26 iyun 2020 11:55
3309

Ən romantik şəhərlər

Paris

Paris şəhəri  sevginin, stilin, dəbin və gözəlliyin paytaxtıdır. Hüqo, Düma tərəfindən mədh edilmiş şəhər dünyanın hər bir yerindən sevgililəri cəlb edir. Monmartr, Eyfel qülləsi, Luvr, Fonteneblo, Yelisey çölləri, Lüksemburq bağı, Notr-Dam, Versal sarayı - burada krallar, sadə insanlar və məşhurlar aşiq olublar, seviblər və seviliblər. Burada Sena çayı boyunca kruiz zamanı romantik şam yeməyi keçirmək olar. Axşam vaxtı Parisdə gəmi ilə səyahət, fransız mətbəxinin dadlı yeməkləri və əsrarəngiz musiqi bu axşamı unudulmaz edəcək...Bu yaxınlarda Paris sevgi etiraflarının divarı ilə təchiz edilib. Onu Monmatrdakı Abes meydanının bağçasında qoyublar. Bütün divar boyunca böyük hərflərlə 31 dildə, hətta korlar üçün şriftlərlə “Mən səni sevirəm!” yazısı yazılıb.

Las-Veqas

ABŞ-da nikahlanmaq bir az çətindir. Əvvəlcə bəy və gəlin mütləq qan analizi verməlidirlər və yalnız bir aydan sonra həkimlərdən nikahlanmaq üçün icazə ala bilərlər. Bu icazə ilə sevgililər dövlət tərəfindən verilən lisenziya üçün şəhər bələdiyyə idarəsinə gedirlər. Hər ştatda bu lisenziyanın öz qiyməti var. Lakin ABŞ ərazisində iki şəhər var ki, orada toy üçün lazım olan bütün sənədlərin rəsmiləşdirilməsi üçün lazım olan prosedurlar minimuma endirilib. Las-Veqasın yaxınlığında Taxo gölündə Rino şəhəri yerləşir. Rinoda və Las-Veqasın özündə bu prosedurlar “toy konveyeri” kimi işləyir. Kilsələr gecəyarısına kimi açıqdır, toy paltarları və kostyumları kirayə verilir, şəlalə və qəsrdə gözəl mərasimlər keçirilir. Toy üçün lisenziya almaqdan ötrü heç bir analiz lazım deyil. Las-Veqasda və Rinoda 18 yaşına çatmış hər kəs evlənə bilər. Buna görə də ölkənin hər yerindən, hətta Avropadan bir-birilərinə sədaqət andı içmək üçün hamı bura gəlir.

Venesiya

Dünyanın ən romantik şəhərlərindən biri Venesiya sayılır. Venesiyada artıq doqquz əsrdir ki, hər il fevralın 6-dan 16-na kimi karnaval keçirilir. Orta əsrlərdə karnavala sevgi macəraları üçün tələsirdilər, sevgililər üçün isə belə karnavallar heç bir şahid olmadan görüşmək üçün əsl bəhanə idi. Doj Sarayındakı Tribunal və Yeni dustaqxanaları birləşdirmək üçün XVI əsrdə tikilmiş Ah-nalə Körpüsü də çox məşhurdur. Hal-hazırda burada sevgililər gəzməyi çox xoşlayırlar. Amma nə vaxtsa dustaqlar sahili yuyan dəniz səthinə sonuncu nəzərlərini tuşlayıb köks ötürərdilər.

Sankt- Peterburq

Rusiyanın toy paytaxtı. Bu şəhər ilin hər fəslində gözəldir. O, dəyişkən və gözlənilməzdir. Lakin bununla belə sakit və dincdir, lap Peterburq yağışı kimi. Şəhərin Neva çayındakı xüsusi cazibəsi bütün zamanlarda şairləri, romantikləri və xəyalpərəstləri özünə cəlb etmişdir. Peterburqa şeir həsr etməmiş bir rus şairi belə yoxdur. Yeni evlənənlər və sevgililər üçün ən məşhur yerlərdən biri ən qədim körpülərdən olan Öpüşlər körpüsüdür.

XVIII əsrdə bu körpü Moyka çayı üzərindən atılmış bir neçə taxtadan ibarət idi. Sonradan körpü məhəccər barmaqlıqlarla təchiz edilmişdir. Daha sonralar isə genişləndirilərək piyada körpüsündən nəqliyyat vasitələri üçün istifadə edilən körpüyə çevrilmişdir. Şəhərdə hər il avtomobil sayı artdığına görə hər rekonstruksiyadan sonra Öpüşlər körpüsü daha da genişlənmişdir. Bu körpünün qeyri-adi adı Peterburqda onun haqqında bir çox romantik əfsanələrin yaranmasına səbəb olmaya bilməzdi.

Belə hesab edilir ki, körpünün üzərində və ya əksinə altında öpüşmüş sevgililər mütləq xoşbəxt olacaqlar və onların öpüşləri nə qədər uzun çəksə, gələcəkdə onları bir o qədər səadət gözləyir.

Sankt-Peterburqun küçələrində özünəməxsus sirlər yatır. Peterburqlular deyirlər ki, məhz hardasa burada sevginin özü yaşayır. Bəlkə də buna görə bu şəhərin hər bir sakini az da olsa romantikdi, peterburqluların üzündə isə hər zaman mehribanlıq və səmimilik var. Bəlkə də elə buna görə nikahın sirrinə bu şəhərdə xüsusi yanaşırlar. Bəlkə də buna görə bu şəhərdə nikahlar VVAQ-da deyil, qəsr və saraylarda qeydiyyatdan keçirilir. Bu çoxdan adət halını alıb və hətta sovet dövrü də bu adəti dəyişə bilməyib.

Verona

Verona şəhəri Romeo və Culyettanın sevgi məkanıdır . Burada olduğu kimi başqa heç bir yerdə iki sevgilinin hekayəsini xatırlayaraq öz sevginizin dəyərini bilə bilməzsiniz. Uilyam Şekspir bu şəhər haqqında bu sözləri  söyləmişdi: “Veronadan savayı dünya yoxdur, yalnız məşəqqət, əzab, cəhənnəm var. Kim ki bu şəhərdən sürgün edilib, dünyadan sürgün edilmiş sayılır. Dünyadan sürgün edilən isə artıq ölüdür”.

Praqa

Avropada öz koloriti və həyat ritmi ilə insanı özünə cəlb edən çoxlu rahat və kiçik şəhər var. Lakin yalnız Praqada insanı valeh edən sevgi və müəmma qoxusu yeni evlənənlər və sevgililəri buraya maqnit kimi çəkir. Hər şey çox sadədir. Praqa əsrlər boyu özündə sirlər saxlayan ən qədim şəhərlərdəndir. Yalnız bir Zlata küçəsi, hansı ki, vaxtilə əlkimyaçılar yaşayıblar özündə bir çox əfsanə qoruyub saxlayır. Şəhər infrastrukturu gözəl bağlar və parklarla, dəbdəbəli qəsrlərlə, saraylarla, kostyollarla, baş kilsə və kilsələrlə gözəl həmahəng təşkil edir. Praqada hətta kiçik Venesiya da var. Dar küçələr boyunca uzanan, ətirli və çiçəklənən kollarla dolu kanallarda qayıqla üzməkdən romantik nə ola bilər. Hara getməyinizdən asılı olmayaraq: istər Qədim şəhər meydanına, məbədə və Bələdiyyə binasına, yaxud Mərkəzi Avropada ən qədim tikililərdən olan Karl körpüsünə, sizi hər tərəfdən nadir memarlıq üslubu və nağıllar aləmi əhatə edəcək.

Müqəddəs Svitta kilsəsi ilə haşiyələnmiş Praqa məhəlləsindən görünən panorama təkraredilməzdir. Pyotr təpəsindən gözəl mənzərə açılır. Burada məşhur Eyfel qülləsinin kiçildilmiş surəti olan müşahidə qülləsi yerləşir. Şübhəsiz ki, Praqa dünyanın ən möcüzəli şəhərlərindən biridir, hansı ki, elə bil məhz sevgililər üçün tikilib. Praqa bağları  isə bir incəsənət əsəridir. Bu bağlar qədimdən bəri yerli bağbanların ustalığı ilə məşhurdurlar. Səliqəli qazonlar, çiçəkli xalçalar, gölməçələr, fəvvarələr və xiyabanlar boyu gəzən tovuz quşları. Praqada nikah bağlamaq bəlkə də xaricdə toy eləmək üçün ən mümkün təklifdir. Əla və münasib qiymətli otellər, cürbəcür toy paketləri sizin arzu etdiyiniz toyu büdcənizə uyğun şəkildə həyata keçirməyə imkan verir.

Samirə Tağıyeva,

“İki sahil”