14 oktyabr 2020 18:22
2003

Ən çox qonorar alan aktyorlar

Keanu Rivz

Məşhur Hollivud ulduzu olan Kianu Rivz yüksək qonorar alan aktyorların sırasındadır. Rivz 1999-cu ildə amerikalı Vaçovski qardaşları tərəfindən çəkilən  “Matritsa” filmində baş rolda oynamışdır. Filmin əsas süjet xətti insanların şüurunu özlərinə tabe edən şüurlu robotlara qarşı mübarizə təşkil edir. Hər kəs tərəfindən sevilən  film  63 milyonluq büdcəsindən 7 qat artıq gəlir toplayır və böyük uğura imza atdığına görə , filmin daha iki hissəsi çəkilir.  2003-cü ildə qısa fasilələrlə bir-birinin ardınca ekranlara  çıxan “Matritsa: Yenidən Yüklənmə” və “Matritsa: İnqilab”ında Neo obrazını yenidən canlandırmaq üçün Keanu Rivzə 30 milyon dollar qonorar təklif edlir . Lakin  filmin nümayişindən gələn faizlər yüksək olduğuna görə,aktyorun ümumi qonorarı 166 milyon dollar təşkil edir.

Conni Depp

Dünyada tanınan ingilis yazıçısı Lyuis Kerolun uşaqlar üçün yazdığı “Alisa Möcüzələr diyarında” nağılı Qərb ölkələrində çox populyardır. 2010-cu ildə məşhur  rejissor Tim Berton nağıl əsasında bir film çəkməyə qərara gəlir. Filmin əsas süjetinə görə, 1 9 Yaşlı Alisa Kinqslinin həyatı gözlənilməz dəyişikliyə uğrayır. Onun şərəfinə hazırlanmış  məclisdə lord və ledi Eskotun varlı, amma ağılsız oğlu Hemiş ona evlənmək təklifİ edir. Ailə  qurmaq istəməyən qız qaçır  və gördüyü bir dovşanın arxasınca gedir. Bu dovşanı  izləyən Alisa  yolunu azaraq  və sirli tunel vasitəsi ilə Möcüzələr diyarına düşür. Alisanın  möcüzəli ölkədə qarşısına çıxan ən ekstravaqant personajlardan biri  olan “Dəlisov papaqçı” olur. Bu personajı canlandırmaq  məhz məşhur aktyor Conni Deppə  həvalə olunur . Yeni ampluada özünü doğruldan aktyor zəhmətinin qarşılığınıda görür .O, bu roluna görə 77 milyon dollar qonorar əldə edir.

Harrison Ford

İlk dəfə rejissorlar Corc Lukas və Stiven Spilberq tərəfindən yaradılan arxeoloq İndiana Cons obrazı müasir kino dünyasında özünəməxsus  yer tutmuşdur. İlk dəfə 1981-ci ildə ekranlara çıxan “İndiana Cons: itirilmiş gəmi axtarışında” filmi baş rol ifaçısı Harrison Fordun kinodakı vizit kartı olur. Rejissor Stiven Spilberqlə birlikdə Ford 1984, 1989-cu illərdə öz sevimli obrazına qayıdır. Bundan sonra isə 19 il davam edən fasilə başlayır. 2008-ci ildə köhnə duel ortaqları Spilberq-Ford xeyli yaşlaşmış İndiana Consun səyahətlərindən bəhs edən “İndiana Cons və Kristal Kələ” filmi ilə tamaşaçıların görüşünə gəlir. Soyuq müharibə dövründə cərəyan edən hadisələr zamanı arxeoloq bu dəfə əfsanəvi KristaL Kələni tapmaq üçün Sovet kəşfiyyatına yardım etməyə məcbur edilir. Bu filmə görə Harrison Ford 65 milyon dollar qonorar alır.

Leonardo Di Kaprio

2010-cu ildə dünyanın ən uğurlu rejissorlarından olan Kristofer Nolanın “Başlanğıc” elmi-fantastik trilleri ekranlara çıxır. Filmdə qabaqcıl texnologiyalardan istifadə edərək önəmli şəxslərin yuxuları vasitəsilə şüuraltına təsir göstərən və sənaye kəşfiyyatı ilə məşğul olan peşəkar oğru dəstəsinin fəaliyyətindən bəhs olunur. Dəstənin başında dayanan Dominik Kobb rolunu məhz Leonardo Di Kaprio canlardırdı.  Dərin psixoloji nüansları olan Kobb obrazına görə 37 yaşlı aktyor 59 milyon dollar qonorar əldə edir. Amerika Kino Akademiyasının 2010-cu il üzrə keçirilən “Oskar” kino mərasimində filmə 4 nominasiyada qalib gəlir.

Adam Sendler

Amerika kinokomediyalarının ulduzu Adam Sendler 2008-ci ildə çəkildiyi “Zohanla zarafat etməyin” komediyası üçün bu janrda aktyora veriləcək ən böyük qonorara sahib oldu.Uzun illərdir ki, davam edən Ərəb-Yəhudi qarşıdurmasına “qara yumor”la zəngin ironik filmdə toxunan aktyor xidmətlərinə görə 55 milyon dollarla mükafatlandırılır.

Tom Henks

2 dəfə “Oskar” laureatı Tom Henks yazıçı Den Braunun dünya bestsellerinə çevrilən “Mələklər və şeytanlar” romanının qəhrəmanı professor Robert Lenqdonun obrazını növbəti dəfə canlandırdığına görə 51 milyon dollar qonorar alır. Filmdə bədii əsərdə olduğu kimi,  din xadimlərinə qarşı sərt iddialar irəli sürdüyünə görə rəsmi Vatikan filmin nümayişinə qarşı çıxır. Bu isə öz növbəsində film üçün əlavə reklama səbəb olur və dünya üzrə 150 milyonluq büdcəyə çəkilən “Mələklər və şeytanlar” 485,9 milyon dollar vəsait toplayır.

Robert Dauni

“Dəmir Adam” trilogiyası ilə dünyanın ən bahalı aktyorlarından birinə çevrilən Robert Dauni əksər Amerika komiks qəhrəmanlarının yer aldığı “İntiqamçılar” filmində çəkilir.  Bu roluna görə o, 50 milyon qonorar əldə edir. Filmin süjet xəttinə gəlincə fövqəl qəhrəmanlar onlardan birinin – skandinav Allahı Torun qardaşı Lokinin dünyanı məhv etmək planlarına mane olmağa çalışırlar.

Uill Smit

Uill Smiti  ən bahalı qaradərili aktyor hesab etmək olar. 2004-cü ildə premyerası olan “Mən, Robotam” filmi məşhur amerikalı yazıçı-fantast Ayzek Azimovun eyniadlı hekayələr toplusuna əsas çəkilmişdi. Filmdə robotlarla insanların birgə yaşadığı uzaq cəmiyyətdə detektiv Del Spunerin araşdırmasından bəhs edir. Bu roluna görə, Uill Smit 28 milyon dollar qonorar əldə etmişdir.

Samirə Tağıyeva,"İki sahil"