından danışır. Ürəkdağlayıcı bu hekayə 67 fərqli dilə tərcümə olunub və 67 milyon nüsxədən çox kitab satılıb.

Napoleon Hill: “Düşün və zəngin ol”

Bir sözlə, bu kitab istənilən fəaliyyət sahəsində uğur qazanmağın 13 addımı haqqında söhbət açır . Kitabın müəllifi Napoleon Hill özü bu dərsləri sınaqdan keçirərək,  apardığı qeydlər nəticəsində gözəl bir hekayə yaradır. Gənc olduğu zamanlar çox əziyyətlərdən keçən Napoleon Hill  təhsil almaq üçün çox çalışmalı idi və onun  əziyyətlərini görən yaxın dostu Endryu Karnegi onu  bu kitabı yazmağa sövq edir. Bu kitab oxucular tərəfindən çox sevilir və kitabı oxuyan hər bir insan  sanki öz həyatına aid olan bir parçanı burada tapır.  Kitab 30 milyon nüsxə satılaraq, dünyada ən çox oxunanların siyahısına daxil olub.

Margaret Mitçel: “Küləklə sovrulanlar”

Anadan olduğu Atlanta şəhəri Margaret Mitçelin sayəsində bütün dünyada tanınır. Onun həyat hekayəsi, sanki “ Küləklə sovrulanlar” romanının qəhrəmanı Skarletin həyatının tam ekvivalentidir. Romanda qələmə alınan hadisələr vətandaş müharibəsi zamanını təsvir edib. Margaret Mitçel romanı 10 il müddətində yazıb və oxucular tərəfindən çox sevilən bu kitab 190 dəfə yenidən nəşr olunmuşdur. Hətta 1939-cu ildə ekranlaşdırılan bu roman Oskar almış ilk rəngli film kimi tarixə düşmüşdür. “Küləklərlə sovrulanlar” romanından sonra çox məşhurlaşan Mitçel çoxsaylı oxucu müraciətlərinə baxmayaraq, daha heç bir əsər yaratmır. Gənc yaşında avtomobil qəzasında həyatını itirən Margaret Mitçel özündən xatirə olaraq yalnız dillərə düşən məşhur romanını qoyur.

Stefani Mayer: “Tutulma”

ABŞ-da  Stefani Mayer tərəfindən yazılan “Tutulma” dünyada qaniçənlər haqqında ən çox oxunan bir roman oldu. Bu romanda Bella Svon və onun sevgilisi qaniçən olan  Evdard Kallenin sevgi hekayəsindən bəhs edilir. Romanda Bella sevgilisi Edvard və  dostu “canavar adam” olan Ceykoba qarşı olan hissləri arasında bir çıxış yolu tapmağa çalışır. “Tutulma” romanında yer alan mövzulardan biri də Siyetl şəhərində baş verən mistik hadisələrdir. Tənqidçilər romanın cazibədar və romantik olduğunu söyləsələr də,  bu kitaba birmənalı şəkildə reaksiya göstərərək, onun uğur qazanacağına heç inanmırdılar. Lakin buna baxmayaraq, “Tutulma” romanı müəllifinə böyük uğur gətirdi. Dünya xalqlarının 37 dilinə tərcümə edilmiş və 43 milyon nüsxə satılan bu roman  hətta 2010-cu ildə ekranlaşdırılaraq mükafata layiq görülür.

Con Ronald Ruel Tolkien: “Üzüklərin hökmdarı”

“Üzüklərin hökmdarı” XX əsrin ən məşhur və tanınmış əsərlərindən sayılır. Fantaziya janrında yazılan bu kitabda sehirli üzükdən  bəhs edilir. 1937-1949-cu  illərdə yazılan kitab, İkinci Dünya müharibəsi dövründə yazılmışdır. Əvvəlcə bircildlik əsər olsa da, sonradan 3 hissədə dərc olunmuşdur: “Üzük qardaşlığı”, “İki qala” və “Kralın qayıdışı”. Bu əsər dünya mədəniyyətində dərin bir iz buraxmışdır. Romada 103 milyon nüsxədən çox satılan kitab dünyanın ən çox oxunan kitabına çevrildi.

Samirə Tağıyeva, “İki sahil”